28 fevral 2026 08:15
123

Azərbaycan miqrasiya marşrutları boyunca artan ölüm hallarından narahatdır

Azərbaycanın 2026-cı il üzrə həmsədr qismində 41 GCM (Miqrasiya üzrə Qlobal Pakt) çempion ölkə adından bəyanat təqdim edib.

“İki sahil” xəbər verir ki, BMT-nin mənzil qərargahında paktın icrasına dair ikiillik hesabatı ilə bağlı keçirilən brifinqdə Azərbaycanın BMT yanında daimi nümayəndəsi, səfir Tofiq Musayev çıxış edib.

Səfir vurğulayıb ki, GCM insan hüquqlarına və ortaq məsuliyyətə əsaslanan əməkdaşlıq üçün mühüm çərçivə olaraq qalır və hazırkı qlobal çağırışlar fonunda daha da aktualdır.

Çıxışda miqrasiya marşrutları boyunca artan ölüm və itkin düşmə halları ilə bağlı narahatlıq ifadə olunub. Çempion ölkələrin həyatların xilas edilməsi, axtarış-xilasetmə tədbirlərinin gücləndirilməsi və itkin düşmüş miqrantların taleyinin araşdırılması istiqamətində əməkdaşlığı möhkəmləndirməyə sadiq olduqları bildirilib.

Səfir, həmçinin, müşayiət olunan və olunmayan miqrant uşaqların saxlanılmasının qarşısının alınmasının vacibliyini qeyd edib.

Qarşıdan gələn ikinci Beynəlxalq Miqrasiya İcmal Forumunun (IMRF) çoxtərəfliliyə inamın gücləndirilməsi və təhlükəsiz, nizamlı və qanuni miqrasiyanın mümkünlüyünün nümayiş etdirilməsi üçün mühüm imkan olduğu diqqətə çatdırılıb.

Sonda çempion ölkələrin IMRF çərçivəsində mənalı və iddialı nəticələrin əldə olunması üçün üzv dövlətlər və tərəfdaşlarla əməkdaşlığa hazır olduqları vurğulanıb.