Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində anım tədbiri keçirilib.
“İki sahil” xəbər verir ki, tədbirdə əvvəlcə Xocalı faciəsi qurbanlarının və bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Xocalı soyqırımı haqqında ətraflı məlumat verilib.
Tədbirdə Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin bacısı Şükufə Zeynalova soyqırımı şahidi kimi çıxış edərək faciəli gecədə baş verən hadisələrlə bağlı xatirələrini bölüşüb.
Ardınca Xocalı soyqırımına həsr olunmuş qısametrajlı film nümayiş etdirilib.
Vətən Müharibəsi Qəhrəmanı Cavid Behbudov çıxışında Azərbaycan əsgərlərinin Vətən müharibəsində göstərilən şücaət, döyüş meydanında nümayiş etdirilən qəhrəmanlıq və fədakarlıqlardan bəhs edib. O bildirib ki, şəhidlərimizin qanı yerdə qalmayıb, qəhrəman hərbçilərimizin rəşadəti nəticəsində torpaqlarımız işğaldan azad olunub və tarixi ədalət bərpa edilib.
Daha sonra çıxış edən agentliyin 54 N-li Yol İstismarı MMC-nin əməkdaşı Saləddin Dadaşov Xocalıda inşa olunan yollar, eləcə də işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri barədə məlumat verib.
Tədbirdə çıxış edən Agentliyin İdarə Heyətinin sədr müavini, Birinci Qarabağ müharibəsinin iştirakçısı Əvəz Qocayev Xocalı soyqırımının XX əsrin ən ağır faciələrindən biri olduğunu qeyd edib. O bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilən vəhşiliklər təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı ağır cinayət idi.
Çıxışda vurğulanıb ki, Xocalı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində fəaliyyət Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə başlanıb və bu siyasət hazırda Prezident, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bildirilib ki, Birinci xanım Mehriban Əliyevanın “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində həyata keçirilən təşəbbüslər Xocalı həqiqətlərinin dünya miqyasında tanıdılmasına mühüm töhfə verir.
Tədbirin sonunda Xocalı soyqırımı qurbanlarının xatirəsi bir daha dərin ehtiramla yad olunub.