05 may 2026 14:39
92

Kanadalı skripkaçı Google-a qarşı 1,5 milyon dollarlıq iddia qaldırıb

Kanadalı tanınmış skripkaçı Ashley MacIsaac süni intellekt əsaslı xidmət səbəbilə böhtana məruz qaldığını iddia edərək Google şirkətinə qarşı 1,5 milyon dollar məbləğində məhkəmə iddiası qaldırıb.

“İki sahil” xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.

İddia ərizəsinə əsasən, Google-un axtarış sistemində təqdim etdiyi AI Overview aləti musiqiçi haqqında hazırlanmış qısa məlumatda onu əsassız olaraq cinayətkar kimi təqdim edib. Həmin məlumatda skripkaçının guya bir sıra cinayətlər, o cümlədən seksual xarakterli hüquq pozuntuları törətdiyi qeyd olunub.

Musiqiçi bildirir ki, sistem hətta onun Kanadada ömürlük cinsi cinayət törədən şəxslərin reyestrinə daxil edildiyini iddia edib. Ashley MacIsaac bu məlumatların tamamilə yalan olduğunu vurğulayaraq qeyd edib ki, yayılan yanlış informasiya səbəbindən bir neçə konserti ləğv edilib. Sonradan faktlar aydınlaşdırıldıqdan sonra tədbir təşkilatçıları ondan üzr istəyiblər.

İddiaçı hesab edir ki, bu vəziyyət süni intellekt alətinin hazırlanmasında yol verilən səhvlərdən qaynaqlanır və Google bunun nəticəsində dəymiş maddi və mənəvi zərərə görə məsuliyyət daşımalıdır. Onun sözlərinə görə, şirkət nümayəndələri indiyədək onunla birbaşa əlaqə saxlamayıb.

Hazırda AI Overview alətində musiqiçi haqqında məlumat yenilənib. Artıq orada cinayətlə bağlı iddialar yer almır, lakin qeyd olunur ki, o, Google-a qarşı qaldırdığı iddia ilə mediada gündəmə gəlib. Şirkət isə məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib.

Bu hadisə süni intellekt texnologiyalarının etibarlılığı, məlumatların düzgünlüyü və hüquqi məsuliyyət məsələlərini yenidən gündəmə gətirir.