Meksikanın paytaxtı Mexikonun Tlakskoake-Xocalı meydanında yerləşən “Xocalı soyqırımı” abidəsi qarşısında faciənin 34-cü ildönümü ilə əlaqədar əklil qoyulub, Xocalı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“İki sahil” xəbər verir ki, anım tədbirində Meksika-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri deputat Dulse Mariya Viyyeqas, Azərbaycanın Meksikadakı səfiri Seymur Fətəliyev, Mexiko Şəhər Hökumətinin Siyasi strategiyalar koordinasiyası üzrə direktor müavini Mariya Euxeniya de la O Flores, meydanda yerləşən kilsənin administrativ məsələlər üzrə məsul əməkdaşı Karlos Mendoza, diplomatik heyət və Meksikadakı Azərbaycan icmasının nümayəndələri iştirak edib.
Anım tədbirində Azərbaycan səfiri XX əsrin ən dəhşətli və qanlı faciələrindən olan Xocalı soyqırımından danışıb. Bu dəhşətli cinayətin Ermənistanın həyata keçirdiyi etnik nifrət və irqi ayrı-seçkilik siyasətinin tərkib hissəsi kimi törədildiyini qeyd edib.
Tlakskoake–Xocalı meydanında Azərbaycan hökumətinin dəstəyi ilə aparılmış təmir-bərpa və abadlıq işlərindən sonra 2012-ci ildə sözügedən meydanın və “Xocalı soyqırımı” abidəsinin rəsmi açılış mərasimi olub. 2011-ci ildə Meksika Senatı və Deputatlar Palatasında Xocalı soyqırımı və Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü məsələsi müzakirə edilib, Azərbaycanın haqlı mövqeyini dəstəkləyən qətnamələr qəbul olunub, Xocalıda baş vermiş cinayətlər “soyqırımı” ifadəsindən istifadə edilməklə qəti şəkildə pislənib.