05 mart 2026 14:29
113

Azərbaycan Universiteti Rumıniyada keçirilən beynəlxalq tədbirdə təmsil olunub

Azərbaycan Universitetinin əməkdaşları Rumıniyanın İaşi şəhərində yerləşən İaşi Apollonia Universitetinin təşkil etdiyi “Preparing the Future by Promoting Excellence” adlı XXXVI beynəlxalq konqres çərçivəsində keçirilən “Staff Week” tədbirində iştirak ediblər. “İki sahil” xəbər verir ki, tədbirdə universiteti Beynəlxalq əlaqələr şöbəsinin müdiri Elmira İsmayılova, İnformasiya-kommunikasiya texnologiyaları fakültəsinin dekanı Asif Paşayev, Riyaziyyat və informatika kafedrasının müəllimi Lalə Rəşidova təmsil ediblər.

Beynəlxalq konqresdə müxtəlif ölkələrdən ali təhsil müəssisələrinin nümayəndələri, tədqiqatçılar və akademik heyət üzvləri iştirak ediblər. Tədbir çərçivəsində iştirakçılar arasında təcrübə mübadiləsi aparılıb, ali təhsildə innovativ yanaşmalar və beynəlxalq əməkdaşlıq imkanları müzakirə olunub.

Azərbaycan Universitetinin nümayəndə heyəti “Staff Week” proqramı çərçivəsində universitet haqqında təqdimatla çıxış edib. Təqdimatda universitetin beynəlxalq əlaqələri, elmi fəaliyyəti və tədris olunan ixtisaslar barədə iştirakçılara ətraflı məlumat verilib.
Universitet əməkdaşları tədbirdə həmçinin “Süni intellekt alətlərindən istifadənin psixoloji aspektləri” mövzusunda məruzə ilə çıxış ediblər. Məruzədə süni intellekt texnologiyalarının tədris və öyrənmə prosesinə təsiri, tələbə və müəllimlərin psixoloji adaptasiyası, eləcə də rəqəmsal mühitdə etik və emosional faktorlar geniş şəkildə təhlil olunub.