Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Xocalı soyqırımına ilk dəfə siyasi-hüquqi qiymət verildi. Bu gün isə Prezident İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi “Xocalıya Ədalət!” kampaniyası sayəsində dünya birliyi bu həqiqətləri daha yaxından tanıyır. Bir çox ölkələr və beynəlxalq təşkilatlar bu hadisəni rəsmən soyqırımı aktı kimi qəbul ediblər. Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işin nəticəsidir ki, Xocalı soyqırımı bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınmışdır. Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstanın qanunverici orqanları tərəfindən müvafiq parlament qətnamələri qəbul edilmişdir. Xocalı soyqırımı ABŞ-ın 30-dan çox ştatının qanunvericilik qurumları və qubernator proklamasiyaları səviyyəsində tanınıb. 2013-cü ilin fevral ayında Qahirədə keçirilən İƏT İslam Zirvə Konfransının 12-ci sessiyasında qəbul olunan Yekun Kommünikedə üzv dövlətlər Xocalı soyqırımının tanınması istiqamətində zəruri səylər göstərməyə çağırılırlar. Avropa İnsan Hüquqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” kimi müəyyən etmişdir.
Uzun illər boyu Xocalı bizlər üçün həm də bitməyən bir intizar idi. Lakin 2020-ci ildə başlayan 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrındakı antiterror tədbirləri tarixin gedişatını dəyişdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və rəşadətli Azərbaycan əsgərinin canı-qanı bahasına bu gün Xocalı azaddır.
Şəhidlərimizin qisası döyüş meydanında alındı. Bu gün Xocalıda Azərbaycanın üçrəngli bayrağının dalğalanması həm qurbanlarımızın ruhuna ən böyük ehtiram, həm də xalqımızın sarsılmaz iradəsinin təntənəsidir. Artıq Xocalı bizim üçün təkcə kədər yeri deyil, həm də milli qürurumuzun və dirçəlişimizin simvoludur.
Biz Xocalını heç vaxt unutmayacağıq və unudulmasına imkan verməyəcəyik. Bu faciə bizim həm kədərimiz, həm də sarsılmaz milli birliyimizin rəmzidir. Gələcək nəsillər bilməlidir ki, müstəqilliyimiz hansı ağır sınaqlardan keçərək qazanılıb. Biz bir millət olaraq bu qanlı dərslərdən nəticə çıxarmışıq. Güclü dövlət, güclü Ordu və sarsılmaz xalq-iqtidar birliyi bizim gələcək faciələrdən sığortamızdır.
Anar Məmmədov,
Milli Məclisin deputatı