24 fevral 2026 17:11
131

Ölkəmizdə at xəstəliklərindən azad zonaların yaradılması istiqamətində işlərə başlanılıb

Avropa ölkələri atların idxalı zamanı ciddi epizootik və biotəhlükəsizlik tələbləri tətbiq edir. Bu tələblər Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (ÜHST) tərəfindən müəyyən edilmiş beynəlxalq standartlara əsaslanır. Mövcud mexanizmlər tam uyğunlaşdırılmadıqda isə idman atlarının xaricə daşınması zamanı əlavə prosedurlar və məhdudiyyətlər yarana bilər.
“İki sahil” xəbər verir ki, idman atlarımızın beynəlxalq yarışlarda, xüsusilə Avropa turnirlərində fasiləsiz iştirakını təmin etmək məqsədilə ölkəmizdə “at xəstəliklərindən azad zona” və ya “kompartment” modelinin yaradılması istiqamətində işlərə başlanılıb.
Bu məqsədlə keçirilən görüşdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA), ÜHST-nin, Kənd Təsərrüfatı Nazirliyinin, Aqrar Xidmətlər Agentliyinin, Azərbaycan Atçılıq Federasiyasının nümayəndələri və beynəlxalq ekspertlər iştirak ediblər. 
AQTA-nın sədr müavini Balarəhim Quliyev bildirib ki, müvafiq statusun əldə olunması üçün obyektlərdə ÜHST-nin Quruda yaşayan heyvanların sağlamlığı Məcəlləsinin tələblərinə uyğun infrastruktur qurulmalı, sanitariya-gigiyena və biotəhlükəsizlik tədbirləri tam təmin edilməli, eləcə də idman atlarının hərəkətinə dair xüsusi nəzarət və izləmə sistemi tətbiq olunmalıdır.
Bu tələblər yerinə yetirildikdən sonra ÜHST-yə rəsmi müraciət ediləcək və müvafiq obyektlərin azad zona və ya kompartment kimi tanınması mümkün olacaq.
Həmin status ölkəmizin beynəlxalq səviyyədə rəsmi tanınmasına, idman atlarının isə yarış keçirilən ölkələrə daha operativ və məhdudiyyətsiz daşınmasına imkan yaradacaq.
Layihə çərçivəsində beynəlxalq ekspertlər tərəfindən infrastrukturun beynəlxalq standartlara uyğunlaşdırılması, baytarlıq və biotəhlükəsizlik prosedurlarının hazırlanması istiqamətində metodiki dəstək göstəriləcək. 
Bu təşəbbüs həm at xəstəlikləri riskinin minimuma endirilməsinə, həm də Azərbaycanın beynəlxalq atçılıq yarışlarında nüfuzunun və təmsilçiliyinin gücləndirilməsinə xidmət edir.