05 mart 2026 17:20
186

Azərbaycanın suverenliyinə və mülki əhalinin təhlükəsizliyinə qarşı yönəlmiş cinayətdir

Martın 5-də İran Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisinə dron zərbəsinin endirilməsi dövlət səviyyəli bir terror aktı və beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Bu hücum sadəcə hərbi təxribat deyil, birbaşa Azərbaycanın suverenliyinə və mülki əhalinin təhlükəsizliyinə qarşı yönəlmiş cinayətdir.

İllərdir Ermənistana hərbi və logistik dəstək verən, Azərbaycanın inkişafını özü üçün “təhlükə” hesab edən Tehran rejimi, bu gün birbaşa hərbi təxribatlara əl atmaqla öz destruktiv mahiyyətini bütün dünyaya nümayiş etdirdi.  İllərdir “islam həmrəyliyi” və “mehriban qonşuluq” şüarları arxasında gizlənən molla rejimi, əslində Azərbaycanın suverenliyinə qarşı hər zaman düşmən mövqedə olduğunu bu terror aktı ilə bir daha təsdiqlədi. Regionda sülh və əməkdaşlıq üçün hər cür şərait yaratdığımız bir dövrdə, Naxçıvanı hədəf almaq İranın öz xarici siyasətindəki strateji korluğunu və dostluq anlayışındakı saxtakarlığını nümayiş etdirmiş oldu. İran tərəfi bu addımı ilə regionda sülh istəmədiyini, əksinə, gərginliyi alovlandırmaqda maraqlı olduğunu təsdiq etdi. Lakin rəsmi Tehran bir həqiqəti anlamalıdır ki, Azərbaycan 90-cı illərin əvvəllərindəki dövlət deyil. Azərbaycan dövləti heç vaxt başqa dövlətin torpağına göz tikməyib, lakin öz ərazisinə, mülki vətəndaşına və strateji obyektinə uzanan xain əlləri qırmağa hər an hazırdır. Bizim səbrimiz zəifliyimiz deyil, regionun gələcəyinə olan məsuliyyətimizdir. Lakin bu məsuliyyət hissi heç bir halda milli təhlükəsizliyimizin qurban verilməsi hesabına ola bilməz. Təcavüzkar tərəf dərk etməlidir ki, Naxçıvanın müdafiəsi təkcə ordumuzun deyil, həm də bütün türk dünyasının və sarsılmaz Azərbaycan-Türkiyə qardaşlığının polad iradəsidir.

Bu gün bizim qarşımızda duran hər bir təhdidə anında, ən müasir texnoloji vasitələrlə və misli ilə cavab verməyə qadir olan, dünyanın ən güclü orduları sırasında yer alan qüdrətli Azərbaycan Ordusu var. 44 günlük Vətən müharibəsində qazandığımız parlaq Zəfər bizim hərbi doktrinamızın nə qədər effektiv, əsgərimizin isə nə qədər rəşadətli olduğunu sübut etdi. Naxçıvanın səmalarını qoruyan hava hücumundan müdafiə sistemlərimiz, kəşfiyyat imkanlarımız və dəqiq zərbə endirən raket arsenalımız hər bir təcavüzkar üçün çəkindirici güc rolunu oynayır.

Azərbaycan tərəfi hər zaman qonşuluq münasibətlərində təmkinli və konstruktiv mövqe nümayiş etdirmişdir. Lakin 5 mart hadisəsi bütün qırmızı xətlərin keçilməsidir. Əgər rəsmi Tehran regionda həqiqətən də sabitliyin bərqərar olmasını istəyirsə, törədilmiş bu terror aktına görə tam məsuliyyət daşımalı, hadisəni törədən və ona əmr verən günahkarların ən sərt şəkildə cəzalandırılmasını təmin etməlidir. Əks təqdirdə, Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün beynəlxalq hüquq çərçivəsində bütün adekvat addımları atmaq hüququnu özündə saxlayır.

Anar Məmmədov,

Milli Məclisin deputatı