İslam İnkişaf Bankı (IsDB) İdarə Heyətinin 364-cü iclasında Azərbaycan üçün 436,67 milyon ABŞ dolları məbləğində maliyyələşmə təsdiqlənib.
“İki sahil” bu barədə banka istinadən xəbər verir. Məlumata görə, maliyyə vəsaiti kənd təsərrüfatında məhsuldarlığın artırılması və suvarma sistemlərində su itkilərinin əhəmiyyətli dərəcədə azaldılması məqsədi daşıyır. Layihə dayanıqlı kənd inkişafına töhfə verməklə yanaşı, Azərbaycanın 2030-cu ilədək inkişaf prioritetlərinə uyğun şəkildə həyata keçiriləcək.
Bankın açıqlamasına görə, təşəbbüs yaşıl artımı təşviq edəcək, iqlim dəyişikliklərinə qarşı dayanıqlılığı gücləndirəcək və uzunmüddətli ərzaq təhlükəsizliyinin təmin olunmasına xidmət edəcək.
Qeyd edək ki, qərar IsDB-nin Ciddədə keçirilən iclasında qəbul olunub və üzv ölkələrdə dayanıqlı və inklüziv iqtisadi artımın dəstəklənməsi strategiyasının tərkib hissəsidir.