06 mart 2026 12:29
195

8 Mart – Beynəlxalq Qadınlar Günü: Azərbaycan qadınının cəmiyyətdə rolu və dövlət qadın siyasətinin inkişafı

8 Mart – Beynəlxalq Qadınlar Günü dünyada qadınların hüquqlarının müdafiəsi, onların cəmiyyətin inkişafındakı rolunun qiymətləndirilməsi və gender bərabərliyi ideyalarının təşviqi baxımından mühüm əhəmiyyət kəsb edən tarixdir. Bu gün təkcə bayram kimi deyil, həm də qadınların sosial, siyasi və iqtisadi həyatda qazandıqları mövqenin dəyərləndirildiyi, onların hüquq və imkanlarının genişləndirilməsi istiqamətində aparılan siyasətin diqqət mərkəzinə gətirildiyi bir gündür.

Azərbaycan cəmiyyətində qadına münasibət hər zaman xüsusi hörmət və ehtiram üzərində qurulmuşdur. Qadın ailənin mənəvi dayağı, cəmiyyətin inkişafına istiqamət verən mühüm sosial institutlardan biri kimi qəbul edilir. Azərbaycan qadını tarix boyu təkcə ailə dəyərlərinin qoruyucusu deyil, həm də milli kimliyin, mədəniyyətin və mənəvi irsin daşıyıcısı olmuşdur.

Tarixə nəzər saldıqda görmək mümkündür ki, Azərbaycan qadını müxtəlif dövrlərdə ölkənin ictimai həyatında fəal rol oynamışdır. XX əsrin əvvəllərində yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti qadın hüquqları sahəsində mühüm addımlar ataraq qadınlara seçmək və seçilmək hüququ vermişdir. Bu qərar həmin dövr üçün təkcə regionda deyil, bir çox inkişaf etmiş ölkələr üçün belə mühüm və irəliyə doğru atılmış addım idi. Bu fakt Azərbaycan cəmiyyətində qadın hüquqlarına və onların ictimai həyatdakı roluna verilən yüksək dəyərin bariz nümunəsidir.

Lakin müasir Azərbaycan dövlətində qadın siyasətinin sistemli və məqsədyönlü şəkildə formalaşdırılması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər dövlət idarəçiliyində qadın faktorunun gücləndirilməsini cəmiyyətin inkişafının vacib şərtlərindən biri hesab edirdi. Onun siyasi baxışlarına görə, qadınların ictimai həyatda fəallığı dövlətin demokratik inkişafının və sosial tərəqqisinin mühüm göstəricilərindən biridir.

Ümummilli Lider Heydər Əliyev ölkədə qadın siyasətinin əsasını qoymuşdur. Onun rəhbərliyi dövründə qadınların hüquqlarının qorunması, gender bərabərliyinin təmin olunması və qadınların dövlət idarəçiliyində təmsilçiliyinin artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir. Məhz Heydər Əliyevin təşəbbüsü ilə qadın məsələləri dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilmiş, bu sahədə institusional mexanizmlər yaradılmışdır.

1998-ci ildə Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması, qadınların hüquqlarının müdafiəsi ilə bağlı müxtəlif dövlət proqramlarının qəbul edilməsi və qadınların ictimai-siyasi həyatda iştirakının genişləndirilməsi bu siyasətin real nəticələri kimi qiymətləndirilir. Ulu Öndər dəfələrlə qeyd edirdi ki, Azərbaycan qadını öz zəhməti, müdrikliyi və vətənə sədaqəti ilə cəmiyyətin inkişafında mühüm rol oynayır.

Heydər Əliyevin müəyyən etdiyi strateji xətt nəticəsində qadınların dövlət quruculuğu prosesində iştirakı genişlənmiş, onlar elm, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə mühüm mövqelər tutmağa başlamışlar. Bu siyasət Azərbaycan qadınının potensialının üzə çıxmasına və onun ictimai həyatın fəal iştirakçısına çevrilməsinə geniş imkanlar yaratmışdır.

