Beynəlxalq Valyuta Fondunun missiyası fevralın 4-dən 17-dək Bakıda səfərdə olub. Missiyaya rəhbərlik edən Anna Bordon ölkənin makroiqtisadi vəziyyəti, maliyyə sektoru, iqtisadi perspektivlər, risklər və dayanıqlı artımı təşviq edən siyasət istiqamətləri üzrə müzakirələr aparıb. Nümayəndə heyəti hökumət rəsmiləri, maliyyə sektorunun təmsilçiləri və beynəlxalq maliyyə institutlarının nümayəndələri ilə görüşlər keçirib.
Azərbaycan iqtisadiyyatı qarşıdakı illərdə qlobal iqtisadi dəyişkənlik fonunda sabit və balanslı inkişaf modelini davam etdirəcək. Bu hədəflər Beynəlxalq Valyuta Fondunun (BVF - International Monetary Fund) 2023–2031-ci illəri əhatə edən proqnozlarında əksini tapıb. BVF-nin qiymətləndirmələrinə əsasən, ölkədə makroiqtisadi sabitlik qorunur, artımın strukturunda isə qeyri-neft sektorunun rolu daha da güclənir.
Proqnozlara uyğun olaraq, 2024-cü ildə Azərbaycanda real ÜDM artımı 4,2 faiz təşkil edib. Ortamüddətli perspektivdə artım tempinin 2–2,5 faiz intervalında sabitləşəcəyi gözlənilir. Bu dinamika iqtisadiyyatın daha dayanıqlı modelə keçidini əks etdirir. Fondun proqnozlarına görə, 2027-2031-ci illərdə ölkə iqtisadiyyatı hər il orta hesabla 2,5 % artacaq. Neft-qaz ÜDM-i 2026-cı ildə 2 % azalacaq, sonrakı illərdə isə - 2032-ci ilə qədər - hər il 0,5 % azalacaq. Eyni zamanda, IMF-nin qiymətləndirməsinə görə, qeyri-neft ÜDM-i 2026-cı ildə 3,7 %, 2027-ci ildə 3,6 %, 2028–2032-ci illərdə isə orta hesabla illik 3,5 % artacaq.

Əsas hərəkətverici qüvvə qeyri-neft sektorudur
BVF-nin hesabatında qeyd olunur ki, artımın əsas hərəkətverici qüvvəsi qeyri-neft sektorudur. 2024-cü ildə bu sahədə 6,5 faiz artım qeydə alınıb. Sonrakı illərdə də qeyri-neft iqtisadiyyatında 3–4 faiz intervalında sabit artım proqnozlaşdırılır. Bu isə sənaye, kənd təsərrüfatı, nəqliyyat-logistika, turizm və xidmət sektorlarında həyata keçirilən struktur islahatlarının və investisiya təşviqi siyasətinin nəticəsi kimi qiymətləndirilir.
Neft sektorunda hasilatın mərhələli şəkildə azalması fonunda qeyri-neft artımının iqtisadi sabitliyi kompensasiya etməsi ölkənin uzunmüddətli inkişaf strategiyasının effektivliyini göstərir.

2023-cü ildə qlobal inflyasiya təzyiqlərinin təsiri ilə yüksək qiymət artımı müşahidə olunsa da, 2024-cü ildə inflyasiya səviyyəsi əhəmiyyətli dərəcədə azalıb. BVF ortamüddətli dövrdə inflyasiyanın 4 faiz ətrafında sabitləşəcəyini proqnozlaşdırır. Bu göstərici pul-kredit siyasətinin effektivliyini və qiymət sabitliyinin qorunması istiqamətində atılan addımların nəticəliliyini əks etdirir. 2026-cı ildə ölkə iqtisadiyyatına qoyulan dövlət investisiyalarının payının ÜDM-in 10,9 %-i səviyyəsində olacağı gözlənilir. 2027-ci ildə bu göstərici 10,3 %-ə, 2028-ci ildə 9,8 %-ə, 2029-cu ildə 9,1 %-ə, 2030-cu ildə 8,4 %-ə, 2031-ci ildə isə 8,1 %-ə qədər azalacaq. Öz növbəsində, 2026-cı ildə özəl investisiyaların ÜDM-in 5,4 %-i səviyyəsində olacağı proqnozlaşdırılır. 2027-ci ildə bu göstərici 6,1 %-ə (bunun 0,3 %-i neft sektorunun payına düşəcək), 2028-ci ildə 6,8 %-ə (0,5 %), 2029-cu ildə 6,9 %-ə (0,5 %) qədər artacaq və 2030-cu ildə bu səviyyədə qalacaq. 2031-ci ildə özəl investisiyaların payı 7,2 %-ə (0,4 %) qədər artacaq.
Xarici sektor və maliyyə ehtiyatları

Xarici ticarətdə qlobal enerji bazarındakı dəyişkənlik müəyyən təsirlər yaratsa da, Azərbaycanın valyuta ehtiyatları və strateji maliyyə aktivləri iqtisadi sabitliyin mühüm təminatçısı olaraq qalır.
Dövlət Neft Fondunun aktivlərinin artım trayektoriyası və xarici borcun aşağı səviyyədə saxlanılması ölkənin maliyyə təhlükəsizliyini gücləndirir. Bu amil mümkün xarici şoklara qarşı əlavə bufer rolunu oynayır.Cari əməliyyatlar balansında profisitin tədricən azalması gözlənilsə də, iqtisadiyyatın şaxələndirilməsi ixrac strukturunun genişlənməsi üçün yeni imkanlar yaradır.

Proqnozlara əsasən, növbəti illərdə özəl sektor investisiyalarının payı artacaq. Bu isə iqtisadiyyatın dövlət xərclərindən daha çox sahibkarlıq təşəbbüslərinə əsaslanan modelə keçdiyini göstərir. İnvestisiya mühitinin yaxşılaşdırılması, biznes prosedurlarının sadələşdirilməsi və rəqabət mühitinin genişləndirilməsi iqtisadi fəallığın yüksəlməsinə xidmət edir.
Fondun proqnozları göstərir ki, Azərbaycan iqtisadiyyatı qarşıdakı illərdə qlobal iqtisadi çağırışlara baxmayaraq sabit artım trayektoriyasını qoruyacaq. Qeyri-neft sektorunun genişlənməsi, fiskal intizamın saxlanılması və güclü maliyyə ehtiyatları uzunmüddətli dayanıqlı inkişafın əsas dayaqları kimi çıxış edir. Beləliklə, 2031-ci ilədək dövr Azərbaycanın iqtisadi modelində keyfiyyətcə yeni mərhələnin möhkəmlənməsi ilə xarakterizə olunur. Struktur islahatlarının davam etdirilməsi və iqtisadiyyatın şaxələndirilməsi ölkənin dayanıqlı inkişaf perspektivlərini daha da gücləndirir.
Orxan Vahidoğlu, “İki sahil”