Uzun illərdir sağlamlıq üçün riskli hesab edilən və “yo-yo pəhrizi” kimi tanınan təkrar çəki alıb-vermə prosesi ilə bağlı yeni araşdırma diqqətçəkən nəticələr ortaya çıxarıb. Alimlər bildiriblər ki, təkrarlanan arıqlama cəhdləri xüsusilə qarın nahiyəsində toplanan zərərli yağlanmaya qarşı uzunmüddətli müsbət təsir göstərə bilər.
Əvvəllər bu üsulun infarkt, insult, diabet və yüksək qan təzyiqi kimi sağlamlıq problemləri riskini artırdığı iddia olunurdu. Lakin “BMC Medicine” jurnalında dərc edilən genişmiqyaslı tədqiqat fərqli mənzərə təqdim edib. Araşdırmaya əsasən, uzun müddətdə təkrar arıqlama cəhdləri daxili orqanların ətrafında toplanan və “visseral yağ” adlanan piy qatının azalmasına səbəb ola bilər. Məhz bu yağ növü kardiometabolik xəstəliklərlə birbaşa əlaqəli hesab olunur.

Tədqiqat beş və on illik müşahidə dövrünü əhatə edən ayrı-ayrılıqda randomizə edilmiş nəzarətli qidalanma proqramının nəticələrinə əsaslanır. Araşdırmanın rəhbəri, professor İris Şay bildirib ki, çəki itkisini yalnız tərəzidə görünən rəqəmlə qiymətləndirmək düzgün deyil. Onun sözlərinə görə, sağlam qidalanmaya yönəlmiş davamlı səylər orqanizmdə bir növ “kardiometabolik yaddaş” formalaşdıra bilər: “İnsan sonradan verdiyi çəkini geri alsa belə, əvvəlki mərhələdə əldə olunan metabolik faydalar tamamilə itməyə bilər.”
İştirakçılar Aralıq dənizi pəhrizi tipli qidalanma və fiziki aktivlik proqramına cəlb olunublar. Maqnit-rezonans tomoqrafiyası (MRT) ilə aparılan ölçmələr göstərib ki, ikinci dəfə arıqlama proqramına qoşulan şəxslər əvvəlki çəkilərinə qayıtsalar da, onların qarındaxili yağ göstəriciləri və metabolik parametrləri ilkin səviyyə ilə müqayisədə 15-25 faiz daha yaxşı olub. Eyni zamanda, insulin həssaslığı və lipid profili kimi mühüm göstəricilərdə də müsbət dəyişikliklər qeydə alınıb.
Tədqiqat müəllifləri hesab edirlər ki, bu nəticələr “kardiometabolik yaddaş” adlandırıla biləcək qoruyucu təsirə işarə edir. Bundan əlavə, ikinci arıqlama cəhdində çəki itkisi daha az olsa belə, uzunmüddətli perspektivdə çəki artımının və qarın nahiyəsində yağlanmanın daha məhdud səviyyədə qaldığı müəyyən edilib.
Şahnigar Əhmədova, “İki sahil”