27 fevral 2026 12:45
111

Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb

Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar anım tədbirləri keçirilib.

“İki sahil” xəbər verir ki, Azərbaycan diasporunun fəalları, Azərbaycan dili Bazar Günü məktəbinin şagirdləri həm Xocalı soyqırımına, həm də Qolodomor qurbanlarına ehtiram əlaməti olaraq “Qolodomor” abidə kompleksinə əklil və gül dəstələri qoyub, soyqırımı qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Krivoy Roqda olan məscidin din xadimləri Xocalı qurbanlarının, bütün şəhidlərimizin xatirəsinə dualar oxuyublar.

Azərbaycan diasporunun üzvü Yusif Nuriyev Xocalı soyqırımı haqqında geniş məlumat verib. Qeyd edib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın başlatdığı “Xocalıya ədalət!” kampaniyasından bəhs edib.

O da qeyd olunub ki, 2023-cü ildə Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam və qəti bərpasından sonra Qarabağ bölgəsində bərpa-quruculuq işləri aparılır. Keçmiş məcburi köçkünlər, eləcə də Xocalı sakinləri öz yurd-yuvalarına qayıdırlar.