27 fevral 2026 01:14
106

NARKOMANİYA XXI ƏSRİN BƏLASIDIR

XXI əsrin ən ağır problemləri sırasında qalmaqda olan dünyanın bütün dövlətlərində mövcud olan narkomaniya, əfsuslar olsun ki, Azərbaycandan da yan keçməmişdir. Narkomanlığın yayılması, narkotik vasitələrin dövriyyəsinə qarşı mübarizə məsələləri ilə əlaqədar ölkə rəhbərliyi tərəfindən Fərman və sərəncamlar verilmiş, qanunlar qəbul edilmiş dövlətimiz beynəlxalq miqyasda qəbul olunmuş konvensiya və sazişlərə qoşulmuşdur.

Narkomanlıq insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan, həmçinin cinayətkarlığın artmasına səbəb olan əsas amillərdən biridir.

Ümummilli Lider Heydər Əliyevin “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” 1996-cı il 26 avqust tarixli Fərmanı, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə 2006-cı ilədək “Ümummilli Proqram” və digər qanunlar, fərmanlar, normativ-hüquqi aktlar narkotiklərlə mübarizənin əsas strateji xəttini müəyyənləşdirmişdir.

Bu gün ölkəmizdə narkotiklərin qanunsuz dövriyyəsi və onlara qarşı mübarizə üzrə normativ-hüquqi bazanın təkmilləşdirilməsi, hüquq-mühafizə orqanlarının fəaliyyətinin daha da genişləndirilməsi və bu sahədə beynəlxalq əməkdaşlığın əhatə dairəsinin daha da artırılması dövlət başçısının, daim diqqət mərkəzindədir. Narkomanlığa qarşı mübarizədə səmərəliliyə nail olmaq üçün aidiyyəti dövlət orqanları arasında qarşılıqlı əlaqələrin təşkil edilməsi və nəzarət mexanizminin həyata keçirilməsi məqsədi ilə yaradılmış Dövlət Komissiyası və onun İşçi Qrupu narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin təşkilinə xüsusi təkan vermişdir. Cənab İlham Əliyevin 2005-ci il 28 iyun tarixli Sərəncamı ilə təsdiq olunmuş Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunu narkotiklərlə mübarizə istiqamətində müvafiq dövlət və ictimai qurumlar qarşısında konkret vəzifələr qoymuş və bu istiqamətdə fəaliyyətin hüquqi bazasını təşkil etmişdir.

Yasamal Rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamı ilə yaradılmış Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyası Azərbaycan Respublikası Prezidentinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair Dövlət ProqranT’ının növbəti 2025-2030-cu illər üçün təsdiq edilməsi barədə

Sərəncamını rəhbər tutaraq illik fəaliyyət planı hazırlanmış aidiyyəti dövlət orqanları, ictimaiyyət, QHT ilə birlikdə profilaktik tədbirlər həyata keçirmişdir.

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi, narkomanlığın yayılmasının qarşısının alınması işlərinin, maarifləndirmənin gücləndirilməsi məqsədilə Komissiya və Yasamal Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə Yasamal Rayon Prokurorluğu, Narkoloji Dispanserin əməkdaşlarının, rayon Gənclər və idman sektorunun, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə rayonun tam orta məktəblərin, liseylərin şagirdləri arasında “Narkomaniyaya yox deyək”, “Narkomaniya ümumbəşəri bəladır" mövzusunda dəyirmi masalar, seminar-müşavirələr keçirilmişdir. Tədbirlərdə narkomaniyaya aid videoçarxlar nümayiş etdirilmiş, şagirdlərə bukletlər paylanmış, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır. Bundan başqa tam orta məktəblərdə şagirdlərlə yanaşı onların valideyinləri ilə maarifləndirici tədbirlərin keçirilməsinə başlanılmışdır.

Rayonda yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların idmana cəlb edilməsi, xoşagəlməz vərdişlərdən qorunması üçün qabaqlayıcı tədbirlər olaraq Yasamal Rayon İcra Hakimiyyəti, “İDEA” İctimai Birliyi tərəfindən “Abad həyət" layihəsi çərçivəsində abadlaşdırılmış nümunəvi məhəllələrdə idman, mini futbol meydançaları, müxtəlif idman qurğuları quraşdırılmışdır. 2025-ci ildə belə abadlaşdırılmış məhəllələrdən bir neçəsi Yeni Yasamal -1 yaşayış massivində sakinlərin istifadəsinə verilmişdir. Bu işlər mərhələli şəkildə davam etməkdədir.

Yasamal Rayon Gənclər və İdman Sektorunun təşkilatçılığı ilə Rayon İcra Hakimiyyətinin dəstəyi və iştirakı ilə “Gənclər sağlam həyat tərzi seçir”, “Narkomaniyaya yox deyək” devizi altında ali və orta ixtisas təhsil müəssisələrində komandalar arasında stolüstü tenis, voleybol, basketbol, mini-futbol, dama üzrə rayon turnirləri, “Sağlam həyat naminə narkotikə yox deyək!” devizi altında rəsm və inşa yazı müsabiqəsi keçirilmişdir.

26 iyun - BMT-nin Ümumdünya Narkotiklər Əleyhinə Mübarizə Günü ərəfəsində rayon ərazisində insanların sıx yaşadıqları yerlərdə binaların girişlərində narkomaniya, narkotik vasitələr və onların fəsadları barədə xüsusi hazırlanmış plakatlar yerləşdirilmiş, yeniyetmələrə və gənclərə bukletlər paylanmışdır.

Bakı Şəhər Narkoloji dispanserinin Yasamal rayonu üzrə bölməsinin əməkdaşları fəaliyyətlərini əsasən narkomaniyanın profilaktikasına və müalicə işinə yönəltmişlər.

Müsadirə edilmiş narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarını məhvetmə üzrə rayon komissiyası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxslərə dair daxil olmuş məhkəmə hökmləri və icra vərəqələrinə əsasən maddi sübut kimi tanınmış az və xeyli miqdarda narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarını məhv etməsi tədbirləri qanunveriliciliyə uyğun həyata keçirilmişdir.

Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində müəyyən işlər görülmüşdür. 2025-ci il ərzində RPİ-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və istifadəsi ilə bağlı 531 nəfər saxlanılmış, bunlardan 290 fakt satış, 241-ri isə istifadə məqsədi olmuşdur. Qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin və psixotrop maddələrin ümumi çəkisi 121 kq 085.3 qram olmuşdur. Narkomaniya ilə bağlı hüquq pozmalara meyilli olan yeniyetmələr və gənclər arasında mütəmadi olaraq profilaktik işlər həyata keçirilir.

Yasamal Rayon İcra Hakimiyyətinin müvafiq komissiyası rayon əhalisi, xüsusilə gənclər və yeniyetmələr arasında narkomanlıqla bağlı maarifləndirmə işlərinin səmərəliliyinin artırılması və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə işində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təsdiq etdiyi 2025-2030-cu illər üçün Dövlət  Proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsini bir vəzifə kimi qarşıya qoymuşdur və bu istiqamətdə əməli, praktiki tədbirlər davam etdirilməkdədir.

Hüseyn Əfəndiyev,
Yasamal Rayon İcra Hakimiyyəti Başçısının I müavini,
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyasının sədri