AMEA Qadınlar Şurasının Arxeologiya və Antropologiya İnstitutu Təşkilatının 27 Mart - Elm Günü və 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Arxeoloq qadınlar: qəhrəmanlıq nümunəsi” mövzusunda tədbiri keçirilib.
“İki sahil” xəbər verir ki, bu barədə institutdan məlumat verilib.
Tədbirdə institutun direktoru tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev Azərbaycan cəmiyyətində qadınların mühüm rolundan söz açıb, bu kontekstdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın milli maraqlara və ümumbəşəri dəyərlərə əsaslanan möhtəşəm fəaliyyətini nümunə gətirib. Məruzəçi qeyd edib ki, elmi-tədqiqat müəssisəsində işgüzar və qarşılıqlı hörmət mühitinin yaradılmasında xanım əməkdaşların rolu həlledicidir. “İnstitutumuzun xanım əməkdaşları elmi tədqiqatlarda, arxeoloji qazıntılarda, respublika və beynəlxalq elmi konfranslarda həmişə ön sıralardadır”, - deyə F.Quliyev qeyd edib.
AMEA Qadınlar Şurasının Arxeologiya və Antropologiya İnstitutu Təşkilatının sədri dosent Vəfa Mahmudova “Tarix və müasirlik konteksində qəhrəman qadınlar” mövzusunda çıxış edib. O, Azərbaycan tarixində qadınların göstərdiyi qəhrəmanlıq nümunələrindən söz açıb. “Azərbaycan elminin, xüsusilə arxeologiya və antropologiya elminin formalaşmasında və inkişafında ziyalı qadınlarımızın rolu müstəsnadır”, - deyə vurğulayan V.Mahmudova həyatını elmə fəda etmiş tanınmış mərhum arxeoloq və antropoloq xanımları misal gətirib.
Digər çıxış edənlər də arxeologiya elminin müasir dövrdə Azərbaycan xalqının keçmişinin tədqiqində əhəmiyyətdən, aparılan arxeoloji tədqiqatlardan, institutun elmi potensialında qadınların mövqeyindən danışıblar.
Sonda arxeoloq və antropoloq xanımların elmi tədqiqatlarına həsr edilmiş videoçarx nümayiş olunub.