27 fevral 2026 11:00
175

ADRA-nın gələcək vizyonu: AĞILLI REKLAM VƏ RƏQƏMSAL NƏZARƏT

Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi (ADRA) ölkədə açıq məkanda reklam sektorunun tənzimlənməsi, innovativ texnologiyaların tətbiqi və vətəndaş məmnunluğunun artırılması istiqamətində səmərəli fəaliyyət göstərir. ADRA-nın həyata keçirdiyi sistemli islahatlar, rəqəmsal transformasiya və beynəlxalq əməkdaşlıqlar, həmçinin milli və regional reklam kampaniyalarının strateji koordinasiyası ölkədə reklam ekosisteminin müasirləşdirilməsi və şəffaflığın təmin olunmasında əsas rol oynayır.

Bu kontekstdə Agentliyin mətbuat katibi Hüseyn Azəri ilə söhbətimizdə 2025-ci ildə reallaşdırılmış strateji layihələr, tətbiq edilən innovativ texnologiyalar, vətəndaş müraciətlərinin idarə olunması və açıq məkanda reklam xidmətlərinin keyfiyyətinin artırılması sahəsindəki təcrübələrə dair ətraflı məlumat verilir. Eyni zamanda, 2026-cı il üçün nəzərdə tutulan strateji hədəflər və yeni təşəbbüslər barədə də ətraflı söhbət açılır.

– 2025-ci ildə ADRA-nın həyata keçirdiyi əsas strateji layihələr hansılardır və bunlar reklam sektorunun inkişafına necə təsir göstərib?

– 2025-ci il Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi üçün sistemli islahatlar və institusional inkişaf ili olub. İl ərzində açıq məkanda reklam daşıyıcılarının inventarlaşdırılması, reklam mühitinin vahid standartlar əsasında tənzimlənməsi və qanunvericiliyin tələblərinə cavab verməyən açıq məkandakı reklamların mərhələli şəkildə aradan qaldırılması istiqamətində mühüm layihələr həyata keçirilib. Bu tədbirlər nəticəsində şəhər mühitinin estetik görünüşü yaxşılaşdırılıb, sağlam rəqabət mühiti formalaşıb. 

- Agentliyin fəaliyyətində vətəndaş müraciətlərinin idarə olunması və açıq məkandakı reklam xidmətlərinin keyfiyyətinin artırılması sahəsində hansı yeniliklər tətbiq olunub?

– Vətəndaş və sahibkar məmnunluğunun artırılması 2025-ci ildə Agentliyin əsas prioritetlərindən biri olub. Agentliyin rəsmi internet səhifəsi yenilənib, vətəndaşlar üçün yeni rəqəmsal xidmətlər istifadəyə verilib. Xüsusilə “Açıq məkanda reklama ictimai nəzarət” platformasının yaradılması açıq məkandakı reklamlarla bağlı müraciətlərin onlayn qaydada təqdim olunmasına imkan yaradıb.

Müraciətlərin elektron sistem üzərindən qəbulu, icra prosesinin mərhələli şəkildə izlənilməsi və cavablandırma müddətlərinin qısaldılması xidmətlərin şəffaflığının və keyfiyyətinin əhəmiyyətli dərəcədə artırılmasını təmin edəcəkdir.

– 2025-ci ildə ADRA-da hansı innovativ platformalar və texnoloji həllər tətbiq edilib və bu, xidmətlərin səmərəliliyinə necə təsir göstərib?

– 2025-ci ildə Agentlik rəqəmsal transformasiya istiqamətində ardıcıl addımlar atıb. Reklam icazələrinin elektron qaydada verilməsinin təkmilləşdirilməsi, onlayn izlənməsi və rəqəmsal statistik təhlil mexanizmlərinin tətbiqi xidmətlərin göstərilmə müddətini xeyli azaldıb. Texnoloji həllər insan faktoru ilə bağlı riskləri minimuma endirib, qərarların daha obyektiv və operativ qəbuluna şərait yaradıb.

– ADRA tərəfindən icazə verilən milli və regional reklam kampaniyaları ölkənin ictimai kommunikasiya strategiyasına hansı töhfələri verib?

