07 dekabr 2016 14:28
703

Prezident İlham Əliyev: Bizim atdığımız bütün addımlar sosial xarakter daşıyır

“Ölkəmizin hərtərəfli  inkişafı davam edir. Son illərlə  müqayisədə 2016-cı il  ölkə iqtisadiyyatı üçün obyektiv səbəblər üzündən  ən ağır il olmuşdur. Buna baxmayaraq, biz çox ciddi tədbirlər görərək dünya böhranının mənfi fəsadlarını azaltmağa çalışmışıq və buna nail ola bilmişik. Biz ili yaxşı göstəricilərlə  başa vururuq. Qeyri-neft sənayesinin, kənd təsərrüfatının artımı, əlbəttə ki, görülmüş işlərin nəticəsidir. Biz valyuta ehtiyatlarımızı qoruya bilmişik. Bu da çox vacib məsələdir. Çünki neftlə zəngin olan ölkələrin əksəriyyətində valyuta ehtiyatları tükənir, ya da azalır. Biz isə qoruyuruq, çünki bu, dövlətimiz, xalqımız üçün lazımdır. Bu bizə əminlik və imkan verir ki, gələcəyə nikbinliklə baxaq.”

Dövlətimizin başçısı İlham Əliyev Zərdab  rayonuna səfəri zamanı  ictimaiyyət nümayəndələri ilə görüşündə bir daha bildirmişdir ki,  sosial məsələlərin həlli bundan sonra da  prioritet olacaq. Ehtiyac meyarı artırılacaq, digər sosial proqramlar gələn il də artıqlaması ilə  icra ediləcək: “Bizim atdığımız bütün addımlar sosial xarakter daşıyır və sosial ədaləti tərənnüm edir. Çünki yaxşı yaşayan dövlət daha çox töhfə verməlidir, daha çox vergi  ödəməlidir, daha çox kommunal xərcləri olmalıdır. Ancaq aztəminatlı təbəqə, orta təbəqə dövlət tərəfindən qorunmalıdır və  qorunur. Bu, sosial ədalət prinsipidir. Biz bu yolla gedirik. Biz bazar iqtisadiyyatı prinsipi əsasında  yaşayırıq, eyni zamanda, vətəndaşların sosial təminatı da daim diqqət mərkəzindədir. Beləliklə,  biz həm sosial məsələlərin həlli, həm də iqtisadi inkişaf ilə bağlı siyasətimizi gələn illərdə də davam etdirəcəyik.”

Bu günümüzün reallıqlarına söykənərək ölkə Prezidenti İlham Əliyev  bildirir ki, islahatlar, şəffaflıq, məsuliyyət, idxaldan asılılığın  azaldılması, qeyri-neft sektorunun inkişafı dayanıqlı inkişafı təmin edir. Həyata keçirilən siyasətin önündə insan amilinin dayandığını hər bir çıxışında bildirən cənab İlham Əliyev  bu gerçəkliyi də  diqqətə çatdırır ki, sosial islahatların təməlində güclü iqtisadiyyat dayanır. Azərbaycanın 25 illik müstəqillik tarixinə diqqət yetirdikdə iqtisadi və siyasi islahatların vəhdətliyi, irəli sürülən təşəbbüslərin xalq tərəfindən dəstəklənməsi nəticəsində   iqtisadi imkanlarını genişləndirməklə yanaşı iqtisadi müstəqilliyini də yüksək səviyyədə təmin etdiyini aydın şəkildə görürük. Son 13 ildə  bir milyon  500 mindən artıq  yeni iş yeri açılıb ki, bunun  bir milyonu daimi iş yeridir. Yoxsulluq və işsizlik 5 faiz səviyyəsindədir. Özəl sektora maliyyə dəstəyinin daha da gücləndirilməsi məqsədilə  Sahibkarlığa Kömək Milli Fondu  tərəfindən  sahibkarlara   güzəştli kreditlər  verilib və bu kreditlər hesabına  minlərlə  yeni iş yerinin açılması üçün şərait yaradılıb. Həmin kreditlərin böyük həcmi  regionların payına düşür. Qarşıdakı illərdə  məşğulluğun artırılması məqsədilə regionlarda  ənənəvi istehsal sahələrinin, o cümlədən pambıqçılığın, tütünçülüyün, eləcə də xalçaçılığın  və digər sahələrin  inkişaf etdirilməsi üçün müvafiq tədbirlərin görüləcəyi bildirilir. Ölkə Prezidenti Zərdab ictimaiyyəti ilə görüşündə bildirmişdir: “Yeni iş yerlərinin yaradılması istiqamətində çox ciddi tədbirlər görülür. Bu gün bütün bölgələrimizdə çox böyük canlanma gedir. İnsanlar kənd təsərrüfatı ilə çox həvəslə məşğul olurlar, dövlət öz dəstəyini göstərir, subsidiyalar, güzəştli şərtlərlə gübrələr, yanacaq, texnika verilir. Yəni hər şey etməyə çalışırıq ki, insanlar daha da rahat yaşasınlar və dünya böhranının mənfi təsirindən özlərini qoruya bilsinlər.”

