04 mart 2026-cı il tarixdə keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclası keçirilmiş, göstərmiş ki, enerji məsələsi artıq təkcə iqtisadi kateqoriya deyil, dövlətlərin təhlükəsizliyi, dayanıqlılığı və gələcək inkişafı ilə birbaşa bağlı strateji sahədir. Ölkə Prezidenti İlham Əliyevin çıxışı Azərbaycanın son on iki ildə formalaşdırdığı enerji modelinin mahiyyətini və perspektivlərini aydın şəkildə ortaya qoydu.
Ölkə rəhbəri İlham Əliyev qeyd etmişdir ki, 12 il əvvəl başlanan bu təşəbbüsün davamlılığı artıq özünü sübut edib. Bu illər ərzində dünya müxtəlif böhranlarla, müharibələrlə, enerji şokları ilə üzləşdi. Lakin bütün mürəkkəbliklərə baxmayaraq, Azərbaycan və tərəfdaşları bir sıra ölkələrin enerji təhlükəsizliyini real təminat səviyyəsinə çatdırmağı bacardı. Bildirilmişdir ki, birlikdə toplaşmaq, istehsalçı, tranzit və istehlakçı ölkələrin eyni masa arxasında oturaraq məsələləri müzakirə yolu ilə həll etməsi alternativsizdir. Qarşılıqlı maraq və qarşılıqlı fayda prinsipi Cənub Qaz Dəhlizinin əsas dayaq nöqtəsinə çevrilib.
Ölkə Prezidentinin qeyd etdiyi kimi, hazırda Azərbaycan 16 ölkəyə qaz tədarük edir və boru kəmərləri vasitəsilə qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birinci yerdədir. Artıq Avropa İttifaqının 10 üzv dövləti Azərbaycandan qaz alır. Almaniya və Avstriyaya tədarükün başlanması Avropa bazarında mövcudluğumuzu daha da möhkəmləndirib. Bununla yanaşı, qaz ixracı ilk dəfə olaraq Avropa hüdudlarından kənara çıxaraq Suriyaya çatdırılıb. 1,5 milyard kubmetr həcmində qaz tədarükü həmin ölkədə elektrik enerjisi qıtlığının azaldılmasına xidmət edir və regionda sosial-iqtisadi sabitliyə töhfə verir.
Qarşıdakı illərdə yeni-yeni hasilat mərhələləri planlaşdırılır. “Azəri-Çıraq-Günəşli” yatağının dərin qaz laylarından hasilatın başlanması, “Abşeron” yatağının tammiqyaslı işlənməsi, “Ümid” yatağının ikinci mərhələsi və 2028-ci ildə “Şahdəniz” yatağının yeni mərhələsi üzrə hasilatın startı əlavə 10–15 milyard kubmetr qaz əldə etməyə imkan verəcək.
2023-cü ildə BƏƏ-nin “Masdar” şirkəti tərəfindən 230 meqavat gücündə Günəş elektrik stansiyası inşa olunub. Cari ilin əvvəlində isə “ACWA Power” tərəfindən maliyyələşdirilən və həyata keçirilən 240 meqavat gücündə külək elektrik stansiyası istifadəyə verilib. Bir sıra layihələr icra mərhələsindədir və qarşıdakı illərdə alternativ enerji mənbələrinə əsaslanan yeni elektrik stansiyalarının açılışı olacaqdır.
Planlara əsasən, 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6–8 giqavat elektrik enerjisi əldə olunacaq. Bu, artıq memorandum səviyyəsində niyyət deyil, imzalanmış müqavilələrə əsaslanan real hədəfdir. Məqsəd daxili bazarda elektrik istehsalında təbii qazın payını azaltmaq, qazı ixrac üçün daha çox yönəltmək və artan iqtisadiyyatın – o cümlədən kommunikasiya, süni intellekt və data mərkəzləri kimi sahələrin – enerji tələbatını təmin etməkdir. Qara dənizin dibi ilə Avropaya uzanacaq enerji kabeli və Mərkəzi Asiyadan Azərbaycana gələcək enerji xətti kimi layihələr xüsusi əhəmiyyət kəsb edir.
Dövlət başçısı çıxışında mühüm bir məqama da toxundu: iqlim dəyişiklikləri ilə mübarizə vacibdir, lakin bu məsələyə ideoloji deyil, praqmatik və realist yanaşma tələb olunur. Azərbaycan 100 illik qaz ehtiyatlarına malik olsa da, paralel şəkildə bərpaolunan enerjiyə milyardlarla sərmayə yatırır. Qazıntı yanacağı ilə yaşıl enerjinin vəhdəti balanslı və məsuliyyətli yanaşmanın nümunəsidir.
Ölkəmiz eyni zamanda etibarlı tranzit ölkə rolunu gücləndirir. Qazaxıstan və Türkmənistan neftinin tranziti artır və ölkəmizin infrastrukturu Xəzərin şərq sahillərindən daha çox həcmi qəbul etməyə imkan verir. Bundan əlavə, Türkiyədə 870 meqavat gücündə elektrik stansiyasının əldə olunması, Serbiyada 500 meqavatlıq stansiyanın inşasına dair müqavilə, İtaliyada ümumi 10 milyon ton emal gücünə malik iki neftayırma müəssisəsinin alınması və Egey sahillərindəki 12 milyon tonluq müəssisə ilə birlikdə Aralıq və Egey hövzəsində 22 milyon tonluq emal potensialının formalaşması ölkəmizin enerji təhlükəsizliyinə töhfəsinin artıq regional çərçivəni aşdığını göstərir.
Bütün bunlar göstərir ki, Azərbaycan enerji siyasətində həm qaz, həm də yaşıl enerji istiqamətində paralel və balanslı inkişaf modeli qurub. Bu model qarşılıqlı etimad, şaxələndirmə və real iqtisadi hesablamalara əsaslanır.
Azərbaycan modeli enerji resurslarının səmərəli idarə olunması və tranzit imkanlarının effektiv istifadəsi baxımından region üçün nümunəvi təcrübə kimi dəyərləndirilə bilər.
Qadir İbrahimov,
Yeni Azərbaycan Partiyası Culfa rayon təşkilatının sədri
AZƏRBAYCAN XALQI ƏMİN OLMALIDIR Kİ, İSTƏNİLƏN BƏD QÜVVƏ ONLARA QARŞI BİZİM “DƏMİR YUMRUĞ”UMUZU GÖRƏCƏK
Azərbaycan ərazisi heç vaxt başqa dövlətlərə qarşı təhdid və ya təhlükə mənbəyi kimi istifadə olunmayıb