“Yerə ensəm də səma şairiyəm” deyən böyük şair Hüseyn Cavidin
Qadın gülərsə şu işsiz mühitimiz güləcək,
Sürüklənən bəşəriyyət qadınla yüksələcək!
misraları duyanların, duyumluların düşüncələrinin ruhuna dönmüşdü. Bu ruh Azərbaycanda da öz bəşəri fəlsəfəsi ilə yaşadılırdı. Neçə yüz illərin o üzündə qalanları xatırlayaq, yaşanılmışların mahiyyətini yada salaq. O çağlarda – dövlətlər, dövlətlər arasında sərhədlər yaranmağa başlayanda sözü qılınc deyirdi, qılınc qurşayıb torpaqları müdafiə edənlərin sırasında qadınlar da olurdu. Tomrisi xatırlayaq. Dara kimi qana susamış qəddar bir sərkərdəni “zəbun” edən Tomris qüdrətin qadınlara da aid olduğunu tarixləşdirdi. Uzun Həsənin anası Sara xatun Şərqdə ilk diplomat qadın oldu. Onun apardığı siyasət oğlunun hakimiyyətinin ömrünü uzadırdı. Bərdə hökmdarı Nüşabə İsgəndər kimi bir fatehi dərrakəsi ilə heyrətləndirmişdi. Tuti Bikə Quba xanlığının yaşamında, siyasi həyatında, dövlətlərarası münasibətlərində düşüncəsiylə, hadisələrə ayıq və gərəkli münasibətiylə şöhrətlənmişdi. İlk yazılı ədəbi abidəmiz olan “Kitabi-Dədə Qorqud”u – tarixin 130 il əvvəllərini xatırlayaq, bu tarixi möcüzə əsərində qadınların hünərindən də söz açılır...
Tarix deyir ki, 1910-cu ildə Kopenhagendə İşçi Qadınların II Beynəlxalq Konfransı keçirilib. Almaniya Sosial Demokrat Partiyasının qadın qrupunun lideri Klara Setkin Beynəlxalq Qadınlar Gününün qeyd edilməsi ideyasını irəli sürüb...
Azərbaycanda 8 mart ilk dəfə 1917-ci ildə qeyd edilib. 1965-ci ildən keçmiş SSRİ-də 8 mart Beynəlxalq Qadınlar Günü istirahət günü elan olunub. 1975-ci il isə dünya qadınları üçün xüsusi əhəmiyyət daşıyır. Həmin ildə ilk dəfə olaraq BMT Beynəlxalq Qadınlar Gününü qeyd edib. İki il sonra isə qurumun ümumi qurultayında 8 mart - Qadın Hüquqları və Beynəlxalq Sülh Günü kimi rəsmiləşib...
Tarixi gerçəklik budur ki, Şərqdə qadınların bəşərilikdən ilk dəfə bəhrələnməsi – seçib-seçilmək hüququna malik olması Azərbaycan Xalq Cümhuriyyəti dövründə olub. Bu, qadınların həyatın fəal müstəvisində fəaliyyəti demək idi. O dövrlərdə qadınların da təhsil almasına ciddi qayğı göstərilirdi, qadınlar da mərhələlərlə təhsil alırdı. Bu təhsil onların ictimai həyatda daha fəal iştirakını təmin edirdi. Zaman keçdikcə qadınlar nəinki təhsil alırdılar, həm də elmdə, incəsənətdə, ədəbiyyatda, siyasətdə, dövlət idarəçiliyində, ... təmsil olunurdular.
Qadınların ictimai həyatda daha geniş iştirakı dövlət sənədlərində də təsbit edilirdi. Bu, öz əksini dövlətin əsas qanununda – Konstitusiyasında da tapdı. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları var. Bu proseslər də ictimai-siyasi həyatın bütün sahələrində gender siyasətinin güclənməsinə gətirib çıxarmışdır.
1995-ci ildə keçirilmiş IV Ümumdünya Qadın Konfransında Azərbaycan Pekin Bəyannaməsi və Fəaliyyət Platformasını qəbul edib. Platformanın əsas məqsədi qadınların siyasi, iqtisadi və sosial vəziyyətlərinin yaxşılaşdırılmasıdır. Pekin Bəyannaməsi və Fəaliyyət Platforması bütün dünya qadınlarının hüquqlarının qorunacağını, sülhə və gender bərabərliyinə nail olmaq üçün inkişaf proseslərində yaxından iştiraklarına mane olan amillərin aradan qaldırılacağını bəyan edib.
Bir tarixi məqamı da xatırlayaq: qadınların ictimai-siyasi fəaliyyətini təşkilatlandırmaq məqsədi ilə 1998-ci il sentyabrın 25-də Azərbaycan qadınlarının ilk qurultayı keçirildi. Qurultay qadın siyasəti baxımından tarixi hadisə oldu. Azərbaycanda milli-azadlıq hərəkatında da olduqca fəal iştirak edən Azərbaycan qadınları Azərbaycanın dövlət müstəqilliyi bərpa olunduqdan sonra da siyasi hadisələrin seyrçisi deyildi, respublikada cərəyan edən mürəkkəb ictimai-siyasi proseslərin də iştirakçısıydı, bu iştirak Azərbaycan dövlətçiliyinin müdafiəsi ilə şərtlənirdi. Azərbaycan qadınlarının mövqeyi həmişə milli dövlətçiliyin müdafiəsi olub. Bu qurultayda da məhz bu kimi mühüm məsələlər müzakirə olunmuşdu. 1998-ci ildən etibarən hər beş ildən bir Azərbaycan qadınlarının qurultayları keçirilir. Bu qurultaylar dövlət qadın siyasəti sahəsində ən əlamətdar və böyük hadisələrdən biri kimi qiymətləndirilir.
