Əşyaların interneti anlayışı, yəni IoT (internet of things) texnologiyası “ağıllı cihazların bir-biri ilə qarşılıqlı əlaqədə olmasıdır. Yəni, IoT internetə qoşulan, məlumat toplayan və mübadilə edən, ətraf mühitlə qarşılıqlı əlaqədə olan sensor və proqram təminatı ilə təchiz edilmiş cihazlar şəbəkəsidir. Bu cihazlar sadə "ağıllı ev" termostatlarından və saatlardan başlayaraq iri sənaye avadanlıqlarına və nəqliyyat sistemlərinə qədər geniş spektri əhatə edir. Onlar tapşırıqları ya tam avtomatik, ya da minimal insan iştirakı ilə yerinə yetirə bilir. Bu texnologiya vasitəsilə toplanmış məlumatlar, o cümlədən Böyük Verilənlər (Big Data) proqramlar vasitəsi ilə idarə olunur.
Əşyaların interneti qlobal bazarda sürətlə böyüyən və yüksək gəlir gətirən bir sahədir. IoT bazarının gəlirləri ölkələrin texnoloji inkişaf səviyyəsi və bu sahəyə ayırdıqları investisiyalarla birbaşa əlaqəlidir. Gəlirləri əsasən müxtəlif sahələrdə tətbiqindən və innovativ həllərdən qaynaqlanır. Ötən ilin statistikasına görə, IoT bazarının qlobal gəliri bir trilyon dollara yaxınlaşıb və hər il təxminən 20-25 faiz böyüyür. 2030-cu ilə qədər bu bazarın altı trilyon dolları keçəcəyi proqnozlaşdırılır. Hazırda IoT sahəsində ən yüksək gəlir əldə edən ölkələr arasında ABŞ, Çin və Almaniya kimi sənaye nəhəngləri ön plandadır.

IoT texnologiyasını çox vaxt şəhər idarəçiliyinin rəqəmsal beyni də adlandırırlar. Çünki əşyaların interneti artıq bütöv şəhərlərin idarəetmə fəlsəfəsini dəyişir. "Ağıllı şəhər" anlayışı resurslardan səmərəli istifadəni, ətraf mühitə təsirin azaldılmasını və sakinlərin həyat keyfiyyətinin yüksəldilməsini hədəfləyən vahid rəqəmsal ekosistem deməkdir. Belə şəhərlərdə infrastruktur bir-biri ilə "danışır". IoT sensorları nəqliyyat və piyadaların hərəkətini real vaxtda izləyir, tıxacların qarşısını almağa kömək edir. Hava keyfiyyətini ölçən qurğular çirklənməni nəzarətdə saxlayır, səs sensorları isə sağlamlıq üçün təhlükəli həddə çatan səs-küy zonalarını müəyyən edir. Küçə işıqları, su və enerji şəbəkələri mərkəzləşdirilmiş rəqəmsal platforma üzərindən idarə olunur. Nəticədə şəhər daha qənaətli, daha təhlükəsiz və daha çevik olur. Beləliklə, IoT burada şəhərin və kəndin görünməyən, amma hər an işləyən rəqəmsal beynidir.
Azərbaycanda da rəqəmsal şəhərsalma prioritet istiqamət kimi müəyyən edilib. 2020-ci ildə təsdiqlənmiş "Açıq hökumətin təşviqinə dair Milli Fəaliyyət Planı"nda "ağıllı şəhər" konsepsiyasının araşdırılması və pilot layihələrin həyata keçirilməsi nəzərdə tutulub. 44 günlük müharibədən sonra isə azad edilmiş ərazilərdə şəhər və kəndlərin məhz "ağıllı şəhər" və "ağıllı kənd" modeli əsasında qurulması qərara alınıb. 2021-ci ilin aprelində bu konsepsiyanın hazırlanması üçün İşçi qrup yaradılıb. Bildiyimiz kimi, "Ağıllı kənd" modelinin ilk nümunəsi Zəngilan rayonunun Ağalı kəndidir. Bu yaşayış məntəqəsi sıfırdan, innovativ və enerji baxımından səmərəli həllərlə inşa olunub. Kəndin enerji təminatı üçün Həkəri çayı üzərində hər biri 212 kVt gücündə üç hidravlik turbin quraşdırılıb. İnzibati binaların damında 325 kVt gücündə günəş panelləri yerləşdirilib. Evlərdə kombinə edilmiş istilik sistemləri, günəş kollektorları və enerji qənaətli avadanlıqlar tətbiq olunub. Xüsusi izolyasiya materialları istilik itkisini minimuma endirir. Çirkab suların bioloji təmizlənməsi isə ildə 41 min kubmetr texniki suyun təkrar istifadəsinə imkan verir. Həmçinin Ağalı kəndində yüksək sürətli GPON internet şəbəkəsi mövcuddur. "Ağıllı" müşahidə kameraları, məlumat lövhələri, audio anons sistemləri, Wi-Fi nöqtələri və avtomatik meteoroloji stansiyalarla təchiz olunmuş çoxfunksiyalı işıq dirəkləri kəndin rəqəmsal infrastrukturunu tamamlayır.
Təbii ki, “ağıllı şəhər” və “ağıllı kənd” bu gün dünya praktikasında öz təsdiqini tapmış yanaşmadır. Artıq Avropada və bir sıra digər ölkələrdə məhz bu praktikadan istifadə olunur. Həm idarəetmənin çevikliyinin, həm də şəffaflığının artırılması baxımından “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyası çox vacibdir. Bu, eyni zamanda, vətəndaşların kommunal xidmətlərə əlçatanlığını asanlaşdırır. Çünki “ağıllı şəhər” və “ağıllı kənd” prinsipində kommunal, sosial xidmətlərə əlçatanlıq daha yüksək olur. Daha qısa müddətdə sosial xidmətləri daha keyfiyyətli şəkildə əldə etmək imkanları yaranır. Bu, həmçinin fərqli sektorların - sənaye, aqrar sahələrin inkişafı üçün də yaxşı imkanlar yaradır.
Bir sözlə, IoT və ağıllı şəhərlər gələcəyin urban inkişafı üçün zəruri texnologiyalardır. Bu texnologiyaların tətbiqi ilə şəhərlərdə həyat keyfiyyəti artar, resurslardan səmərəli istifadə mümkündür, ekoloji təmiz şəhərlər yaradıla bilər. Eyni zamanda, tətbiq zamanı yaranan problemlər və çağırışlar nəzərə alınmalıdır. Kibertəhlükəsizlik, yüksək maliyyətlər, standartlaşdırma və peşəkar kadr çatışmazlığı kimi məsələlər həll olunmadığı təqdirdə texnologiyanın faydaları tam şəkildə reallaşa bilməz.
Gələcəkdə isə “ağıllı şəhər”lər daha da inkişaf edəcək, IoT texnologiyaları genişlənəcək və şəhərlərin idarə olunması daha sürətli, çevik və səmərəli olacaq. Şəhər sakinləri üçün həyat daha rahat və təhlükəsiz olacaq, dövlət və özəl sektor isə resurslardan daha optimal istifadə edərək şəhərin sosial-iqtisadi inkişafını təmin edəcək.
Sevinc Azadi, “İki sahil”