24 fevral 2026 18:53
98

Sənayeləşmədə yeni dövr

2026-cı ildə sənaye zonalarında 16 yeni müəssisə fəaliyyətə başlayacaq, ikisinin təməli qoyulacaq

Ölkəmizdə sənayenin yeni modellərin tətbiqi ilə inkişafı dayanıqlı iqtisadi artım üçün böyük əhəmiyyət kəsb edir. Bu baxımdan iqtisadi şaxələndirmədə mühüm istiqamətlərdən biri də qeyri-neft sənayesinin inkişafıdır. Bu istiqamətdə yeni istehsal müəssisələri və iş yerləri yaradılır, sənayenin yeni üsul və texnologiyalarla inkişafına, əhalinin məşğulluq səviyyəsinin və rifahının yüksəldilməsinə əhəmiyyətli töhfələr verilir.

Dövlət başçısının təşəbbüsü ilə yaradılmış sənaye zonaları yeni dövrdə sənayenin inkişafında mühüm rol oynayır. Sənaye zonalarına daxil olan sənaye parkları və məhəllələri, eləcə də aqroparklar kimi səmərəli mexanizmlər ixracyönümlü məhsulların istehsalının genişləndirilməsinə, innovativ və rəqabətqabiliyyətli sənayenin inkişafına, istehsal sahəsində iş yerlərinin artırılmasına yeni imkanlar açır. Hazırda Azərbaycanda İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində 8 əsas sənaye parkı (Sumqayıt, Hacıqabul, Mingəçevir, Qaradağ, Pirallahı, Balaxanı, Ağdam və “Araz Vadisi İqtisadi Zonası”) və 2026-cı ildə təsis edilmiş Qərb Sənaye Parkı fəaliyyət göstərir. Sənaye parklarında sahibkarlığın inkişafına əlverişli şərait yaradılıb və rezidentlər üçün stimullaşdırıcı mexanizmlər tətbiq olunur. Sənaye parklarının rezidentləri dövlət vəsaiti hesabına hazır infrastrukturla - qaz, işıq, su, kanalizasiya, fiber-optik, daxili avtomobil və dəmir yolları xətləri ilə təmin edilirlər. Rezidentlər qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, gəlir vergilərindən, həmçinin istehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından azad olunurlar. Bundan başqa, işğaldan azad olunmuş ərazilərdəki sənaye parklarında əlavə - kommunal xidmətlər üzrə, məcburi dövlət sosial sığorta haqqının subsidiyalaşdırılması, kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi və kredit faizlərinin subsidiyalaşdırılması, həmçinin müəyyən edilmiş bir sıra iqtisadi fəaliyyət sahələri üzrə xammal və materialların idxalının əlavə dəyər vergisi və gömrük rüsumundan azad olunması ilə bağlı güzəştlər tətbiq edilir.

Ötən il sənaye zonalarında 14 müəssisə fəaliyyətə başlayıb. Bu müəssisələr tərəfindən sənaye zonalarına ümumilikdə 136 milyon manat investisiya yatırılıb, 1100 daimi iş yeri yaradılıb. İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında indiyədək investisiya portfeli 8,7 milyard manatdan artıq olan 138 sahibkarlıq subyektinə rezidentlik, 13 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Sahibkarlar tərəfindən sənaye zonalarına 7 milyard manat sərmayə yatırılıb, 82 müəssisə fəaliyyətə başlayıb, 9700-dən artıq daimi iş yeri yaradılıb.

İZİA-nın İdarə Heyətinin sədri Seymur Adıgözəlov mətbuata açıqlamasında bildirib ki, ötən il agentliyin idarəçiliyində olan sənaye zonalarında 25 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. 2015-2025-ci illərdə sənaye zonalarında ümumi dəyəri 19 milyard manatdan artıq məhsul satışı həyata keçirilib, bunun da 6 milyard manatdan artıq hissəsi ixrac edilib. 2025-ci ildə İZİA-nın idarəçiliyində olan sənaye zonalarında 4 milyard manata yaxın satış həyata keçirilib ki, bunun da 1,2 milyard manatlıq hissəsi ixracın payına düşür. Sənaye zonalarında istehsal edilən məhsullar dünyanın 70-dən çox ölkəsinə ixrac edilir. 2025-ci ildə sənaye zonalarının qeyri-neft sənayesi məhsulları istehsalında xüsusi çəkisi 19,1 faiz, qeyri-neft ixracında isə 33,9 faiz təşkil edib. İqtisadi zonalarda 2016-cı ildə cəmi 10,4 milyon xarici investisiya cəlb olunmuşdusa, yalnız 2025-ci ildə bu rəqəm 87,9 milyon manat səviyyəsinə çatıb. Həmçinin bu il Azərbaycandakı sənaye zonalarında 16 yeni müəssisənin fəaliyyətə başlaması, daha 2 müəssisənin təməlinin qoyulması planlaşdırılır. Seymur Adıgözəlovun sözlərinə görə sənaye zonalarının genişləndirilməsi prosesi bu ilin ilk ayından etibarən sürətlə davam edir: "Artıq yanvar ayında Prezident İlham Əliyev Sumqayıt Sənaye Parkında iki müəssisənin açılışını edib, bir müəssisənin təməlini qoyub. Dövlət başçısının sənaye zonalarının inkişafına göstərdiyi diqqət və dəstək bu sahənin ölkənin iqtisadi siyasətində prioritet istiqamətlərdən olduğunu bir daha təsdiq edir. Əsas məqsəd sənaye zonalarını ölkə iqtisadiyyatının uzunmüddətli və dayanıqlı inkişafını təmin edən strateji mərkəzlərə çevirməkdir".

Ümumilikdə, respublikamızda fəaliyyət göstərən sənaye parklarında potensialın artması qeyri-neft sənayesinin inkişafını təmin etməklə, bu sektorun əsas əlavə dəyəri formalaşdıran fiskal  sahə olduğunu göstərir. Bu ardıcıl xarakter daşıyan sənayeləşmə strategiyasının nəticəsidir ki, sənayenin ÜDM-də və qeyri-neft ixracında payı yüksəlir.

Sevinc Azadi, “İki sahil”