Hazırda dünyada müharibə ocaqları, münaqişələr getdikcə artmaqadır. Mövcud beynəlxalq təşkilatlar isə bu kimi problemlərin həllində aciz qalıblar. Çünki çevik reaksiya və işlək mexanizmləri yoxdur. Hətta BMT belə onların qarşısını ala bilmir. Bu isə beynəlxalq təhlükəsizlik arxitekturasının yenidən dizaynına və daha çevik, effektiv mexanizmlərin yaradılmasına ehtiyacın olduğundan xəbər verirdi. Belə bir şəraitdə ABŞ Prezidenti Donald Trampın BMT-dən kənar yeni təhlükəsizlik sistemini, yəni Sulh Şurasını yaratmasını gələcəkdə formalaşacaq yeni dünya nizamının ilk işartısı kimi dəyərləndirmək olar. Siyasətçilərin fikrincə, gələcəkdə Sülh Şurasının BMT-nin roluna alternativ və ya tamamlayıcı struktura çevrilməsi da mümkündür.
Xatırladaq ki, bu qurum Qəzza zolağının müharibədən sonrakı bərpası üçün nəzərdə tutulsa da, sonradan əhatə dairəsini genişləndirməyi də qarşısına məqsəd kimi qoyub. Yəni, Sülh Şurası artıq digər qlobal münaqişələrin həllində də rol alacaq. Azərbaycanın da Sulh Şurasınında yer alması gözlənilən idi. Yanvarın 16-da Tramp Sülh Şurası adlı beynəlxalq təşkilat yaratmaq qərarını elan edərək, Azərbaycanı təşkilata təsisçi üzv dövlət olmağa dəvət etdi. Rəsmi Bakı həmin dəvəti qəbul edərək, Sülh Şurasına təsisçi üzv dövlət olmaq niyyətini ABŞ tərəfinin diqqətinə çatdırdı. Hətta Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa məktub ünvanladı. Məktubda bu sözlər də yer almışdı: “Bu dəvəti Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatlarının qarşılıqlı hörmətə əsaslanan faydalı tərəfdaşlığının, həmçinin Azərbaycanın regional və qlobal miqyasda sülh və sabitliyin təşviqində rolunun tanınmasının rəmzi olaraq qəbul edirəm. Azərbaycan Respublikası Sülh Şurasına qoşularaq, onun Qəzzadakı münaqişənin sonlandırılması və uzunmüddətli münaqişədən əziyyət çəkən bütün tərəflərə daha təhlükəsiz və rifahlı gələcək qurulması kimi nəcib missiyasını paylaşacaq”. Bununla da ölkəmiz hər zaman olduğu kimi, beynəlxalq əməkdaşlığa, sülhə və sabitliyə fəal töhfə verməyə hazır olduğunu bir daha nümayiş etdirdi. Bu mənada Azərbaycanın ABŞ Prezidenti Trampın elan etdiyi Sülh Şurasında təsisçi üzvlüyə razılığını ölkəmizin praqmatik və çoxvektorlu xarici siyasətinin davamı kimi dəyərləndirmək olar.
Qeyd edək ki, yanvarın 22-də İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu çərçivəsində ABŞ Prezidenti Donald Trampın rəhbərliyi ilə “Sülh Şurasının Nizamnaməsi” imzalanıb. Sənədə Prezident İlham Əliyev də imza atıb. Artıq Azərbaycan Sülh Şurasına yaradıcı (founding) üzv statusu ilə qoşulub.
Bəri başdan qeyd edək ki, ölkəmizin bu statusda təmsil olunması beynəlxalq münasibətlər sistemində artan siyasi çəkisi və qlobal proseslərdə etibarlı tərəfdaş kimi qəbul olunması, həmçinin çoxtərəfli diplomatiyaya verdiyi töhfələrlə əlaqədardır. Bunu da Azərbaycanın regional və qlobal miqyasda sülh və sabitliyin təşviqində artan rolu kimi xarakterizə etmək olar.
Şübhəsiz, münaqişədən çıxan və yeni regional status-kvo yaradan Azərbaycanın Sülh Şurası çərçivəsində önə çıxmasının əsas səbəblərindən biri də Ermənistanla sülh gündəliyinin irəli aparılması üzrə ortaya qoyduğu nümunəvi modeldir. Məhz bu model Azərbaycanın beynəlxalq sülh platformalarına verə biləcəyi töhfələri daha da aktuallaşdırır. Bu mənada demək olar ki, ölkəmiz Sülh Şurasına artıq öz ərazisində münaqişəni həll etmiş və regiona sülh gətirmiş bir dövlət kimi daxil olub. Yeri gəlmişkən, artıq 6 aydır ki, Prezident İlham Əliyevin atdığı qəti addımlar sayəsində Cənubi Qafqazda de-fakto sülh mühiti formalaşdırılıb. Avqustdan bəri Ermənistanla sərhəddə tamamilə yeni vəziyyət yaranıb, orada artıq atışma, həmçinin digər problemlər müşahidə olunmur. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, son aylar sülh artıq ticarət sahəsi də daxil olmaqla, praktik müstəviyə keçib. Hətta Azərbaycan Qazaxıstandan və Rusiyadan Ermənistana yüklərin daşınması ilə bağlı bütün məhdudiyyətləri aradan qaldırmaqla yanaşı, bu ölkəyə neft məhsullarının təchizatına da başlayıb. Artıq Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri arasında ikitərəfli görüşlərin keçirilməsi də intensivləşib. Məhz bu model regionda uzun illər davam edən münaqişənin Prezident İlham Əliyevin liderliyi ilə həll olunmasını mümkün edib. Qlobal kontekstdə bu, dövlətin öz suverenliyi və beynəlxalq hüquq çərçivəsində münaqişənin həllinə nail olduğu nadir nümunələrdən biri kimi qiymətləndirilir. Şübhəsiz, bu prosesdə Prezident İlham Əliyevin şəxsi nüfuzu və Donald Trampla dostluq münasibətləri də mühüm rol oynayıb. Prezident İlham Əliyevin Sülh Şurasının ilk iclasında iştirakı isə Azərbaycan üçün böyük qürurdur.
Hazırda Sülh Şurasına qoşulmuş dövlətlərin sayı 28-dir. Bu rəqəmin artması istisna deyil.
Qvami Məhəbbətoğlu, “İki sahil”