“Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Xocalı faciəsi – Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır – vəhşiliyin görünməmiş təzahürüdür”.Bu fikirlər Heydər Əliyev tərəfindən səsləndirilmiş və Xocalı faciəsinin mahiyyətini dolğun şəkildə ifadə edən tarixi qiymətləndirmə kimi yadda qalmışdır. Həqiqətən də, Xocalıda baş verən hadisələr yalnız bir şəhərin taleyi ilə bağlı deyil, bütövlükdə insanlığa qarşı törədilmiş ağır cinayətin nümunəsidir.
1992-ci ilin fevral ayında Xocalı şəhərində baş verən faciə Azərbaycan xalqının yaddaşında silinməz iz buraxmışdır. Bu hadisə nəticəsində yüzlərlə dinc sakin həyatını itirmiş, minlərlə insan doğma torpaqlarından didərgin düşmüşdür. Qadınlar, uşaqlar və yaşlı insanlar bu amansız hücumun əsas qurbanlarına çevrilmişdir. Şəhər mühasirəyə alınaraq sakinlər uzun müddət ərzaq, elektrik enerjisi və tibbi yardımdan məhrum edilmiş, ağır şəraitdə yaşamağa məcbur olmuşdular.
Hücum zamanı şəhərin yaşayış evləri, sosial obyektləri və digər infrastrukturu tamamilə dağıdılmışdır. Bir vaxtlar insanların gülüş səsi ilə dolu olan küçələr qısa müddət ərzində xarabalığa çevrilmişdir. Xocalının məhv edilməsi yalnız maddi dağıntı ilə məhdudlaşmamış, eyni zamanda şəhərin sosial-mədəni həyatına da ağır zərbə vurmuşdur. Bu dağıntılar insanların həyatında dərin mənəvi izlər buraxmışdır.
Faciə zamanı çoxsaylı ailələr parçalanmış, valideynlərini itirən uşaqlar ağır psixoloji sarsıntı keçirmişdir. Öz doğma yurd-yuvalarını tərk etmək məcburiyyətində qalan sakinlər uzun illər məcburi köçkün həyatı yaşamalı olmuşdular. Onlar yalnız evlərini deyil, eyni zamanda uşaqlıqlarının keçdiyi küçələri, xatirələrini və həyatlarının bir parçasını arxada qoymuşdular.
Xocalıda baş verən hadisələr beynəlxalq humanitar hüququn prinsiplərinin kobud şəkildə pozulmasının bariz nümunəsi idi. Müharibə şəraitində belə dinc əhaliyə qarşı zorakılıq hallarının törədilməsi insanlığa qarşı cinayət hesab olunur. Bu hadisə bir daha sübut etdi ki, müharibənin belə müəyyən qaydaları vardır və bu qaydaların pozulması ağır nəticələrə gətirib çıxarır.
Bu gün Xocalı faciəsinin beynəlxalq aləmdə tanıdılması istiqamətində mühüm işlər görülür. Müxtəlif ölkələrdə keçirilən tədbirlər, konfranslar və anım mərasimləri vasitəsilə bu faciə haqqında həqiqətlər dünya ictimaiyyətinə çatdırılır. Bu, yalnız keçmişin xatırlanması deyil, eyni zamanda ədalətin bərpası istiqamətində atılan mühüm addımdır.
Hər il fevral ayında ölkəmizin müxtəlif bölgələrində keçirilən anım tədbirləri Xocalı qurbanlarının xatirəsinin yaşadılması baxımından böyük əhəmiyyət daşıyır. Bu tədbirlər gənc nəslin tariximizi unutmaması, milli yaddaşımızın qorunması və vətənpərvərlik ruhunun gücləndirilməsi üçün mühüm rol oynayır.
Tarix göstərir ki, unutqanlıq yeni faciələrin baş verməsinə zəmin yaradır. Buna görə də Xocalı hadisələrinin gələcək nəsillərə çatdırılması, onların yaddaşında yaşadılması vacibdir. Bu, həm keçmişə ehtiramın, həm də gələcəkdə belə hadisələrin təkrarlanmaması üçün bir zəmanətdir.
Xocalı faciəsi Azərbaycan xalqının yaddaşında daim yaşayacaqdır. Bu hadisə yalnız keçmişin bir səhifəsi deyil, həm də gələcək nəsillər üçün bir dərsdir. Xocalı – bir xalqın yaşadığı ağrının, itkinin və mübarizənin simvoludur.
Turanə Əmiraslanova,
YAP Xətai rayon təşkilatının fəalı