Dövlətimizin başçısı İlham Əliyevin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Fərmanı bu məqsədə xidmət edir
“Azərbaycanda iş yerlərinin yaradılması daimi prosesdir. Çünki bəzi başqa ölkələrdən fərqli olaraq bizdə əhali artır. Bu da iqtisadi inkişafın təzahürüdür. Hər il Azərbaycanda əhalinin sayı 100 mindən çox artır. Buna görə də iş yerlərinin yaradılması daimi proses olmalıdır... Biz bundan sonra da çalışacağıq ki, işsizliyi ən aşağı səviyyədə saxlayaq.” Dövlətimizin başçısı İlham Əliyev iqtisadiyyatın inkişafında neft-qaz amilinin rolunu daim önə çəkərək, bu sahədə əldə olunan gəlirlərin düzgün idarə olunması sayəsində şaxələndirmənin vacibliyini prioritet məsələ kimi qarşıya qoyur. Məhz bu məqsədə çatmaq üçün atılan uğurlu addımların nəticəsidir ki, Azərbaycan dünyanı bürüyən maliyyə və iqtisadi böhranın nəticələrini az hiss edən ölkədir. Ölkəmizin bu uğurunu beynəlxalq maliyyə qurumlarının hesabatlarında yeri və mövqeyi də təsdiqləyir. Məlumdur ki, ölkələrin biznes mühitini qiymətləndirən “Doing Business 2016” hesabatında Azərbaycanın mövqeyi 189 ölkə arasında 63-cü pilləyə yüksəlmişdir. “Qlobal Rəqabət Qabiliyyəti 2015-2016” hesabatında Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətlilik səviyyəsinə görə 140 ölkə arasında 40-cı yerdə qərarlaşıb. O da məlumdur ki, ABŞ Dövlət Departamentinin 2016-cı il üçün maliyyə şəffaflıq hesabatında ölkəmizdə aparılan islahatların təkmilliyi, zamanın tələblərinə uyğun olduğu bir daha vurğulanıb.
Neft gəlirlərindən səmərəli istifadə qeyri-neft sektorunun inkişafı yönümündə atılan davamlı addımlardan aydın görünür. Ulu öndər Heydər Əliyevin uzaqgörənliyinin nəticəsi olaraq 1999-cu ildə yaradılan, hazırda aktivlərinin həcmi 35 milyard dollardan artıq olan Dövlət Neft Fondu ölkənin hərtərəfli inkişafına xidmət edən sosial-iqtisadi layihələri maliyyələşdirməklə neft gəlirlərinin idarə olunmasında şəffaflıq prinsipini yüksək səviyyədə qoruyur. Məhz bu uğurlar Dövlət Neft Fondunun şəffaflıq kriteriyaları üzrə nümunəvi qurum kimi dəyərləndirilməsini şərtləndirir.
Beynəlxalq səviyyəli tədbirlərdə də qeyd edilir ki, Azərbaycanın inkişaf modelinin təqdir olunması təkmil islahatların göstəricisidir. İqtisadi inkişaf fonunda əhalinin sosial müdafiəsinin gücləndirilməsi prioritet məsələ kimi öndə saxlanılır. “Biz sosialyönümlü dövlətin yaradılması istiqamətində çox böyük uğurlara nail olmuşuq” söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirir ki, bütün işlərimiz sistemli şəkildə, proqramlar əsasında aparılır və aparılacaq. Bazar iqtisadiyyatı prinsiplərinə xüsusi önəm verilən ölkəmizdə aztəminatlı ailələrin sosial müdafiəsinin etibarlı təminatı üçün atılan addımlar insanların yaşayış tərzini daha da yaxşılaşdırır. Ünvanlı sosial yardım proqramı icra edilir. Sosial ədalət prinsipinə sadiqliyin göstəricisi olaraq əmək haqqı islahatları davamlı proses kimi daim diqqətdə saxlanılır. Son 13 ildə bir milyon 500 mindən artıq yeni iş yeri yaradılıb. Dövlət proqramlarının uğurlu icrasının nəticəsidir ki, ölkəmizdə işsizlik və yoxsulluq 5 faiz səviyyəsindədir.
