25 fevral 2026 11:01
58

Xocalı sakini: İstəyirəm ki, Xocalı tezliklə bölgənin ən inkişaf etmiş şəhərlərindən birinə çevrilsin

Xocalı soyqırımından 34 il keçir

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni faşistlərinin  törətdikləri soyqırımı, insan təfəkkürünə sığmayan vəhşilikləri nəticəsində Xocalı şəhəri yerlə-yeksan edildi. Bu şəhərin qocalı, uşaqlı 613 sakini qəddarlıqla öldürüldü. 150 nəfər itkin düşdü. 1275 nəfər əsir götürüldü. Əsirlər ağır işgəncələrə məruz qaldılar.

Bu sözləri hazırda Xocalı rayon İcra Hakimiyyətində çalışan Xəlil Şahmar oğlu Vəliyev “İki sahil” qəzetinə açıqlamasında bildirdi: “Onda mənim 24 yaşım var idi. Demək olar ki, Xocalıda baş verən hadisələrin içində olmuşam. Bu hadisə heç də təsadüfi olmayıb. Yəni, Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir. Onu da deyim ki, bu faciəyə qədər bütün Qarabağ, o cümlədən Xocalı döyüşdü, erməni qəsbkarlarına qarşı mübarizə apardı. Hətta deyərdim ki, 1991-ci ildə təşkil olunmuş Xocalı özünümüdafiə batalyonunun Xocalının müdafiəsində xidmətləri böyükdür. Şəxsən mən də bir tələbə kimi bu batalyonun üzvü olmuşam. Buna qədər isə şəhəri Sabir Məmmədovun rəhbərlik etdiyi Xocalının milis dəstəsi müdafiə edirdi. Bu prosesdə Xocalı aeroportunun komendantı, Milli Qəhrəmanımız Əlif Hacıyevin də xidmətləri danılmazdır. O zaman Bakıdan Xocalıya şəhid Milli Qəhrəman Aqil Quliyevin rəhbərlik etdiyi 21 nəfərdən ibarət qrup da kömək məqsədi ilə gəlmişdi. Onlar aeroportu müdafiə edirdilər. Xocalı aeroportu strateji əhəmiyyətə malik obyekt idi. Həmin günlərdə Gəncədən gəlmiş sonuncu vertolyotla 300 nəfəri (qocalar, qadınlar, uşaqlar) xocalını da yola sala bildik. Onu da deyim ki, onlar çıxarılmasaydı, Xocalı qurbanlarının sayı daha çox olardı.

 Bütün bunlarla yanaşı, şəhər əhalisi, o cümlədən qadınlar da postlar quraraq müdafiədə iştirak edirdi. Dörd tərəfdən ermənilərin əhatəsində olan Xocalı belə müdafiə olunurdu. Təəssüf ki, bütün bunların heç bir nəticəs olmadı. Nəticədə Xocalı soyqırımı baş verdi”.

Müsahibimizin sözlərinə görə, həmin gün onun atası, qardaşı və qardaşının 3 yaşlı uşağı girov götürülüb, atasının bacısı isə şəhid olub: “Yeri gəlmişkən, Xocalı faciəsinin Azərbaycan xalqının qan yaddaşı olduğunu dəfələrlə bəyan etmiş Ulu Öndər Heydər Əliyev, həmçinin dövlətimizin başçısı İlham Əliyev hadisələrə beynəlxalq aləmdə əsl siyasi qiymətin verilməsinin zərurliyini vurğulayıb, bu məsələnin dünya ictimaiyyətinə çatdırılması üçün xüsusi səy göstərib. Xocalı həqiqətlərinin dünyaya çatdırılması istiqamətində Heydər Əliyev Fondunun gördüyü işləri xüsusi minnətdarlıq hissi ilə qeyd etmək istərdim”.

Uzun illərdən sonra yenidən doğma şəhərində ata ocağına qayıdışın sevincini və qürurunu yaşayan Xəlil Vəliyev bildirdi ki, Xocalıya qayıdış o ağrılara məlhəm olub: “2024 çü ilin may ayının 29-dan buradayam. Çox sevincliyəm. Bundan gözəl günlər ola bilməz. Allah bunu mənə nəsib elədi. Buna görə Azərbaycan Ordusuna, onun Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevə təşəkkür edirəm. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı diləyirəm. Bəli, məhz onlar bizi el-obamıza qovuşdurdular. Biz hər zaman onlara borcluyuq. Xocalıya qayıdışımız bizim üçün xoşbətlikdir. Allahdan arzum odur ki, bir daha müharibə olmasın. Nə qədər kədərli olsa da, bu qayıdışımızla şəhidlərimizin də ruhunun rahatlıq tapdığını düşünür və təsəlli tapıram. İnandırım sizi, mən onları hər gün anıram. Onu da deyim ki, əhd etmişdim ki, Xocalıya ayaqyalın gedəcəyəm. Buna da əməl etdim, "Xocalı" yazılan lövhədən sonra ayaqyalın tikanlı kolların içərisindən keçdim. Çöküb o torpaqları öpdüm. Bununla da 34 il çəkdiyim əzab-əziyyəti özümdən yox etdim".

Müsahibimizin sözlərinə görə, hazırda yenidən abadlaşdırılan, yenidən qurulan Xocalıya, həmçinin onun kəndlərinə Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Böyük Qayıdış davam edir: “İstəyirəm ki, Xocalı tezliklə bölgənin ən inkişaf etmiş şəhərlərindən birinə çevrilsin. Buna görə də hər bir şəhər sakini buna çalışmalıdır. Mənim üçün dünyanın mərkəzi Xocalıdır, ən müqəddəs nöqtəsi də buradır”.

Qvami Məhəbbətoğlu, “İki sahil”