20 fevral 2026 19:15
165

Azərbaycanın qlobal sülh platfomasındakı əvəzsiz rolu

Sülh Şurası (ing. Board of Peace) - dünyada sabitliyin təşviqini, etibarlı və qanuni idarəetməni bərpa etmək və münaqişədən təsirlənən ərazilərdə dayanıqlı sülh prosesinini dəstəkləyən beynəlxalq təşkilatdır. Şura ABŞ Prezidenti Donald Tramp tərəfindən 15 yanvar 2026-cı ildə rəsmi olaraq yaradılıb. Hazırda Şuraya qoşulmuş dövlətlərin sayı 28-dir. Bu rəqəmin artması istisna deyil. Sülh Şurasına üzv olan dövlətlər sırasında Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ, Argentina, Paraqvay, Macarıstan, Ermənistan, Azərbaycan, Bəhreyn, Bolqarıstan, İndoneziya, İordaniya, Qazaxıstan, Kosovo, Mərakeş, Monqolustan, Pakistan, Paraqvay, Türkiyə, Özbəkistan kimi dövlətlər yer alır. Ölkəmiz həmtəsisçi olaraq 21 yanvar 2026-cı il tarixində təşkilata üzv olduğunu təsdiq edib.

Fevralın 19-da Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqton şəhərində Sülh Şurasının ilk iclası keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın dəvəti ilə iclasda iştirak etdi. Xatırladaq ki, Sülh Şurası, ilk növbədə, Qəzza zolağında barışın təmin olunması məqsədi daşıyır. Birləşmiş Ştatlar Administrasiyası onu beynəlxalq münaqişələrin həllində rol oynaya biləcək platforma kimi təqdim edir, həmçinin Şuranın BMT-nin və digər ənənəvi qurumların alternativ və ya tamamlayıcı struktura çevrilməsini istəyir. Çünki, beynəlxalq münasibətlər sistemi hazırda köklü transformasiya mərhələsindən keçir və mövcud qlobal idarəetmə mexanizmləri yeni reallıqlara adekvat cavab vermir. Ənənəvi beynəlxalq təşkilatlar və təsisatlar beynəlxalq ictimaiyyətin üzləşdiyi təhlükəsizlik və humanitar problemləri həll etmək iqtidarında deyillər. Bu, ilk növbədə, dünyada davam edən müharibə və silahlı münaqişələr fonunda, beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasında açıq şəkildə özünü göstərir. Hazırda dünyada 60-dan artıq münaqişə ocağının mövcudluğu, o cümlədən Qəzzada baş verən hadisələr və Rusiya–Ukrayna müharibəsinin davam etməsi beynəlxalq mexanizmlərin iflasını bir daha təsdiqləyir. BMT-nin mövcud çağırışlara operativ və təsirli cavab verə bilməməsi yeni alətlərin, platformaların və çoxtərəfli mexanizmlərin formalaşmasını qaçılmaz edir. Məhz bu zərurətdən çıxış edərək Trump Administrasiyası tərəfindən alternativ sülh mexanizmi kimi “Sülh Şurası” təşəbbüsü irəli sürülüb. Amerika Birləşmiş Ştatları artıq BMT-nin bir sıra strukturlarından çıxıb və həmin qurumların maliyyələşdirilməsini dayandırıb. BMT Nizamnaməsində təsbit olunmuş beynəlxalq sülhün qorunması, münaqişələrin dinc yolla həlli və dövlətlərin suveren bərabərliyi prinsiplərinin praktikada pozulması təşkilata olan etimadı ciddi şəkildə sarsıdır. Mövcud reallıqlar göstərir ki, beynəlxalq təhlükəsizlik arxitekturasının yenidən dizaynına və daha çevik, effektiv mexanizmlərin yaradılmasına ehtiyac var.

Azərbaycanın bu statusda təmsil olunması ölkəmizin beynəlxalq münasibətlər sistemində artan siyasi çəkisinin və qlobal proseslərdə etibarlı tərəfdaş kimi qəbul olunmasının göstəricisidir. Azərbaycanın beynəlxalq müstəvidə fəal siyasət yürütməsi ölkənin inkişaf modeli, strateji sabitliyi və çoxtərəfli diplomatiyaya verdiyi töhfələrlə birbaşa bağlıdır.

Azərbaycanın Sülh Şurası çərçivəsində önə çıxmasının əsas səbəblərindən biri də Ermənistanla sülh gündəliyinin irəli aparılması üzrə ortaya qoyduğu nümunəvi modeldir. Məhz bu model regionda uzun illər davam edən münaqişənin Prezident İlham Əliyevin liderliyi ilə həll olunmasını mümkün etdi. Qlobal kontekstdə bu təcrübə dövlətin öz suverenliyi və beynəlxalq hüquq çərçivəsində münaqişənin həllinə nail olduğu nadir nümunələrdən biri kimi qiymətləndirilir. Şuranın ilk iclasında ABŞ Prezidenti Azərbaycan və Ermənistan liderlərinə regionda yaranan sülhə görə təşəkkür edərək dedi: “...Siz 30 ildən sonra sülh şəraitində yaşamağı öyrənirsiniz, elə deyilmi? 30 il müharibə gedib və biz onun öhdəsindən gəldik. Sizə çox minnətdaram, əla iş gördünüz”.

