23 fevral 2026 15:00
112

Nizami rayonunda “Gənclərin siyasət və analitika mərkəzi” layihəsinin açılış tədbiri keçirilib

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının “Gənclərin siyasət və analitika mərkəzi” siyasi, strateji, ictimai və geosiyasi proseslərin təhlili layihəsinin açılış tədbiri keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət ediblər.

Azərbaycan Respublikasının Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərli və YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov çıxış edərək layihənin əhəmiyyəti, əsas ideya və gələcək fəaliyyəti ilə bağlı məlumat veriblər.

Sonra Trend BİA-nın Baş direktorunun müavini, “Baku Network” Ekspert Platformasının direktoru, Əməkdar jurnalist Elçin Alıoğlu “Müasir geosiyasi proseslər və Azərbaycan” mövzusunda peşəkar təlim keçib.

Təlim zamanı qeyd olunub ki, müasir dövrdə beynəlxalq münasibətlər sistemi ciddi transformasiya mərhələsindən keçir. Qlobal güc balansının dəyişməsi, regional münaqişələr, enerji təhlükəsizliyi məsələləri, nəqliyyat-logistika xətlərinin yenidən formalaşması və rəqəmsal transformasiya geosiyasi proseslərin əsas istiqamətlərini müəyyən edir. Bu mürəkkəb mənzərədə isə Azərbaycanın rolu və mövqeyi xüsusi əhəmiyyət daşıyır.

Diqqətə çatdırılıb ki, Azərbaycan balanslaşdırılmış xarici siyasət kursu yürüdərək həm regional, həm də qlobal səviyyədə etibarlı tərəfdaş kimi çıxış edir. Azərbaycan Cənubi Qafqaz regionunda Şərq ilə Qərbi, Şimal ilə Cənubu birləşdirən strateji körpü rolunu oynayır. Bu baxımdan Orta Dəhliz layihəsi və beynəlxalq nəqliyyat marşrutları Azərbaycanın tranzit ölkə kimi rolunu daha da gücləndirib.

Bildirilib ki, enerji təhlükəsizliyi məsələsində Azərbaycan mühüm aktordur. Xəzər hövzəsinin enerji resurslarının dünya bazarlarına çatdırılmasında ölkəmiz əsas həlqə kimi çıxış edir.

Əlavə olunub ki, qlobal səviyyədə iqtisadi rəqabətin artması, texnoloji inkişaf və rəqəmsal transformasiya dövlətlərin inkişaf modelinə birbaşa təsir göstərir. Azərbaycan bu istiqamətdə rəqəmsal hökumət, innovasiya və insan kapitalının inkişafına xüsusi diqqət yetirir. Yeni iqtisadi modelin qurulması geosiyasi mövqenin daha da gücləndirilməsinə xidmət edir. Nəticə etibarilə müasir geosiyasi proseslər mürəkkəb və dinamik xarakter daşıyır. Azərbaycan isə bu proseslər fonunda milli maraqlara əsaslanan, balanslı və praqmatik siyasət yürüdərək regionda sabitliyin və əməkdaşlığın əsas dayaqlarından birinə çevrilib. Qarşıdakı dövrdə də ölkəmizin əsas hədəfi təhlükəsizlik, davamlı inkişaf və beynəlxalq tərəfdaşlığın dərinləşdirilməsi olacaq.

Tədbir müzakirələr formatında keçirilib, fikir mübadiləsi aparılıb, müxtəlif təkliflər irəli sürülüb.

Açılış tədbirinə Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə yekun vurulub.

Zamin Məmmədov, "İki sahil"