23 fevral 2026 00:40
99

Avropa Komissiyası ABŞ-dən gömrük tariflərinə dair atacağı addımlara aydınlıq gətirməyi tələb edib

Avropa Komissiyası ABŞ-dan Ali Məhkəmənin Beynəlxalq Fövqəladə İqtisadi Səlahiyyətlər Aktı (International Emergency Economic Powers Act - IEEPA) ilə bağlı son qərarından sonra atacağı addımlar barədə tam aydınlıq tələb edib.

“İki sahil” xəbər verir ki, bu barədə Avropa Komissiyasının ABŞ Ali Məhkəməsinin gömrük tariflərinə dair son qərarı ilə bağlı bəyanatında əksini tapıb.

Bəyanatda qeyd olunub ki, hazırkı vəziyyət tərəflər arasında razılaşdırılmış və 2025-ci ilin avqustunda qəbul olunmuş Avropa İttifaqı-ABŞ Birgə Bəyanatında əksini tapan ədalətli, balanslı və qarşılıqlı faydalı transatlantik ticarət və investisiya münasibətlərinin təmin edilməsi üçün əlverişli deyil. Aİ şirkət və ixracatçılarının ədalətli rəftar, proqnozlaşdırılabilənlik və hüquqi müəyyənlik əldə etmələrinin zəruriliyinin vurğulandığı bəyanatda bildirilib: “Razılaşma razılaşmadır. ABŞ-ın ən böyük ticarət tərəfdaşı kimi Aİ gözləyir ki, ABŞ Birgə Bəyanatda üzərinə götürdüyü öhdəliklərə əməl edəcək, necə ki, Aİ öz öhdəliklərinə sadiqdir. Xüsusilə, Aİ məhsulları üçün əvvəl razılaşdırılmış maksimum tarif həddindən artıq heç bir artım olmamalı və onların ən əlverişli, rəqabətqabiliyyətli şərtlərlə satılması davam etməlidir”.

Avropa Komissiyasının bəyanatında, həmçinin tariflərin həm istehlakçılar, həm də biznes qurumları üçün xərcləri artırdığı, onların qeyri-proqnozlaşdırılan şəkildə tətbiqinin bazarları sarsıtdığı, qlobal bazarlarda etimad və sabitliyi zəiflətdiyi, beynəlxalq təchizat zəncirlərində əlavə qeyri-müəyyənlik yaratdığı qeyd olunub.

Eləcə də Avropa Komissiyanın ABŞ Administrasiyası ilə sıx və davamlı təmasda olduğu, Aİ-nin ticarət üzrə komissarı Maroş Şefçoviçin ötən gün ABŞ-ın ticarət nümayəndəsi və ticarət naziri ilə danışıqlar apardığı bildirilib.