05 mart 2026 00:12
86

"Şahdağ"da Xizək Alpinizmi üzrə Avropa Çempionatı başlayıb 

Martın 4-də "Şahdağ" Turizm Mərkəzində Beynəlxalq Xizək Alpinizmi Federasiyası, Azərbaycan Qış İdman Növləri Federasiyası və “Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə Xizək Alpinizmi üzrə Avropa Çempionatı start götürüb.
“İki sahil” xəbər verir ki, yarışın ilk günündə idmançılar sprint növü üzrə mübarizə aparıblar.

Avropa Çempionatının  birinci gününün nəticələrinə əsasən 18 yaşadək qadınlar arasında 1-ci yerdə Nuriya Noquera Balaquer (İspaniya), 2-ci yerdə Antonina Rakuş (Polşa), 3-cü yerdə Nataliya Bobrovska (Polşa), kişilər arasında isə 1-ci yerdə Fransijek Yopek  (Çexiya), 2-ci yerdə Matey Petre (Rumıniya), 3-cü yerdə isə Adam Hubaç (Slavakiya)  qərarlaşıb. 

20 yaşadək qadınlar arasında ali kürsüdə Helena Öringer (Almaniya) yer alıb. 2-ci yeri Emma Albrext (Avstriya), 3-cü yeri Klara Velepeç (Sloveniya), kişilər arasında 1-ci yeri Aaron Alvares (İspaniya), 2-ci yeri Marek Foltin (Çexiya), 3-cü yeri isə Morits Bauregger (Almaniya) tutub.

Böyüklər arasında yarışda qadınlar üzrə ilk pillədə Marian Fatton (İsveçrə), 2-ci pillədə Culiya Murada (İtaliya), 3-cü pillədə Tatyana Paller (Almaniya) yer alıb.Kişilər üzrə isə 1-ci yerə Nikita Filippov (Fərdi Neytral İdmançı), 2-ci yerə Tomas Bussard (İsveçrə), 3-cü yerə isə Martinez Ferrer (İspaniya) sahib olublar. 

Yarışda 18 ölkədən - Azərbaycan, Türkiyə, İtaliya, İsveçrə, Sloveniya, Almaniya, İspaniya, Avstriya, Norveç, Bolqarıstan, Çexiya, Polşa, Rusiya Federasiyası, Slovakiya, Yunanıstan, Andorra, İsveç və Fərdi Neytral İdmançılar (AIN) olmaqla 124 idmançı iştirak edir.

Qeyd edək ki, Azərbaycanı bu yarışda milli komandanın 5 üzvü - Nəzrin Qəribova, Nəbiyulla Qələbəqiyev, Anid Sultanov, Abel İsmixanov və Nurid Şəkərəliyev təmsil edirlər. 

Martın 8-nə kimi davam edəcək yarışlarda U18 və U20 kateqoriyasında olan qadınlar və kişilər, eləcə də böyüklər sprint, qarışıq estafed (mixed relay) fərdi və vertikal növlərdə mübarizə aparacaqlar.