Dövlət qadın siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin konkret tövsiyələri əsasında bu gün yeni meyarlarla, daha əhatəli səviyyədə davam etdirilir.
Ölkə başçısının rəhbərliyi ilə yeni siyasi və iqtisadi sistemlə sürətlə inkişaf edən Azərbaycanda gender siyasətinin də bəşəri tələblərə cavab verməsi, qadın hüquqlarının müdafiəsi, qadınlara yaradılan imkanların genişləndirilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət siyasətində müəyyən etdiyi prioritet istiqamətlərdəndir. 2006-cı ildə qadınlarla bağlı işlərin daha mütəşəkkil və ardıcıl şəkildə aparılması, ictimai həyatın bütün sahələrində bərabər hüquqların təmin olunması sahəsində hüquqi bazanın təkmilləşdirilməsi üçün 2006-cı ildə “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında”, 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının qanunları qəbul olunub. Bu qanunların qəbul edilməsi insanların təfəkküründə yeni düşüncə tərzinin formalaşmasına təkan verərək bir çox stereotiplərin qırılmasını təmin etdi.
Azərbaycan Respublikasının dövlət müstəqilliyi bərpa olunduqdan sonra ölkədə gender bərabərliyi baxımından gərəkli işlər görülüb, normativ hüquqi baza formalaşdırılıb, institusional mexanizmlər yaradılıb. Gender amilinin ümumi siyasətə daxil edilməsi üzrə səylər qadınların kişilərlə bərabər ictimai həyatın bütün sahələrində təmsil olunmalarına imkan verir. Ölkədə son illərdə həyata keçirilən sosial-iqtisadi islahatların, əhalinin məşğulluğunun artırılması, sahibkarlığın inkişafı qadınların iqtisadi imkanlarının genişlənməsinə təkan verib, onlar arasında işsizliyin səviyyəsinin azaldılmasına səbəb olub. Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkə idmanının inkişafına böyük töhfələr verir.
Azərbaycanda qadın siyasəti Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 14 yanvar tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması, ölkənin siyasi, sosial, iqtisadi və mədəni həyatında qadınların rolunun artırılması, Azərbaycan Respublikasının 1995-ci il iyunun 30-da qoşulduğu BMT-nin “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyasından irəli gələn öhdəliklərini daha geniş miqyasda həyata keçirmək üçün 1998-ci il 14 yanvar tarixində “Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında” Sərəncam imzalanması, “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” 2000-ci il 6 mart tarixli Fərman imzalanması, 2000-ci ildə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2000-2005-ci illər üçün “Azərbaycan Respublikasında Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı”nı qəbul etməsi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il 6 fevral tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılması, və s. kimi sənədlərlə şərtlənir. Fəaliyyət Planı milli prioritetləri nəzərə alaraq, siyasəti, iqtisadiyyatı, sosial, mədəniyyət, təhsil və səhiyyə sahələrini, eləcə də qaçqın və məcburi köçkün qadınların problemlərini əhatə edir...
Azərbaycan beynəlxalq təşkilatlara, 1995-ci ildə “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” konvensiyaya, Beynəlxalq Əmək Təşkilatının (BƏT) qadın əməyi sahəsində qəbul etdiyi “Yeraltı işlərdə qadın əməyinin tətbiqi haqqında” konvensiyasına. “Bərabər əməyə görə kişilərə və qadınlara bərabər haqq verilməsi haqqında” konvensiyasına, “Analığın mühafizəsi haqqında” konvensiyalara qoşulub, müxtəlif konvensiyaları, protokolları qəbul edib, milli qanunvericilikdə qadınların hüquqları mövzusunu təkmilləşdirib.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva hərtərəfli fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəldir. Bu hərtərəfli parlaq fəaliyyət, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir. Mehriban xanım Əliyevanın humanitar layihələri ölkəmizin siyasi nüfuzunu daha da yüksəldir. Heydər Əliyev Fondu uzun illərdir ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevrilib və bu fəaliyyət hər şeydən əvvəl dünyada Azərbaycanın təqdimatı və təbliğidir. Ölkənin Birinci vitse-prezidentinin rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir. Bundan əlavə, Azərbaycan Respublikasında rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində prioritet istiqamətlərin müəyyənləşdirilməsi, milli texnoloji potensialın gücləndirilməsi, rəqəmsal suverenliyin möhkəmləndirilməsi, innovasiya əsaslı iqtisadi modelə keçidin sürətləndirilməsi, həmçinin bu sahədə dövlət siyasətinin vahid və əlaqələndirilmiş şəkildə həyata keçirilməsi məqsədilə 2026-cı il 27 fevral tarixində yaradılmış Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasına rəhbərlik də Mehriban xanım Əliyevaya həvalə edilib.
Azərbaycanda qadınlarla bağlı bütün fəaliyyət təkcə siyasi amillərlə, dövlətçilik prinsipləri ilə deyil, həm də nilli-mənəvi dəyərlər əsasında formalaşıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tövsiyələri ilə bu siyasət daha da formalaşmaqdadır...
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı
AEM: Dərmanların təqib sistemi ilə saxta və qeyri-qanuni məhsulların qarşısı alınır
Naxçıvandan daxili və xarici istiqamətlərə olan aviareyslər müvəqqəti dayandırılıb
Aptek və özəl tibb müəssisələrində pozuntuların qarşısı hüquqi tədbirlərlə alınır - ÖZƏL
“Milli Proqram”ın icrası çərçivəsində 98 mindən çox beynəlxalq təlim uğurla başa çatıb