06 mart 2026 11:43
116

Mingəçevir Dövlət Universitetində regionun ən böyük su araşdırmaları laboratoriyası açılıb

Mingəçevir Dövlət Universitetində Regional Su Mükəmməlliyi və Dayanıqlılıq Laboratoriyasının açılışı münasibətilə tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdə universitetin rektoru Anar Eminov, universitetin akademik-inzibati heyət üzvləri, Fizika və ekologiya kafedrasının müəllimləri iştirak ediblər.

Tədbirdə rektor Anar Eminov yeni laboratoriyanın fəaliyyətə başlamasının MDU-da su resurslarının elmi əsaslarla öyrənilməsi, suyun keyfiyyət göstəricilərinin daha dəqiq monitorinqi və region üçün aktual olan su məsələlərinə praktik həllərin hazırlanması baxımından mühüm addım olduğu vurğulayıb. Laboratoriyanın universitetin tədqiqat potensialını gücləndirdiyi, həmçinin su təhlükəsizliyi və ekoloji rifahla bağlı maarifləndirici və tətbiqi təşəbbüslər üçün yeni imkanlar açdığı bildirilib.

Laboratoriyada su analizlərinin aparılması və müxtəlif analiz nəticələrinin əldə edilməsi üçün müasir avadanlıq və alətlər yerləşdirilib. Bu çərçivədə suyun fiziki-kimyəvi göstəricilərinin (pH, temperatur, elektrik keçiriciliyi, sərtlik, bulanıqlıq və s.), eləcə də əsas tərkib elementlərinin (məsələn, nitratlar, fosfatlar, xloridlər və digər indikatorlar) müəyyənləşdirilməsinə imkan verən ölçmə və analiz cihazlarından istifadə nəzərdə tutulur. Bununla yanaşı, nümunələrin götürülməsi və hazırlanması (filtrasiya, saxlanma, təhlükəsiz işləmə prosedurları) üçün zəruri laboratoriya infrastrukturu yaradılıb. Yeni laboratoriya MDU-nun müəllimlərinə və tədqiqatçılarına su və ətraf mühitlə bağlı mövzular üzrə elmi araşdırmalarını daha sistemli şəkildə aparmağa, tələbələrə isə müvafiq ixtisas fənlərini real laboratoriya mühitində, tətbiqi bacarıqlarla mənimsəməyə şərait yaradacaq. Eyni zamanda, regionda su ilə bağlı laboratoriya araşdırmalarının genişləndirilməsi üçün imkanların formalaşdırılması laboratoriyanın əsas fəaliyyət istiqamətlərindən olacaq.

Qeyd edək ki, Regional Su Mükəmməlliyi və Dayanıqlılıq Laboratoriyası suyun keyfiyyətinin qorunması, resurslardan səmərəli istifadə, ekoloji risklərin vaxtında müəyyənləşdirilməsi və dayanıqlı yanaşmaların elmi əsaslarla təşviqi baxımından universitet–cəmiyyət əməkdaşlığını gücləndirən yeni bir elmi-tətbiqi platforma kimi fəaliyyət göstərəcək.