Hər zaman qeyd edilən reallıq budur ki, Azərbaycan ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlarını yaşayır. Ölkəmizin malik olduğu təbii resurslardan səmərəli istifadəsi, təşəbbüsçüsü olduğu layihələri gerçəkliyə çevirməsi iqtisadi və maliyyə imkanlarını artırır, nəinki bölgədə, dünya miqyasında güclü, qüdrətli dövlət kimi nüfuz qazandırır.
Cənab İlham Əliyev uğurlarımızın davamlılığında vacib amillərdən bəhs edərkən vətəndaş-məmur münasibətlərini hər zaman diqqətə çatdırır. “Azərbaycan bu sahədə də nümunəvi ölkə olmalıdır” söyləyən ölkə Prezidenti İlham Əliyev bildirir: “Məmurlar yaddan çıxarmamalıdırlar ki, onlar xalq üçün işləyirlər, onlar xalqın xidmətçiləridir. Dəfələrlə demişəm ki, mən birinci xidmətçiyəm. Xalqın birinci xidmətçisi Prezident olmalıdır, çünki xalq bizə inanır, bizə bu missiyanı aparmağı həvalə edib, tapşırıb. Biz bütün məmurlar da bu yüksək etimadı doğrultmalıyıq.”
Məhz bu uğurlara söykənərək dövlətimizin başçısı İlham Əliyev 6 dekabr 2016-cı il tarixdə “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Fərman imzalayıb. Sənəddə də qeyd edilir ki, Azərbaycanda qeyri-neft sektorunun davamlı və rəqabətqabiliyyətli inkişafı dövlətin iqtisadi siyasətinin prioritet istiqamətidir. Əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş, uzunmüddətli dövr üçün düşünülmüş iqtisadi siyasət ölkədə makroiqtisadi sabitlik və dinamik iqtisadi inkişaf üçün əsaslı zəmin yaratmışdır. Nəticədə geniş sahibkarlar təbəqəsi formalaşmış, ölkənin sosial-iqtisadi inkişafında özəl sektorun rolu daha da artmış və ümumdünya iqtisadi sisteminə inteqrasiya sahəsində mühüm nailiyyətlər əldə olunmuşdur. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində makroiqtisadi sabitlik qorunub saxlanılmış, qeyri-neft sahələrinin və bütövlükdə regionların tarazlı inkişafı sürətlənmiş, strateji valyuta ehtiyatlarından səmərəli istifadə təmin olunmuş, sahibkarlığa dövlət dəstəyi gücləndirilmiş, əlverişli biznes və investisiya mühiti formalaşmış, əhalinin sosial rifahı davamlı olaraq yaxşılaşmışdır. Bununla belə, son dövrlərdə istər regionda, istərsə də qlobal iqtisadiyyatda gedən proseslər, neft gəlirlərinin kəskin azalması, mürəkkəb xarici iqtisadi mühit ölkənin makroiqtisadi və maliyyə sabitliyinə öz təsirini göstərməkdədir. Dünyada cərəyan edən proseslərin yaratdığı yeni çağırışlara uyğunlaşmaq və mövcud qlobal iqtisadi böhranın ölkəmizə təsirini minimuma endirmək məqsədilə iqtisadi islahatların əsas strateji hədəflərinə uyğun olaraq sistem xarakterli bir sıra tədbirlərin həyata keçirilməsi, sosial-iqtisadi inkişafın cari, orta və uzunmüddətli dövrləri arasında üzvi bağlılıq və qarşılıqlı uzlaşma yaratmaqla, iqtisadi inkişafın keyfiyyətcə yeni modelinin formalaşdırılması qarşıda duran əsas prioritet vəzifələrdəndir. Bununla əlaqədar olaraq, ölkədə həyata keçirilən iqtisadi siyasətin və islahatların davamlılığını təmin etmək üçün iqtisadiyyatın mövcud vəziyyətinin dərindən təhlili və yeni iqtisadi inkişaf strategiyasının hazırlanması məqsədilə ölkə Prezidentinin 16 mart 2016-cı il tarixli Sərəncamı ilə “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri” təsdiq edilmiş, habelə həmin istiqamətlərə müvafiq olaraq inkişaf planlarının işlənilməsini təmin etmək üçün müvafiq İşçi qrupu yaradılmışdır. Həmin Sərəncama əsasən, İşçi qrupu yerli və xarici ekspertlərin, təcrübəli mütəxəssislərin, məsləhətçi şirkətlərin və elmi təşkilatların iştirakı ilə, ölkədə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq şəraitində milli iqtisadiyyat və iqtisadiyyatın on bir əsas sektoru üzrə strateji yol xəritələrinin layihələrini hazırlamışdır. Strateji yol xəritələri 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasını və tədbirlər planını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövrə hədəf baxışı özündə ehtiva edir.
