01 mart 2026 15:18
145

Ceyhun Bayramov Ayətullah Xameneinin ölümü ilə bağlı iranlı həmkarına başsağlığı verib

Bu gün xarici işlər naziri Ceyhun Bayramov ilə İranın xarici işlər naziri Seyid Abbas Ərağçi arasında telefon danışığı baş tutub.

“İki sahil” Xarici İşlər Nazirliyinin (XİN) yaydığı məlumata istinadən xəbər verir ki, telefon danışığı zamanı, İranda hərbi əməliyyatlar və bölgədə hərbi eskalasiya nəticəsində yaranmış vəziyyət müzakirə olunub.

İranın xarici işlər naziri cari vəziyyət və atılan addımlar barədə məlumat verib.

Nazir Ceyhun Bayramov bölgədə vəziyyətin faciəvi şəkildə gərginləşməsindən ciddi narahatlıq ifadə edib. İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin və günahsız mülki insanların həlak olması ilə bağlı başsağlığı diləklərini çatdırıb.

Hərbi əməliyyatların tezliklə dayandırılacağına, mövcud vəziyyətin yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, dialoq və diplomatik yollarla həll olunacağına dair ümid ifadə olunub.

Bununla yanaşı, hər hansı bir ölkə tərəfindən Azərbaycan ərazisinin qonşu və dost İrana qarşı istifadə edilməsinin mümkün olmadığı vurğulanıb.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.