19 fevral 2026 20:10
116

 Naxçıvan dəmir yolu layihəsi Avropa ilə Mərkəzi Asiyanı birləşdirəcək - ŞƏRH

Orta Dəhlizin mühüm həlqələrından biri olan Naxçıvan dəmir yolu xətti Çin-Mərkəzi Asiya-Xəzər-Azərbaycan-Türkiyə-Avropa xəttini qısaldır. Beləliklə, Azərbaycan Avrasiya logistikasının əsas ölkəsi rolunu oynayacaq. ABŞ və Avropa İttifaqı (Aİ) bu lahiyəyə xüsusi maraq göstərirlər. Avropa Komissiyasının rəsmilərinə görə Aİ Naxçıvanda dəmir yolu şəbəkəsinin inkişafını geosiyasi maraqları konkret infrastruktur həllərinə çevirməyə, Cənubi Qafqaz regionunda uzunmüddətli sülh və iqtisadi artım üçün əsas olmağa qadir strateji prioritet kimi görür.

2026-cı il yanvarın 29-da Avropa İttifaqı və Azərbaycan Aİ-nın Qlobal Dəhliz (Global Gateway) təşəbbüsü və bu yaxınlarda təqdim edilmiş Regionlararası Bağlantılar Proqramı çərçivəsində tərəfdaşlıqlarını gücləndirmək barədə razılığa gəlməsi bunun bariz göstəricisidir. Tərəflər birlikdə nəqliyyat, rəqəmsal, enerji və ticarət sahələrində davamlı və sabit əlaqələr sayəsində yeni iqtisadi imkanlar açmaq, uzun müddətdə ortaq rifah, əməkdaşlıq və sülh təşviq etmək məqsədi güdürlər. Bu çərçivədə Aİ və Azərbaycan Avropa Yenidənqurma və İnkişaf Bankı ilə birlikdə Naxçıvan dəmir yolu layihəsinin hazırlanması üçün texniki-iqtisadi əsaslandırma işlərinə başlamaq barədə razılığa gəliblər.

Bu, Azərbaycanda və daha geniş regionda mobilliyi və iqtisadi axınları yaxşılaşdırmaq baxımından vacib investisiyadır. Bu dəmir yolu 15 günlük planlaşdırılmış tranzit daşınma müddətində Avropa ilə Mərkəzi Asiyanı birləşdirməyi hədəfə alan daha geniş Beynəlxalq Trans-Xəzər Nəqliyyat Marşrutunun (Orta Dəhliz) bir hissəsini təşkil edir. Avropa və Asiya arasında marşrutların şaxələndirilmiş, etibarlı və sabit olması ortaq strateji maraqlara xidmət edir. Onların verdiyi faydaqarşılıqlı olur və həddən ziyadə asılılıq risklərini azaldır. İkitərəfli və regional dəstək proqramları ilə yanaşı, innovativ maliyyə alətləri vasitəsilə gələcək prioritet layihələr Aİ ilə Azərbaycan arasında iqtisadi əlaqələri gücləndirəcək. Onlar, həmçinin Azərbaycanın iqtisadiyyatını şaxələndirmək, regional bağlantıları gücləndirmək, ölkə daxilində səriştə və iş imkanları yaratmaq, kənd yerlərinin inklüziv və davamlı inkişafını təşviq etmək istiqamətində göstərdiyi səyləri dəstəkləyəcək.

Azərbaycan Avropa ilə Asiya arasında Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşir. Xüsusilə Orta Dəhliz- Beynəlxalq Trans-Xəzər Nəqliyyat Marşrutu Avropanın Asiya bazarlarına çıxışında mühüm alternativ yol kimi ön plana çıxır. Bu dəhlizin inkişafı Avropanın ticarət və logistika imkanlarını genişləndirməklə yanaşı, regionda iqtisadi əməkdaşlığın güclənməsinə də xidmət edir.  Ekspertlərə görə, Zəngəzur dəhlizinin açılması ölkəmizə əlavə olaraq 12-15 milyon ton illik yükaşırma imkanı yaradacaqdır.

 Aİ-Azərbaycan əməkdaşlığının Global Gateway və Regionlararası Bağlantılar Proqramı çərçivəsində güclənməsini şərh edən ekspertlər bildirirlər ki, dəhliz Azərbaycanın əsas hissəsini onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanla birləşdirməklə, Naxçıvan üzərindən Türkiyəyə, oradan da Avropaya çıxış imkanlarını daha da genişləndirəcəkdir. Eyni zamanda, Zəngəzur dəhlizi boyunca elektrik enerjisinin ixracı da nəzərdə tutulur ki, bu da Azərbaycanın Avropa ilə gələcək əməkdaşlıq imkanlarını daha da artırır. Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın digər ərazisi arasında birbaşa bağlantının bərpası xüsusi əhəmiyyət daşıyır. Məhz Zəngəzur dəhlizinin açılması perspektivi fonunda icra edilən enerji infrastrukturu layihələri, o cümlədən Zəngəzur elektrik ötürmə xətti Azərbaycanı regionda və Avropada etibarlı tərəfdaş kimi daha da cəlbedici edir. Artıq Xəzər dənizi-Qara dəniz-Avropa marşrutu üzrə yeni elektrik interkonnektorlarının yaradılması planlaşdırılır ki, bu da Azərbaycanı Cənubi Qafqazda elektrik enerjisinin ötürülməsi baxımından əsas qovşaqlardan birinə çevirəcək. Xüsusilə Qarabağ və Şərqi Zəngəzurda və Xəzər ölkələri çərçivəsində planlaşdırılan günəş və külək elektrik stansiyaları sayəsində Azərbaycan gələcəkdə Avropa bazarlarına yaşıl enerji ixracını genişləndirməyi hədəfləyir. Hazırda Naxçıvan MR-in ölkənin vahid enerji sisteminə qoşulması və beləliklə, Azərbaycan-Türkiyə-Avropa beynəlxalq enerji dəhlizinin formalaşdırılması üçün mühüm addımlar atılır. 

Zahid Rza, “İki sahil”