7–8 mart tarixlərində Abşeron Olimpiya İdman Kompleksində cüdo üzrə U-17 yeniyetmələr arasında “İstedadların seçimi” yarışının II turu keçiriləcək.
“İki sahil” xəbər verir ki, turnirdə 67 klub və idman cəmiyyətindən olan 351 idmançı (297 oğlan, 54 qız) ümumilikdə 16 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.
“İstedadların seçimi” turnirinin keçirilməsində məqsəd milli komandanın sağlam alt bazasının formalaşdırılması, yığmaya namizəd perspektivli idmançıların aşkar edilməsi və dayanıqlı ehtiyat bazanın formalaşdırılmasıdır.
Qeyd edək ki, 2 turun yekun reytinq sıralamasında hər çəki dərəcəsi üzrə ilk 4 pillədə qərarlaşan idmançılar “Gələcəyin ümidləri” təlim proqramına cəlb olunacaq.