Milli Məclis “Avtomobil nəqliyyatı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda təsdiqləyib.
“İki sahil” xəbər verir ki, sənəd layihəsi parlamentin fevralın 24-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.
Qeyd edilib ki, son illərdə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarının bütün növləri üzrə ciddi islahatlar həyata keçirilib, qanunvericilik təkmilləşdirilib, son nəticədə daşımaların keyfiyyəti yüksəldilib. Görülən işlərin davamı olaraq avtomobil nəqliyyatı ilə daşımanın bir növü olan ölkədaxili sifarişli daşımalar (buraya taksi minik avtomobili ilə sərnişin daşımaları istisna olmaqla, qeyri-müntəzəm sərnişin daşımaları və ölkədaxili yük daşımaları aiddir) sahəsində, xüsusilə bu fəaliyyətə icazə verilməsi sahəsində təkmilləşdirilmənin aparılmasına ciddi zərurət yaranıb. Bir tərəfdən qeyri-müntəzəm sərnişin daşımalarına tələbatın artması, digər tərəfdən isə bu nəqliyyat vasitələrinin iştirakı ilə ağır yol-nəqliyyat hadisələrinin baş verməsinin yüksək olması təklif olunan dəyişikliklərin edilməsini labüd edir.
Eyni zamanda, qanun layihəsi ilə ölkədaxili sifarişli daşımaların növü olan qeyri-müntəzəm sərnişin daşımalarına münasibətdə, eləcə də müntəzəm beynəlxalq və şəhərlərarası (rayonlarası) sərnişin daşımalarına münasibətdə icazənin alınması üçün aşağıdakı icbari sığortaların olmasını təsdiq edən sənədlərin mövcudluğu da tələb olunacaq:
- avtonəqliyyat vasitəsi ilə daşınan sərnişinlərin fərdi qəza sığortası;
- avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası;
- avtonəqliyyat vasitəsi sürücüsünün bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta.
Təklif olunan digər dəyişiklik qeyri-müntəzəm sərnişin daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki göstəricilərinin, daxili və xarici tərtibatının müvafiq tələblərə uyğunluğu ilə (müntəzəm və taksi ilə sərnişin daşımalarında olduğu kimi) bağlıdır.
Dəyişikliklər çərçivəsində, həmçinin daşıyıcı anlayışı dəqiqləşdirilir.
Qanun layihəsi sərnişinlərin və yüklərin daşınmasında təhlükəsizlik səviyyəsinin yüksəlməsinə, keyfiyyətli xidmətin göstərilməsinə xidmət edir, müxtəlif sığorta hadisələri zamanı sığortaolunanların, xüsusilə zərərçəkən sərnişinlərin qorunmasına və onların həyatına və sağlamlığına zərər dəyməsinə görə sığorta təminatı yaradır.