Prezident İlham Əliyev sülh gündəliyinin təşəbbüskarı və ən fəal təşviqaçılarındanır. Tədbir zamanı Prezident Trampın bir neçə dəfə Azərbaycan Prezidentinə xitab etməsi bunun bariz sübutudur. Həmçinin Prezident İlham Əliyevlə baş nazir Nikol Paşinyanın tədbir çərçivəsində görüşməsi və əlsıxmanın Prezident Tramp tərəfindən qeyd edilməsi qlobal sülhün və təhlükəsizliyin təmin olunmasında Azərbaycanın və dövlət başçımızın rolunun göstəricisidir.

Qeyd edək ki, Qəzzada Sabitləşdirmə Qüvvələrinin yaradılması ideyası ilk dəfə Şarm əl-Şeyxdə ABŞ Prezidenti tərəfindən irəli sürülüb, Qəzza probleminin hərtərəfli həllinə yönəlmiş 20 maddəlik planın tərkib hissəsi kimi təqdim edilib. Prezident İlham Əliyev bu ilin 5 yanvar tarixində yerli telekanallara verdiyi müsahibədə Azərbaycanın Qəzzada yaradılması nəzərdə tutulan Sabitləşdirmə Qüvvələrinin tərkibinə qoşulmaq niyyətində olmadığını bəyan edib. Azərbaycan yeni müharibədən çıxmış ölkədir və hərbi kontingentin başqa bir münaqişə zonasına göndərilməsi məsələsi cəmiyyətdə müəyyən həssaslıq doğurur. Bu mövqe Azərbaycanın xarici siyasətində məsuliyyətli yanaşma, daxili ictimai rəyin nəzərə alınması və regional prioritetlərin qorunması prinsipinə əsaslanır. Azərbaycan Respublikası öz praktiki təcrübəsindən çıxış edərək Qəzzada həyata keçirilən humanitar missiyalarda və investisiya layihələrində investor kimi aktiv rol oynaya bilər. Ölkəmiz münaqişədən sonrakı mərhələdə bərpa-quruculuq sahəsində əldə etdiyi təcrübəni beynəlxalq platformalarda bölüşmək imkanına malikdir. Qarabağ və Şərqi Zəngəzur bölgələrində həyata keçirilən genişmiqyaslı layihələr buna nümunədir.

Azərbaycan artıq yalnız öz təhlükəsizliyini təmin edən dövlət deyil, eyni zamanda, regional sabitliyin təşəbbüskarı kimi çıxış edir. Dövlətimizin enerji və nəqliyyat layihələri vasitəsilə müxtəlif ölkələri ortaq maraqlar ətrafında birləşdirməsi də sülhə töhfənin praktik nümunəsidir. Qarşılıqlı əməkdaşlıq və iqtisadi inteqrasiya münaqişə risklərini azaldan əsas amillərdən biri kimi məhz Azərbaycanın timsalında ortaya çıxır. Zəngəzur dəhlizi (TRIPP) də müasir dövrün qlobal iqtisadi transformasiyası fonunda xüsusi əhəmiyyət kəsb edən layihədir. Layihənin mahiyyəti yalnız coğrafi keçid yaratmaqdan ibarət deyil. Burada əsas məqsəd Cənubi Qafqazı logistik körpüyə çevirməkdir. Azərbaycan müharibədən sonra formalaşdırdığı təhlükəsizlik mühitini iqtisadi dividendlərə yönəltməyi bacardı. Bu kontekstdə Orta Dəhlizin mövcud infrastrukturu yeni seqmentlə zənginləşir və tranzit müddətinin azalması, daşınma xərclərinin optimallaşdırılması kimi üstünlüklər ortaya çıxır. Prezident İlham Əliyevin müxtəlif beynəlxalq platformalarda, o cümlədən sonuncu Münhen Təhlükəsizlik Konfransında səsləndirdiyi fikirlər layihənin yalnız regional deyil, qlobal əhəmiyyət daşıdığını göstərir. Müxtəlif iqtisadi güc mərkəzlərinin maraqlarının kəsişdiyi nöqtədə yerləşən bu dəhliz həm Avropa, həm Asiya, həm də Yaxın Şərq üçün alternativ marşrut deməkdir. Zəngəzur dəhlizi (TRIPP) həm də siyasi mesajdır: regionda sabitlik iqtisadi əməkdaşlıqla möhkəmlənə bilər.

Sevinc Azadi, “İki sahil”