01 mart 2026 16:13
117

Azərbaycan və Özbəkistanın XİN başçıları müttəfiqlik münasibətlərini müzakirə ediblər

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidov arasında telefon danışığı aparılıb.

Azərbaycanın Xarici İşlər Nazirliyindən “İki sahil” bildirilib ki, danışıq zamanı, regionda gərgin təhlükəsizlik vəziyyəti və davam edən hərbi eskalasiya müzakirə olunub.

Bölgədə sülh və təhlükəsizliyə ciddi təsir edən vəziyyət ilə bağlı dərin narahatlıq ifadə olunub.

Münaqişə tərəflərinin təmkinli olmaları, hərbi qarşıdurmanın genişlənməsinin qarşısının alınması və gərginliyin azaldılması istiqamətində addımların atılmasının əhəmiyyəti qeyd olunub.

Ziddiyyətlərin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, siyasi dialoq və diplomatik vasitələrlə həll edilməsinin vacibliyi vurğulanıb.

Telefon danışığı çərçivəsində həmçinin Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətlərindən irəli gələn məsələlər, yüksək səviyyəli təmasların davam etdirilməsi və müxtəlif sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.