Ölkənin perspektiv inkişaf hədəflərini və istiqamətlərini müəyyənləşdirmək, onların gerçəkləşdirilməsini təmin etmək məqsədilə imzalanan “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Fərman iqtisadçılarımız tərəfindən geniş şərh edilir, Azərbaycanın uğurlu gələcəyinəverəcəyi töhfələr yüksək dəyərləndirilir.
“Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi ölkə iqtisadiyyatının bərabər və dinamik inkişafına xidmət edəcək”. Bu fikirləri KİV-ə açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev bildirib. O qeyd edir ki, Azərbaycanın sosial-iqtisadi modeli unikaldır, çünki biz həmişə qarşımıza məqsəd qoyuruq və onlara çatırıq. Bu sənədlərdə həm uzunmüddətli, həm də qısamüddətli məsələlər əksini tapıb. Yol xəritələri iqtisadiyyatın bərabər və dinamik inkişafına xidmət edəcək.
Deputat onu da bildirir ki, əsas məsələ bu sənədlərdə kiçik və orta sahibkarlığın inkişafının əks olunmasıdır: “Dövlət başçısı dəfələrlə qeyd edib ki, biz kiçik və orta sahibkarlığı inkişaf etdirməliyik. Demək olar ki, bu məsələ yol xəritələrinin leytmotivini təşkil edir. Bütün inkişaf etmiş ölkələrdə - ABŞ, Almaniya, hətta Yaponiyada kiçik və orta biznesin xüsusi çəkisi ÜDM-in 50-70 faizini təşkil edir. İspaniya və Portuqaliya kimi ölkələrdə isə bu göstərici daha da yüksəkdir. Bizdə hələ ki, belə göstəricilər yoxdur. Bəli, bizdə iri şirkətlər var - Gilan Holdinq, PAŞA Holdinq, Akkord Holdinq. Bu şirkətlər uzun müddətdir ki, Asiya və Avropada investisiyalar yerləşdirir. Gilan Holdinq öz məhsulunu dünyanın 60 ölkəsinə ixrac edir”.
R.Quliyev sahibkarlığın inkişafı üçün onun təbliğatının da vacib olduğunu bildirir. O, kütləvi informasiya vasitələrində, televiziyalarda sahibkarlığa aid mövzuların işıqlandırılmasını təklif edir.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Kamran Nəbizadə ölkə Prezidenti İlham Əliyevin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Fərmanının əhəmiyyətinə münasibət bildirərkən qeyd edib ki, sözügedən sənədin Azərbaycan iqtisadiyyatının inkişaf istiqamətlərinin müəyyən edilməsində rolu böyükdür: “Hələ ilin əvvəlində cənab Prezident Azərbaycan iqtisadiyyatının gələcək illərdə inkişafı proqramını açıqlamışdı. Orada xüsusilə vurğulanır ki, qeyri-neft sektoru prioritet xarakter daşıyır. Bu gün Azərbaycanın 2017-ci il üzrə dövlət büdcəsi müzakirə olunur. Bu müzakirələr zamanı da vurğulanıb ki, gələn il Azərbaycanın sırf qeyri-neft sektorunun inkişafında gəlirlərin həcmində artım nəzərdə tutulub. Cənab Prezidentin sözügedən fərmanı büdcə müzkairələri ilə eyni vaxtda düşüb. Bu isə çox vacib əhəmiyyət kəsb edir.”