Ölkənin sənayeləşməsi istiqamətində aparılan islahatların sürətləndirilməsi də başlıca hədəf kimi müəyyənləşdirilib. Texnoparkların, emal müəssisələrinin, böyük sənaye komplekslərinin yaranması, ixrac yönümlü sənaye məhsullarının istehsalının artırılması  ilə ölkə  iqtisadiyyatının dayanıqlı inkişafı təmin olunur. Sənaye müəssisələrində innovasiya yönümlü texnologiyaların tətbiqinin stimullaşdırılması,  ixtisaslaşmış və ümumi təyinatlı sənaye şəhərciklərinin,  iqtisadi zonaların yaradılması ilə bağlı görülən işlərin davam etdirilməsi, sahibkarlığın inkişafına diqqətin artırılması,  iqtisadiyyatın şaxələndirilməsi kimi çağırışlar sənayeləşmənin həllinə  yönəlmiş  islahatlardandır.  Bölgələrdə yerli xammala əsaslanan sənaye müəssisələrinin fəaliyyətinin keyfiyyətcə müasir səviyyədə qurulması və yeni müəssisələrin yaradılması istiqamətində tədbirlərin davamlılığı  diqqətdən kənarda qalmır.  Təsadüfi deyil ki, Azərbaycan dünyanın ən islahatçı və  xoşbəxt ölkəsi kimi tanınır.  Düşünülmüş və  planlı şəkildə aparılan  islahatlar, müxtəlif sahələri əhatə edən dövlət proqramları və genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi Azərbaycanı dinamik inkişaf edən güclü, qüdrətli  bir dövlətə çevirmiş, nüfuzlu və etibarlı tərəfdaş kimi dünyada tanıtmışdır. Azərbaycanın 176 ölkənin dəstəyini qazanaraq   BMT-nin İqtisadi və Sosial Şurası kimi mötəbər quruma  üzv seçilməsi sosial-iqtisadi sahədə qazandığı uğurların və   beynəlxalq nüfuzunun təsdiqidir.

Davamlı islahatları ilə diqqət çəkən Azərbaycan beynəlxalq maliyyə qurumlarının hesabatlarında da birinciliyini qorumaqdadır. Ölkələrin biznes mühitini qiymətləndirən “Doing Business - 2016” hesabatında  Azərbaycanın   189 ölkə arasında  63-cü pilləyə yüksəlməsi uğurlu sosial-iqtisadi islahatların nəticəsidir. “Qlobal  Rəqabət Qabiliyyəti -  2015-2016” hesabatında Azərbaycan iqtisadiyyatı  rəqabətqabiliyyətlilik səviyyəsinə görə 140 ölkə arasında  40-cı yerdə  qərarlaşıb.

Azərbaycanın dövrün çağırışlarına uyğun təkmilləşməni həyata keçirməsi davamlı inkişafı şərtləndirən əsas amillərdəndir.  O da məlumdur ki, 26 sentyabrda ümumxalq səsverməsinə çıxarılan Konstitusiyaya əlavə və dəyişikliklərin bir hissəsi məhz idarəçilik sisteminin təkmilləşdirilməsinə,  dövlət siyasətinin  əsasında dayanan sahibkarlığın inkişafına xidmət edir. Əsas məqsəd Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək, yüksək gəlirli ölkəyə çevirmək və sosial müdafiəni daha da gücləndirməkdir. Tarif Şurasının son qərarı da dövlətimizin güclü sosial siyasətini əks etdirir.

Yeganə Əliyeva, “İki sahil”