23 fevral 2026 00:26
103

Suriyada İŞİD üzvlərinin ailələrinin saxlandığı düşərgə boşaldılıb

Suriya fevralın 22-də ölkənin ən böyük qapalı əl-Haul düşərgəsinin bağlandığını elan edib. Düşərgədə İŞİD terror təşkilatı üzvlərinin ailələri məskunlaşmışdı.

“İki sahil” yerli mediaya istinadla xəbər verir ki, bu barədə düşərgənin direktoru Fadi əl-Qasim məlumat verib.

Əl-Qasim bildirib ki, düşərgə bazar günü tamamilə bağlanıb, bütün suriyalı və başqa ölkələrin vətəndaşı olan ailələr köçürülüb. Hökumət bu ailələr üçün inkişaf və cəmiyyətə reinteqrasiya planları hazırlayıb. Qadın və uşaqların inteqrasiyası üçün dəstəyə ehtiyac vardır.

Düşərgədə fəaliyyət göstərmiş beynəlxalq humanitar təşkilatlardan bildirilib ki, bütün işçi qruplar təxliyə olunub, avadanlıqlar və modul tipli otaqlar sökülərək düşərgədən çıxarılıb.

Düşərgədə təxminən 24 min nəfər yaşayırdı. Bunlardan 15 min nəfəri suriyalı, təxminən 6 300-ü isə 42 ölkədən gəlmiş qadın və uşaqlar idilər. Əksər ölkələr vətəndaşlarını qəbul etməyə hazır olmasa da, son həftələrdə düşərgədə sakinlərinin sayı əhəmiyyətli dərəcədə azalıb.