Ekspert: Prezident İlham Əliyev tərəfindən BMT-nin “Kibercinayətkarlığa qarşı” Konvensiyasının təsdiqlənməsi ölkəmizin qlobal rəqəmsal təhlükəsizlik arxitekturasında yerini strateji şəkildə möhkəmləndirir
Birləşmiş Millətlər Təşkilatı çərçivəsində qəbul edilmiş “Kibercinayətkarlığa qarşı” Konvensiyanın Azərbaycan tərəfindən təsdiqlənməsi ölkənin rəqəmsal təhlükəsizlik siyasətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Prezident bununla bağlı "İnformasiya və kommunikasiya texnologiyaları sistemlərindən istifadə etməklə törədilən müəyyən cinayətlərlə mübarizədə və ağır cinayətlərə aid olan sübutların elektron formada mübadiləsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi - Birləşmiş Millətlər Təşkilatının Kibercinayətkarlığa qarşı" Konvensiyasının təsdiqi ilə qanunu imzalayıb. Bu qərar Azərbaycanın qlobal rəqəmsal təhlükəsizlik arxitekturasına inteqrasiyasını daha da möhkəmləndirir və beynəlxalq hüquqi əməkdaşlıq platformalarında fəal iştirakını təsdiqləyir.

Məlum olduğu kimi, müasir dövrdə informasiya və kommunikasiya texnologiyalarının sürətli inkişafı ilə paralel olaraq kibercinayətkarlıq da transmilli xarakter alıb. Dövlət sərhədlərini aşan rəqəmsal hücumlar, maliyyə fırıldaqları, şəxsi məlumatların qanunsuz ələ keçirilməsi, kritik infrastruktur obyektlərinə yönəlmiş kiberhücumlar artıq qlobal təhlükəsizlik üçün ciddi təhdid sayılır. Bu baxımdan BMT səviyyəsində vahid hüquqi çərçivənin formalaşdırılması zərurətə çevrilmişdi. Yeni Konvensiya məhz bu ehtiyacdan irəli gələrək informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə törədilən cinayətlərin qarşısının alınması, aşkar edilməsi, araşdırılması və təqibi sahəsində dövlətlər üçün ümumi hüquqi standartlar müəyyən edir.
Preambula, 9 fəsil və 68 maddədən ibarət olan sənəd dövlət suverenliyinə və konstitusion prinsiplərə hörmət prinsipini əsas götürür. Konvensiyada insan hüquq və azadlıqlarının qorunması xüsusi vurğulanır, cinayət təqibi tədbirlərinin qanunçuluq, proporsionallıq və məhkəmə nəzarəti çərçivəsində həyata keçirilməsi əsas tələb kimi müəyyən edilir. Bu isə rəqəmsal təhlükəsizlik ilə fundamental hüquqlar arasında balansın qorunmasını təmin edən mühüm mexanizm hesab olunur.
Konvensiyanın mühüm cəhətlərindən biri də qarşılıqlı hüquqi yardım prosedurlarının sadələşdirilməsi və standartlaşdırılmasıdır. Müasir kibercinayətlərin böyük əksəriyyəti bir neçə ölkənin yurisdiksiyasını əhatə edir və sübutların əhəmiyyətli hissəsi elektron formada saxlanılır. Bu baxımdan sübutların operativ şəkildə əldə olunması və mübadiləsi üçün beynəlxalq əməkdaşlıq mexanizmlərinin aydın və effektiv olması vacibdir. Yeni sənəd hüquq-mühafizə orqanları arasında məlumat mübadiləsini sürətləndirməklə yanaşı, xarici rəqəmsal xidmət provayderləri və platformalarla əməkdaşlıq üçün hüquqi müəyyənlik yaradır. Bu isə məlumatların qanuni əldə edilməsi və istifadəsi prosesini daha səmərəli və şəffaf edir.
Konvensiya eyni zamanda institusional potensialın gücləndirilməsi, ixtisasartırma proqramlarının təşkili və təcrübə mübadiləsinin təşviqi kimi mexanizmləri də nəzərdə tutur. Bu müddəalar kibercinayətkarlıqla mübarizədə yalnız normativ baza deyil, həm də praktik bacarıqların və texniki imkanların artırılmasını hədəfləyir. Xüsusilə inkişaf etməkdə olan ölkələr üçün bu istiqamət böyük əhəmiyyət daşıyır, çünki rəqəmsal mühitdə təhlükələrin qarşısının alınması üçün peşəkar kadr potensialı və müasir texnoloji resurslar həlledici rol oynayır.
