27 fevral 2026 16:50
111

“Dövlət satınalmalarının təşkili və bu sahə üzrə əsas audit nəticələri” mövzusunda seminar keçirilib

Seminarda satınalma proseslərində mövcud çağırışlar, qanunvericiliyin tətbiqi təcrübəsi, mümkün risklərin idarə olunması və daxili nəzarət mexanizmlərinin gücləndirilməsi məsələləri müzakirə edilib.

“İki sahil” xəbər verir ki, Azərbaycan Respublikası Hesablama Palatası və Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə bir sıra büdcə təşkilatlarının və publik hüquqi şəxslərin əməkdaşları üçün “Dövlət satınalmalarının təşkili və bu sahə üzrə əsas audit nəticələri” mövzusunda seminar keçirilib.

Seminarın keçirilməsində əsas məqsəd dövlət satınalmaları sahəsində mütəxəssislərin potensialının artırılması ilə mümkün nöqsanların qarşısının alınması, eləcə də preventiv yanaşmaların və effektiv nəzarət mexanizmlərinin təqdim edilməsidir.

Tədbir zamanı Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov açılış nitqi ilə çıxış ediblər. Çıxışlar zamanı dövlət satınalmalarında açıq və rəqabətli mühitin formalaşdırılması istiqamətində görülən ardıcıl tədbirlər, müvafiq sahədə qanunvericiliyin təkmilləşdirilməsi, eləcə də satınalma proseslərinin daha səmərəli təşkili baxımından audit nəticələrinin önəmi barədə məlumat verilib. Həmçinin audit orqanının tövsiyələrinə əsaslanaraq təkmil hüquqi çərçivənin tətbiqini dəstəkləyən institusional strukturların, əməliyyat qabiliyyətlərinin və bazar şəraitinin vacibliyi diqqətə çatdırılıb.

Tədbir çərçivəsində təşkilatçı qurumların nümayəndələri təqdimatlarla çıxış ediblər. Təqdimatlar zamanı dövlət satınalmalarında ehtimal olunan qiymətin düzgün formalaşdırılması, şərtlər toplusunun qanunvericiliyin tələblərinə uyğun hazırlanması, təchizatçıların təkliflərinin qiymətləndirilməsi, onların satınalmadan kənarlaşdırılması halları, habelə satınalma müqaviləsinin tərtibi qaydaları izah olunub. Qeyd edilib ki, dövlət satınalmaları sahəsində auditlərin aparılması müvafiq sahədə daxili nəzarət mexanizmlərinin gücləndirilməsi,  xüsusilə  mümkün risklərin vaxtında müəyyən edilərək aradan qaldırılması baxımından olduqca vacibdir.

Tədbirdə satınalma proseslərinin həyata keçirilməsi zamanı müşahidə edilən əsas çətinliklər diqqətə çatdırılıb, praktiki nümunələr üzərindən müzakirələr aparılaraq iştirakçıların sualları cavablandırılıb.