06 mart 2026 12:56
177

“Ulu Öndərin irsi – Vətənə və xalqa xidmət nümunəsi” layihəsi çərçivəsində Hacıqabul və Şirvanda tədbirlər keçirilib

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə Gənclərin İnkişaf və Tərəqqisinə Dəstək İctimai Birliyinin təşkilatçılığı, Yeni Azərbaycan Partiyası Hacıqabul rayon təşkilatının tərəfdaşlığı ilə “Ulu Öndərin irsi – Vətənə və xalqa xidmət nümunəsi” adlı layihə çərçivəsində Hacıqabul rayonunda və Şirvan şəhərində intellektual oyun və seminarlar keçirilib.

“İki sahil” xəbər verir ki,  layihənin əsas məqsədi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin zəngin dövlətçilik irsinin gənclər arasında təbliği, onun Vətənə və xalqa xidmət prinsiplərinin gənc nəslə çatdırılması, həmçinin gənclərin milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsidir.

Layihə çərçivəsində təşkil olunan tədbirlərdə ümumilikdə 150 nəfərdən çox gənc iştirak edib. Tədbirdə çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, müstəqilliyin qorunması və ölkənin inkişafı istiqamətində həyata keçirdiyi siyasətdən və onun zəngin siyasi irsindən bəhs ediblər.

Seminar zamanı iştirakçılarla fikir mübadiləsi aparılıb, gəncləri maraqlandıran suallar cavablandırılıb və layihənin məqsəd və vəzifələri haqqında geniş məlumat verilib. Qeyd olunub ki, bu cür maarifləndirici tədbirlər gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə və onların ictimai fəallığının artırılmasına mühüm töhfə verir.

Tədbirin sonunda iştirakçılar üçün çay-kofe fasiləsi təşkil olunub, qeyri-rəsmi mühitdə müzakirələr davam etdirilib və xatirə şəkilləri çəkdirilib.