20 fevral 2026 20:40
175

Nazir müavini: Azərbaycan və Yaponiya "ağıllı şəhər" sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycan və Yaponiya "ağıllı şəhər", yaşıl enerji və dayanıqlı inkişaf sahələrində qarşılıqlı əlaqələri genişləndirərək, iki ölkə arasındakı strateji tərəfdaşlığı möhkəmləndirir.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Bakıda Yaponiyanın milli bayramı - İmperator Naruhitonun ad gününə həsr olunmuş rəsmi qəbulda bildirib.

Onun sözlərinə görə, Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında "ağıllı şəhər", "ağıllı kənd" və "yaşıl enerji zonası" konsepsiyalarının reallaşdırılması çərçivəsində ekoloji təmiz və innovativ texnologiyaların tətbiqi üzrə Yaponiya şirkətləri ilə əməkdaşlıq davam etdirilir.

Nazir müavini vurğulayıb ki, enerji sektoru ikitərəfli əməkdaşlığın prioritet istiqamətlərindən biri olaraq qalır.

"Ənənəvi enerji ilə yanaşı, hər iki ölkənin bərpa olunan enerji mənbələri və yaşıl keçid sahəsində strateji hədəfləri nəzərə alınır. 2025-ci ildə bu sahələrdə tərəfdaşlığın dərinləşdirilməsi üçün ardıcıl səylər göstərilir", - o qeyd edib.

Məmmədov əlavə edib ki, eyni zamanda iqlim dəyişikliyi ilə mübarizə, dayanıqlı inkişafın təşviqi və karbon emissiyalarının azaldılması üzrə birgə səylər genişləndirilir, bu da ölkələr arasında uzunmüddətli tərəfdaşlıq əlaqələrinin möhkəmlənməsinə töhfə verir.

Nazir müavininin sözlərinə görə, əməkdaşlıq ikitərəfli formatla məhdudlaşmır və beynəlxalq təşkilatlar, eləcə də çoxtərəfli platformalar çərçivəsində uğurla davam etdirilir.