– Açıq məkanda həyata keçirilən milli və regional reklam kampaniyaları Dövlət proqramları, sosial təşəbbüslər və ictimai əhəmiyyətli informasiyaların geniş auditoriyaya çatdırılmasında mühüm rol oynayır. Bu kampaniyalar vətəndaşların sosial maarifləndirilməsini gücləndirir, milli dəyərlərin və mədəni irsin təbliğinə xidmət edir və dövlətin prioritetlərinin cəmiyyət tərəfindən daha yaxşı anlaşılmasına şərait yaradır. Eyni zamanda, nəzərinə çatdırırıq ki, Dövlət Reklam Agentliyi bir sıra Dövlət proqramları və milli fəaliyyət planları çərçivəsində sosial reklamların yayımlanmasını təmin etməklə, bu istiqamətdə strateji rol oynayır. Bu kampaniyalar vətəndaş-dövlət kommunikasiya xəttini möhkəmləndirir, cəmiyyətin müxtəlif qrupları ilə davamlı əlaqələr qurmağa imkan verir, dövlət siyasətinin vaxtında, effektiv və geniş şəkildə çatdırılmasını təmin edir. Nəticədə, bu reklamlar təkcə məlumat ötürmə funksiyasını yerinə yetirmir, həm də ictimai şüurun formalaşmasına və cəmiyyətdə sosial aktivliyin artırılmasına töhfə verir.

– Beynəlxalq əməkdaşlıq ADRA-nın fəaliyyətində hansı istiqamətlərdə genişlənib və bunun yerli reklam ekosisteminə təsiri necə qiymətləndirilir?

– 2025-ci ildə Agentlik tərəfindən beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi istiqamətində əməkdaşlıqlar genişləndirib. İl ərzində Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin rəsmi nümayəndələri açıq məkanda reklam sahəsində dünya təcrübəsinin yaxından izlənilməsi və müvafiq sahədə qabaqcıl texnologiyaların ölkəmizdə tətbiqinə nail olunması məqsədilə bir sıra beynəlxalq tədbir, konfrans və sərgilərdə iştirak etmişlər. Çin Xalq Respublikası, Almaniya, İtaliya və Belarusa səfərlər zamanı nümayəndə heyətləri açıq məkanda reklam infrastrukturunun müasirləşdirilməsi, həmçinin reklam sahəsində innovativ həllərin tətbiqi baxımından beynəlxalq təcrübə ilə yaxından tanış olmaq imkanı qazanmış, bu  istiqamətdə müvafiq görüşlər keçirmiş və gələcək perspektivləri müzakirə etmişlər. Xarici ölkələrin müvafiq qurumları ilə təcrübə mübadiləsi, beynəlxalq tədbirlərdə iştirak və müasir reklam tənzimləmə modellərinin öyrənilməsi yerli reklam bazarının beynəlxalq standartlara uyğunlaşdırılmasına xidmət etmişdir. Bu əməkdaşlıqlar innovativ yanaşmaların tətbiqini sürətləndirərək, reklam ekosisteminin inkişafına müsbət təsir göstərmişdir.

– 2026-cı il üçün ADRA-nın strateji hədəfləri nədən ibarətdir və yaxın gələcəkdə hansı innovativ təşəbbüslər planlaşdırılır?

– 2026-cı ildə Agentliyin əsas strateji hədəfləri rəqəmsallaşmanın daha da dərinləşdirilməsi, xidmətlərin tam elektron müstəviyə keçirilməsi və açıq məkanda reklam sahəsində dayanıqlı idarəetmə modelinin formalaşdırılmasıdır. Gələcəkdə süni intellekt əsaslı nəzarət mexanizmlərinin tətbiqi, şəhər mühitinə uyğun “ağıllı reklam” konsepsiyalarının inkişafı və sahibkarlar üçün daha çevik xidmət modellərinin yaradılması nəzərdə tutulur. Məqsəd reklam bazarının inkişafı ilə ictimai maraqlar arasında balansı təmin etməkdir.

Yaqut Ağaşahqızı, “İki sahil”