22 fevral 2026 18:09
114

Azərbaycan çempionatında rekord

Fevralın 23-də yeniyetmə boksçular arasında Azərbaycan çempionatına start veriləcək.

“İki sahil” Boks Fedrasiyasına istinadən xəbər verir ki, Boks Mərkəzində təşkil olunacaq yarışda oğlanlarda 14, qızlarda 9 çəki dərəcəsindı mükafatçılar müəyyənləşəcək.

U-17 Azərbaycan çempionatına respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 82 komandanın 459 boksçusu (410 oğlan, 49 qız) qatılacaq. Bu, ölkə çempionatlarında yeni rekorddur. Bunadək ən yaxşı göstərici 2024-cü il qeydə alınıb – 74 komandadan 408 boksçu.

Yarışın açılış mərasimi sabah, saat 12:00-da, döyüşlər saat 12:30-da başlanacaq. Qaliblərin adına isə martın 1-də aydınlıq gələcək.

Qeyd edək ki, Azərbaycan çempionatının supervayzeri estoniyalı Yakov Peterson, baş hakimi həmyerlimiz Anar Babanlı olacaq. Döyüşləri yerli referilərlə yanaşı, neytral hakimlər – Yay Olimpiya Oyunları və dünya çempionatları təcrübəsi olan Atarbayar Byambabayar (Monqolustan), Coşua Tobar Lomas (Ekvador), Muhsin Suilmi (Mərakeş), Jonqjin Kim (Cənubi Koreya), Davut Kanuni (Türkiyə) və Muhamed Besmi (Əlcəzair) da idarə edəcəklər.