Bu gün həmin siyasi kurs müasir Azərbaycan dövlətinin rəhbəri Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət qadın siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən yeni meyarlarla zənginləşdirilərək yüksək səviyyədə davam etdirilir. Dövlət başçısının həyata keçirdiyi sosial və institusional islahatlar qadınların cəmiyyətin bütün sahələrində rolunun gücləndirilməsinə xidmət edir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət qadınların sosial müdafiəsinin gücləndirilməsini, onların iqtisadi fəallığının artırılmasını və dövlət idarəçiliyində iştirakının genişləndirilməsini nəzərdə tutur. Müxtəlif dövlət proqramları və sosial layihələr qadınların məşğulluq imkanlarının artırılmasına, sahibkarlıq fəaliyyətinə cəlb olunmasına və onların peşəkar inkişafına geniş şərait yaradır.

Bu gün Azərbaycanda qadınlar parlamentdə, dövlət strukturlarında, beynəlxalq təşkilatlarda, elmi müəssisələrdə və biznes sektorunda uğurla fəaliyyət göstərirlər. Onların əldə etdiyi nailiyyətlər ölkənin sosial-iqtisadi inkişafının mühüm göstəricilərindən biridir.

Müasir Azərbaycan qadınının cəmiyyətdə artan rolundan danışarkən Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyətini də xüsusi qeyd etmək lazımdır. Onun təşəbbüsü ilə həyata keçirilən sosial, humanitar və mədəni layihələr ölkədə humanizm və sosial həmrəylik prinsiplərinin möhkəmlənməsinə mühüm töhfə verir. Mehriban Əliyevanın fəaliyyəti qadınların ictimai həyatdakı rolunun güclənməsi baxımından da mühüm əhəmiyyət daşıyır.

Azərbaycan qadınları yalnız sosial və iqtisadi sahələrdə deyil, həm də ölkənin ən çətin dövrlərində göstərdikləri fədakarlıqla seçilirlər. Vətən müharibəsi dövründə qadınlar həm tibb işçisi, həm könüllü, həm də hərbçi kimi önəmli missiya yerinə yetirmişlər. Şəhid anaları və qazı ailələrinin üzvləri isə xalqımızın mənəvi gücünün və vətənə bağlılığının rəmzinə çevrilmişdir.

Bütün bunlar göstərir ki, Azərbaycan qadını yalnız ailə institutunun dayağı deyil, həm də dövlətin inkişafına təsir göstərən mühüm ictimai qüvvədir. Onun fəaliyyəti cəmiyyətin mənəvi dayaqlarının möhkəmlənməsinə, sosial sabitliyin qorunmasına və milli dəyərlərin yaşadılmasına xidmət edir.

8 Mart – Beynəlxalq Qadınlar Günü məhz bu dəyərlərin ifadəsi kimi qeyd olunur. Bu gün Azərbaycan qadınının zəhmətinə, fədakarlığına və cəmiyyətin inkişafındakı roluna göstərilən hörmətin rəmzidir.

Əminliklə demək olar ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlət qadın siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir və yeni məzmunla zənginləşdirilir. Bu siyasət Azərbaycan qadınlarının cəmiyyətin bütün sahələrində daha fəal iştirak etməsinə imkan yaradır və onların potensialının reallaşmasına geniş şərait formalaşdırır.

Azərbaycan qadını öz zəhməti, biliyi və vətənə bağlılığı ilə bundan sonra da ölkənin inkişafına, dövlətçiliyimizin möhkəmlənməsinə və milli dəyərlərimizin qorunmasına mühüm töhfələr verməyə davam edəcəkdir. 8 Mart isə bu hörmətin və ehtiramın ifadəsi kimi hər zaman xüsusi mənəvi dəyərə malik olacaqdır

 

Arifə Abdullayeva,

YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi