Yurdumuza əsrlərin sınağından çıxmış mənəvi dəyərləri, adət-ənənələri özündə yaşadan, bayramlarımızın şahı sayılan Novruz gəlir. Ta qədimdən Novruz təbiətin canlanmasının, torpağın oyanışının, ruhun təzələnməsinin simvolu hesab olunub. Novruz təzə ili, baharın ilk gününü qarşılamaq, gecə ilə gündüzün bərabərləşməsi deməkdir. Xalqımız yeni gün olan Novruz ərəfəsində çərşənbələri xüsusi coşqu ilə bayram edir.
Fevralın 24-ü Novruz bayramının əsas atributlarından olan çərşənbələrin ilki - Su çərşənbəsidir. Rəvayətə görə, Tanrı ilk insanı - Adəmi yaradarkən torpağa su qatıb, palçıqdan insan düzəldib, sonra ona nəfəs verib, baharda çiçəkləri, otları, ağacları oyadan yellərə əmr edib ki, onu canlandırsın. İnsan da bu dörd ünsürdən yarandığı üçün tarix boyu onları müqəddəsləşdirərək, hərəsinə bir gün ayırıb. Beləcə, yazın - Novruzun müjdəçiləri olan Su, Od, Yel və Torpaq çərşənbələri yaranıb. Su çərşənbəsi xalq arasında “əvvəl çərşənbə”, “gözəl çərşənbə”, “sular Novruzu”, “gül çərşənbə” kimi də tanınır. Bu çərşənbə həm də suya tapınma inamı ilə bağlıdır. İlk çərşənbə ərəfəsində evlər sahmana salınır, bağ-bağçalarda ağacların, gül kollarının dibi bellənir.
Novruz mərasimlərində su ilə bağlı ayin və adətlər xüsusi yer tutur. Bölgələrimizdə bu mərasimlər özünəməxsus şəkildə qeyd olunur. Məsələn, əzəl çərşənbədə sübh tezdən bulaq başına gəlirlər: “Ağırlığım-uğurluğum suya, azarım-bezarım suya”, - deyib, su üstündən atlanırlar. Sonra əl-üzlərini yuyur, bir-birlərinin üstünə su atırlar. Xəstəliyə tutulanları da su üstündən hoppandırırlar. Adamlar günah işlətməyəcəklərinə, ancaq yaxşılıq edəcəklərinə and içib, “Su haqqı, pis iş görməyəcəm”, – deyirlər. Sonda suyun ətrafında əl-ələ tutub oxuyurlar:
Sel çapar, su çapar,
Bir günah işlətmişəm,
Gəl onu, yu apar...
Su axar, yolun tapar,
Su olmaz, ölüm qapar.
Suya verdiyin itməz,
Susuz buğda, ot bitməz.
Suyu bol olan elin
Əyənməz düşmən belin.
Su gəlsin, duru gəlsin,
Yazın uğuru gəlsin.
“Su aydınlıqdır” deyiblər. Ona görə də ilin ilk çərşənbəsində hamı bir-birinin üstünə su çiləyir ki, təzə il onlar üçün uğurlu olsun. Bu su dərd-bəlanı yox edir, xeyir-bərəkət gətirir. Digər bir inanca görə, kim gün çıxmamış hamıdan tez bulaqdan su gətirib onunla xəmir yoğursa, o evdən bərəkət heç vaxt əskik olmaz. Burada əsas məsələ suyun ilkin su olmasıdır. İl təhvil olandan sonra ilk dəfə gələn su pak və möcüzəli sudur. Bu çərşənbədə gecə yarısı yuyunub pak olduqdan sonra axar suyun qırağında oturub niyyətini ona danışsan, istəyinə çatarsan. Dərdini, azarını, ağrını suya söyləsən, su gecə vaxtı hamısını özü ilə aparar.
Başqa bir inanca görə, Novruz bayramından iki gün əvvəl bulaqdan, yaxud çaydan – axar sudan “lal su” gətirilir. Su gətirməyə gedən şəxs qabı əlinə götürəndən ta suyu gətirib evdə iynə salınacaq qaba tökənəcən dinməməlidir. Həmin su şər qarışandan sonra gətirilir və onu gətirən şəxs bir neçə nəfər tərəfindən müşayiət oluna bilər. Suyu qaba tökəndən sonra iki iynənin gözünə pambıq dolayır və hərəsini bir tərəfdən suya salırlar. Sonra iynələrin hərəkəti ilə müəyyən mülahizələr söyləyirlər. Uğurlu halda iynələr müxtəlif səmtlərə hərəkət etsələr də, axırda bir-birinə yaxınlaşıb bitişirlər. Əksinə olanda isə iynələr o tərəf-bu tərəfə gedir və bir-birinə qovuşmur. İynə suyun dibinə çökərsə, deməli, su “lal su” deyil.
Su ilə bağlı belə inanclar da var: süfrəyə su dağılması aydınlıqdır. Lal axan sudan keçməzlər. Su çərşənbəsində övladı olmayan qadının başından su töksən, övladı olar. Qorxan adamın başından üç dəfə sağdan, üç dəfə soldan su töksən, qorxusu keçər. Qorxunu götürmək üçün Su çərşənbəsində adama qorxduğu yerdə su içirdərlər.
Qeyd edək ki, bu il Azərbaycanda baharın müjdəçisi olan digər çərşənbələr - Od çərşənbəsi martın 3-də, Yel çərşənbəsi martın 10-da, İlaxır çərşənbə olan Torpaq çərşənbəsi isə martın 17-də qeyd ediləcək. El arasında bunlara “boz ayın çərşənbələri” də deyilir.
Sevinc Azadi, “İki sahil”