25 fevral 2026 01:17
100

Yorğunluqdan şikayətiniz varsa...

Enerjini artırmağın 5 elmi əsaslı yolu açıqlanıb

Gün ərzində özünü halsız və enerjisiz hiss etmək, səhərlər oyanmaqda çətinlik çəkmək və kifayət qədər istirahətə baxmayaraq yorğunluğun keçməməsi son illərdə bir çox insanların ümumi şikayətlərindən birinə çevrilib. Mütəxəssislər bildiriblər ki, davamlı halsızlıq sadəcə həyat tərzinin nəticəsi deyil, əksər hallarda orqanizmin verdiyi mühüm xəbərdarlıq siqnalıdır və səbəbi araşdırılmalıdır. Həkimlərin sözlərinə görə, düzgün vərdişlər və elmi əsaslara söykənən yanaşma orqanizmin enerji səviyyəsini əhəmiyyətli dərəcədə artırmağa kömək edə bilər.

Mövzu ilə bağlı açıqlama verən türkiyəli mütəxəssis Rıdvan Sivritepe qeyd edib ki, halsızlıq təkbaşına xəstəlik hesab olunmasa da, bir çox sağlamlıq probleminin erkən göstəricisi ola bilər. Onun sözlərinə görə, uzun müddət davam edən yorğunluq anemiya (qan azlığı), qalxanabənzər vəzi xəstəlikləri, diabet, vitamin və mineral çatışmazlığı və ya xroniki infeksiyalarla əlaqəli ola bilər. Bu səbəbdən belə hallarla üzləşdikdə mütləq tibbi müayinədən keçilməlidir.

Mütəxəssis əlavə edib ki, xüsusilə dəmir çatışmazlığı, B12 və D vitamini səviyyəsinin aşağı olması halsızlığın ən çox rast gəlinən və müalicəsi mümkün səbəbləri sırasındadır. Lakin vitamin və ya qida əlavələrinin həkim məsləhəti və laboratoriya analizləri olmadan qəbul edilməsi tövsiyə edilmir, çünki bu, arzuolunmaz nəticələrə səbəb ola bilər.

Həkimin sözlərinə görə, yuxu rejimi də enerji səviyyəsinə birbaşa təsir göstərir. Gec saatlara qədər telefonun və ya kompüterin ekranına baxmaq, nizamsız yuxu saatları və tez-tez oyanmaq gün ərzində halsızlıq hissini artırır. Hər gün eyni saatda yatmaq və oyanmaq bioloji ritmi tənzimləyir və orqanizmin daha enerjili olmasına kömək edir.

Qidalanma vərdişlərinin də bu məsələdə mühüm rolu olduğunu qeyd edən mütəxəssis bildirib ki, sadə karbohidratlarla zəngin və nizamsız qidalanma qanda şəkərin səviyyəsinin sürətlə yüksəlib enməsinə səbəb olur ki, bu da ani enerji itkisi yaradır. Zülal, lif və sağlam yağlarla balanslaşdırılmış qidalanma isə gün ərzində enerjinin daha sabit qalmasına kömək edir. Bundan əlavə, fiziki hərəkətsizlik də halsızlıq yaradan amillərdən biridir. Həkim bildirib ki, paradoksal görünsə də, müntəzəm və orta intensivlikli fiziki aktivlik orqanizmin enerji istehsalını artırır. Həftədə bir neçə dəfə edilən sürətli gəzinti belə həm fiziki, həm də zehni enerji səviyyəsini yüksəldə bilər.

Mütəxəssislər vurğulayıblar ki, davamlı halsızlıq orqanizmin ciddi siqnalı kimi qəbul edilməlidir. Əgər yorğunluq uzun müddət davam edirsə səbəbi müəyyənləşdirilməli və fərdi müalicə planı qurulmalıdır. Düzgün diaqnoz və sağlam həyat tərzinə keçmək üçün tətbiq edilən dəyişikliklər orqanizmin enerji səviyyəsinin bərpasında əsas rol oynayır.

Şahnigar Əhmədova, “İki sahil”