25 fevral 2026-cı il tarixdə Kürdəmir şəhər Səyavuş Paşayev adına 6 saylı tam orta məktəbində YAP Kürdəmir rayon təşkilatının “C.Cabbarlı küçəsi 1” ərazi partiya təşkilatında Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə YAP Kürdəmir rayon təşkilatının sədr müavini Elxan Qafarov və partiya üzvləri iştirak edib.
“İki sahil” xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları məktəbin giriş zalında olan Ulu Öndər Heydər Əliyevin büstünün önünə gül dəstələri düzüblər. 26 Fevral Xocalı soyqırımı adlı foto sərgisinə baxış oldu. Daha sonra müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda, 26 Fevral Xocalı soyqırımında canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Kürdəmir rayon təşkilatının sədr müavini Elxan Qafarov Xocalı soyqırımının 34-cu ildönümü ilə əlaqədar olaraq bildirdi ki, 1988-ci ildən başlamış Ermənistan-Azərbaycan münaqişəsi dövründə ən faciəli, tarixdə analoqu çox az olan hadisələrdən biri Xocalıda baş vermiş soyqırım olmuşdur. 1992-ci ilin fevralın 25-dən 26-a keçən gecə cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində Xocalı əhalisindən 613 nəfər öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin-qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərinə məruz qalmışlar. 150 nəfərin taleyi hələ də məlum deyil. Bu əsl soyqırım idi. Xocalıda öldürülmüş 613 nəfərdən 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri qocadır. Faciə zamanı 8 ailə bütövlükdə məhv edilmiş, 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. Şanlı Vətən müharibəsində qisası alınan Xocalı bu gün özünün yeni dövrünü yaşayır. 2023-cü il oktyabrın 15-də Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Xocalıda Azərbaycan Bayrağını qaldırdı. Bu, erməni faşizminin və separatizminin Azərbaycan torpaqlarında bundan sonra bir daha baş qaldıra bilməyəcəyinə dair bütün dünyaya göndərilən bir mesaj oldu. Artıq Xocalıda da möhtəşəm abadlıq-quruculuq işləri böyük vüsətlə həyata keçirilir.
Tədbirdə çıxış edən partiyanın üvzü, Kürdəmir şəhər Səyavuş Paşayev adına 6 saylı tam orta məktəbin direktoru Səyyaf Zülfiqarov bildirib ki , 1992-ci il fevralın 25-dən 26-na keçən gecə minlərlə insan doğma yurd-yuvasından didərgin salınıb. Bu faciənin azərbaycanlılara qarşı həyata keçirilmiş sistemli etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğunu vurğulamışdır.
Tədbirdə çıxış edən Kürdəmir şəhər Səyavuş Paşayev adına 6 saylı tam orta məktəbin direktor müavini, “C.Cabbarlı küçəsi 1” ərazi partiya təşkilatının sədri Türfə Kərimova bildirib ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il 24 fevralda Milli Məclisin qərarı ilə hər il fevralın 26-sı “Xocalı Soyqırımı Günü” kimi yad olunması və bu barədə beynəlxalq təşkilatlara məlumat verilməsi ilə Xocalı soyqırımına ilk dəfə siyasi qiymət verilmiş oldu. Ulu Öndərin təşəbbüsü ilə əsrin bu böyük faciəsi dövlət tərəfindən öz layiqli qiymətini aldı.
Tədbirdə çıxış edən ərazi partiya təşkilatının üzvləri Qızlar Əzizova, Sevda Qədirova, Mariya Məmmədova qeyd ediblər ki, Xocalı qurbanlarının xatirəsi daim uca tutulur və onların əziz xatirəsi xalqımızın qəlbində yaşayır.
Nizami rayonunda “Dirçələn Qarabağ, abadlaşan Xocalı” mövzusunda tədbir keçirilib