02 mart 2026 21:00
121

Türkiyənin hakim partiyası: İrana zərbələr beynəlxalq hüququn normalarına ziddir

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) nümayəndəsi Ömer Çelik “qardaş İran xalqı ilə həmrəylik” ifadə edib.

“İki sahil” xəbər verir ki, o, Ankarada Partiyanın İdarə Heyətinin iclasının yekunlarına dair brifinqdə bildirib ki, BMT üzvü olan İrana zərbələrin heç bir hüquqi əsası yoxdur. Onun sözlərinə görə, İrana endirilən zərbələr beynəlxalq hüququn normalarına ziddir.

“Danışıqlar fonunda zərbələrin endirilməsi dialoq imkanlarını sarsıdır. Bu, son dərəcə yanlış addımdır və son dərəcə ağır nəticələrə gətirib çıxaracaq. Diplomatiya əvvəlcədən planlaşdırılmış hücumlar üçün örtük ola bilməz”, - deyə siyasətçi bildirib.

AK Parti nümayəndəsi qeyd edib ki, bundan sonra tərəflər danışıqları “yeni hücumlar ərəfəsində taktiki addım” kimi qiymətləndirəcək. “Heç bir ölkənin rejimi hücum üçün bəhanə ola bilməz”, - deyən Ömer Çelik bildirib ki, İran İslam Respublikasına qarşı zərbələrlə “dünya nizamı” anlayışı dəyərdən düşüb.

O, eyni zamanda, vurğulayıb ki, İran da “qardaş ölkələrə” zərbələr endirməməlidir.