O da vurğulanır ki, Azərbaycan iqtisadiyyatının strateji yol xəritələri qeyri-neft sektorunun sürətli inkişafına təkan verəcək: “Əslində, bu sahədə 2016-cı ildə də ciddi işlər görülüb. Azərbaycanda kənd təsərrüfatı, turizm, tikinti, informasiya-komunukasiya texnologiyaları və digər qeyri-neft sahələrində xeyli inkişaf əldə olunub. Biz bütün bunların nəticəsini 2017-ci ildə daha yaxşı görə biləcəyik. Ona görə də mən büdcə müzakirələri zamanı bildirdim ki, Azərbaycanın iqtisadi inkişafına optimist olaraq baxıram. Bütün bu addımların hər biri 2017-ci ildə öz nəticələrini verəcək. Digər istehsalla bağlı sahələrdə görülən işlər isə öz nəticələrini bir-iki ilə deyil, 2018-2019-cu illərdən sonra göstərəcək.”
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev bildirir ki, Prezidentin bu Fərmanı Azərbaycan iqtisadiyyatının, ölkə əhalisinin sosial rifahının yüksəlməsinə xidmət edəcək böyük bir layihədir, proqramdır: “Sözün həqiqi mənasında bu sənədin yol xəritəsi adlandırılması konkret hədəflərin, məqsədlərin və o məqsədlərə çatmaq yolunun, zamanının müəyyənləşdirilmiş bir layihəsidir. Azərbaycan iqtisadiyyatının müxtəlif sahələri, o cümlədən strateji sahələr burada nəzərə alınıb. Bu layihənin icrası ilə Azərbaycan öz iqtisadiyyatının yeni bir dövrünə post-neft dövrünə qədəm qoyduğunu bir daha bəyan edəcək. Bu, post-neft iqtisadiyyatının qaldırılmasına xidmət edəcək bir layihə olacaq. Ümumdünya maliyyə iqtisadi böhranı, neft gəlirlərinin azalması Azərbaycanın da büdcəsinə mənfi təsir göstərib. Heç şübhəsiz ki, Azərbaycan dövlətinin bu böhran dövründən iqtisadiyyatımızın az itkilərlə çıxması üçün kifayət qədər potensialı var.”
M.Quliyev onu da qeyd edir ki, sözügedən yol xəritəsi əsas sahələrin dövlət, cənab Prezident tərəfindən nəzarət olunaraq inkişafına konseptual baxımından yardım edən layihədir: “Burada həm sahibkarlığın, kənd təsərrüfatının, nəqliyyat sisteminin, kommunikasiya, energetika sisteminin, həm də maliyyə-bank sektorunun inkişafı və s. nəzərdə tutulub. Eləcə də davamlı rəqabətqabiliyyətli qeyri-neft sektorunun məhsul istehsalı və məhsulun ixracı, yeni bazarların tapılması, Azərbaycana valyuta gətirəcək ölkə brendindən ibarət olan məhsulların inkişafı və s. burada öz əksini tapıb. Bununla belə əhalinin sosial müdafiəsinin gücləndirilməsi, aztəminatlı insanların sosial müdafiəsinin artırılması, təhsil, səhiyyə problemləri burada yeni modellər təklif olunmaqla öz əksini tapıb. Bütövlükdə bu Fərman çox uğurludur.”
Yeganə Əliyeva, “İki sahil”
Dövlətimizin başçısı İlham Əliyevin uğurlarımıza söykənərək qarşıdakı illərin prioritetlərini özündə əks etdirən fərman və sərəncamları, təsdiqlədiyi Dövlət Proqramları bir daha bu reallığı ortaya qoyur ki, ölkənin hərtərəfli inkişafı dövlət siyasətinin əsasını təşkil edir. Eyni zamanda təkmil islahatlar dövrün, zamanın tələbidir. Azərbaycanın bu tələbləri yüksək dəyərləndirərək atdığı addımlar yeni-yeni hədəflərə yol açır, inkişafın Azərbaycan modelinin mövcudluğunu bir daha təsdiqləyir.
Kəlbəcər- azadlığın, dövlətçilik iradəsinin və yeni inkişaf mərhələsinin simvolu