Azərbaycanın sözügedən beynəlxalq sənədi ratifikasiya edən ilk dövlətlərdən biri, hətta potensial olaraq ilk dövlət kimi çıxış etməsi ölkənin qlobal təşəbbüslərə açıq mövqeyini və beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirir. Bu addım həm də Azərbaycanın informasiya təhlükəsizliyi sahəsində milli qanunvericiliyinin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində ardıcıl siyasət yürütməsinin məntiqi davamıdır. Rəqəmsal transformasiya prosesinin sürətlə getdiyi, elektron hökumət xidmətlərinin genişləndiyi və rəqəmsal iqtisadiyyatın prioritet istiqamətə çevrildiyi bir mərhələdə belə bir Konvensiyanın təsdiqi strateji əhəmiyyət daşıyır.
Nəticə etibarilə, BMT-nin “Kibercinayətkarlığa qarşı” Konvensiyasının təsdiqi Azərbaycanın qlobal kibertəhlükəsizlik sistemində mövqeyini möhkəmləndirir, beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirir və rəqəmsal mühitdə hüquqi təhlükəsizliyin təmin olunmasına töhfə verir. Bu sənəd yalnız hüquqi çərçivə deyil, həm də dövlətlər arasında etimadın, koordinasiyanın və birgə məsuliyyətin gücləndirilməsi baxımından mühüm platforma rolunu oynayır.

Beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, İlham Əliyev tərəfindən BMT-nin “Kibercinayətkarlığa qarşı” Konvensiyasının təsdiqlənməsi Azərbaycanın qlobal rəqəmsal təhlükəsizlik və beynəlxalq hüquqi əməkdaşlıq sisteminə inteqrasiyası baxımından mühüm və strateji əhəmiyyətli addımdır: “Müasir dövrdə kiberməkan artıq yalnız texnoloji platforma deyil, eyni zamanda iqtisadiyyatın, maliyyə sisteminin, dövlət idarəçiliyinin və milli təhlükəsizliyin ayrılmaz tərkib hissəsidir. Bu baxımdan, kibercinayətkarlığa qarşı vahid beynəlxalq hüquqi çərçivənin formalaşdırılması qlobal idarəetmənin keyfiyyətcə yeni mərhələyə keçidinin göstəricisidir.
Sözügedən Konvensiya dövlətlər arasında hüquqi beynəlxalq standartların uyğunlaşdırılmasına, kibercinayətlərin qarşısının alınmasında operativ beynəlxalq əməkdaşlığın gücləndirilməsinə və transmilli rəqəmsal təhdidlərə qarşı daha effektiv mübarizə mexanizmlərinin formalaşmasına xidmət edir. Bu isə öz növbəsində kiberməkanda hüquqi boşluqların azalmasına və qlobal səviyyədə daha təhlükəsiz və sabit rəqəmsal mühitin yaradılmasına imkan verir.
Eyni zamanda, bu addım rəqəmsal iqtisadiyyatın inkişafı üçün etibarlı hüquqi zəmin yaradır, investorların və biznes subyektlərinin rəqəmsal mühitə olan etimadını artırır və ölkələrin beynəlxalq rəqəmsal iqtisadi sistemdə mövqelərini gücləndirir.
Azərbaycanın bu Konvensiyaya qoşulması ölkəmizin beynəlxalq öhdəliklərinə sadiqliyinin, qlobal çağırışlara adekvat reaksiya vermək qabiliyyətinin və müasir rəqəmsal idarəetmə prinsiplərinə uyğun inkişaf strategiyası həyata keçirdiyinin bariz nümunəsidir”.
Asif İbrahimov sonda qeyd etdi ki, ümumilikdə, kiberməkanda vahid beynəlxalq hüquqi rejimin formalaşması gələcəkdə daha koordinasiyalı, təhlükəsiz və proqnozlaşdırılan qlobal idarəetmə sisteminin qurulmasına mühüm töhfə verəcəkdir.
Nigar Orucova, “İki sahil”