26 fevral 2026 15:07
116

Azərbaycan Universitetində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Azərbaycan Universitetində Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə Dövlət Himni səsləndirilib, soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

“İki sahil” xəbər verir ki, tədbirdə qeyd olunub ki, tarixin ən ağır cinayətlərindən biri olan Xocalı soyqırımına Azərbaycan dövləti emosional qısasçılıq mövqeyindən deyil, tarixi ədalətin bərpası prinsipi ilə yanaşıb. Üçrəngli Azərbaycan bayrağı bu gün Ermənistan işğalından azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda, o cümlədən Xocalıda qürurla dalğalanır, zəfəri və qayıdışı tərənnüm edir. Xocalı soyqırımının günahsız qurbanlarının ruhları şaddır, çünki Vətən torpaqları işğaldan azad olunub, Azərbaycan xalqı onların xatirəsini hər il ehtiramla yad edir, Azərbaycan dövləti tarixi ədalətin bərpası istiqamətində beynəlxalq tribunalarda prinsipial mövqe nümayiş etdirməyə davam edir.

Tədbirdə Siyasi və ictimai elmlər kafedrasının müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Elvin Talışınski açılış nitqi ilə çıxış edib. Kafedra müdiri bildirib ki, Xocalı soyqırımı faktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması istiqamətində Azərbaycan dövləti uzun illərdir sistemli şəkildə iş aparır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilən “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası ən effektiv platforma olub. Faciəyə beynəlxalq səviyyədə hüquqi-siyasi qiymətin verilməsi, tarixi ədalətin bərpası istiqamətində aparılan ardıcıl siyasət bu gün də aktuallığını qoruyub saxlayır.

Ardınca tədbir iştirakçıları Tərcümə və filologiya kafedrasının professoru Asif Hacıyevin və Siyasi və ictimai elmlər kafedrasının dosenti Zaur Əliyevin məruzələrini dinləyiblər. Professor Asif Hacıyevin məruzəsi “Xocalı soyqırımı bədii ədəbiyyat və incəsənətdə” mövzusuna həsr olunub. Dosent Zaur Əliyev isə məruzəsində soyqırımın siyasi və hüquqi aspektlərinə toxunub.

Tədbir faciəyə həsr olunmuş videoçarxın nümayişi ilə yekunlaşıb.

Qeyd edək ki, universitetdə Xocalı soyqırımına həsr olunmuş sərgi də təşkil olunub.