Müasir dövlət idarəçiliyində təhlükəsizlik və azadlıq anlayışları bir-birinə zidd deyil, əksinə, hüquqi mexanizmlər vasitəsilə uzlaşdırılan fundamental prinsiplərdir. Xüsusilə dövlət başçısının təhlükəsizliyi məsələsində bu tarazlıq daha həssas məna kəsb edir. Çünki burada söhbət təkcə konkret bir şəxsin fiziki mühafizəsindən deyil, dövlətin suverenliyinin, konstitusion quruluşunun və siyasi sabitliyinin qorunmasından gedir.
Azərbaycan Respublikasının Konstitusiyası Prezident institutunu dövlət hakimiyyətinin ali təmsilçisi kimi müəyyən edir. Prezident dövlətin daxili və xarici siyasətinin əsas istiqamətlərini müəyyən edən, dövlət hakimiyyətinin vahidliyini təmsil edən ali vəzifəli şəxsdir. Bu baxımdan dövlət başçısına yönələn hər hansı təhlükə dolayısı ilə dövlətçiliyin özünə yönəlmiş risk kimi qiymətləndirilir. Hüquqi məntiq də məhz bu yanaşmaya əsaslanır.
Konstitusion yanaşmaya uyğun olaraq, dövlət başçısının təhlükəsizliyi yalnız faktiki təhlükəyə reaksiya verilməsi ilə məhdudlaşmır. Müasir hüquqi praktikada preventiv təhlükəsizlik prinsipi əsas götürülür. Dövlət başçısının mühafizəsində gecikmiş müdaxilə hüquqi baxımdan qəbuledilməzdir. Təhlükə baş verdikdən sonra tədbir görmək deyil, onu əvvəlcədən neytrallaşdırmaq əsas vəzifə sayılır.
Bu kontekstdə təhlükəsizlik perimetrinin müəyyən edilməsi, risk yarada biləcək şəxslərin müəyyən məsafədə saxlanılması və potensial təhlükələrin operativ şəkildə aradan qaldırılması hüquqi çərçivədə həyata keçirilən tədbirlərdir. Əgər mühafizə əməkdaşları qanunla verilmiş səlahiyyət çərçivəsində, zərurət və proporsionallıq prinsiplərinə uyğun hərəkət edirlərsə, onların fəaliyyəti hüquqi baxımdan əsaslandırılmış hesab olunur.
Məsələyə müqayisəli yanaşma üçün ABŞ təcrübəsi diqqətəlayiqdir. ABŞ Konstitusiyasının Birinci Düzəlişi ifadə və toplaşmaq azadlığını geniş şəkildə qoruyur. Bu səbəbdən prezidentin olduğu məkana yaxın ərazilərdə dinc etirazların keçirilməsi prinsip etibarilə mümkündür. Lakin bu hüquq da mütləq xarakter daşımır. ABŞ-da prezidentin təhlükəsizliyinə cavabdeh olan qurum — “United States Secret Service” — qorunan zonalar müəyyən edir və həmin zonaların pozulmasına qarşı dərhal müdaxilə edir. Hüquqi praktikada tətbiq edilən “time, place, manner” prinsipi göstərir ki, vətəndaş etiraz edə bilər, lakin müəyyən edilmiş təhlükəsizlik sərhədlərini poza bilməz.
Bu model göstərir ki, azadlıq və təhlükəsizlik anlayışları paralel şəkildə tətbiq olunur. Təhlükə baş verdikdən sonra deyil, əvvəlcədən aradan qaldırılır. Bu isə həm Azərbaycan, həm də ABŞ hüquq sistemində preventiv yanaşmanın qəbul edildiyini təsdiqləyir.
Beynəlxalq hüquq da dövlət başçısının təhlükəsizliyini beynəlxalq münasibətlərin sabitlik elementi kimi qiymətləndirir. Dövlətlərin pozitiv öhdəliyi yalnız hüquqları pozmamaq deyil, eyni zamanda insan həyatını və təhlükəsizliyi qorumaqdır. Bu prinsip müasir hüquqi dövlət konsepsiyasının ayrılmaz hissəsidir.
Beləliklə, Vaşinqton kontekstində müzakirə olunan hadisələr göstərir ki, təhlükəsizliklə azadlıq arasında münasibət qarşıdurma deyil, hüquqi tarazlıq məsələsidir. Azərbaycan Respublikasında Prezident İlham Əliyevin mühafizəçilərinin fəaliyyəti Konstitusiyanın ruhuna və preventiv təhlükəsizlik prinsipinə əsaslanır. Dövlət başçısının təhlükəsizliyi siyasi mülahizə predmeti deyil; bu, hüququn tələbidir. Hüquq isə təhlükəni gözləməyi deyil, onu vaxtında və qanun çərçivəsində aradan qaldırmağı tələb edir.
David Seliverstov,
“Magen David Azərbaycan” İnsan Hüquqları və Xeyriyyə Cəmiyyətinin rəhbəri,
Ümummiisrail Qafqaz Yəhudilərinin Qafqaz üzrə nümayəndəsi,
Beynəlxalq hüquq müdafiəçisi