06 mart 2026 13:05
206

Azərbaycan qadını həm ailə dəyərlərinin mühafizəçisi, həm də dövlətçiliyimizin sarsılmaz dayağıdır

Şərqdə qadına seçmək və seçilmək hüququnu ilk dəfə bəxş edən bir millətin övladları olaraq, Azərbaycan qadını tarix boyu həm zərifliyin, həm də sarsılmaz iradənin simvolu olmuşdur. Sürətlə maariflənən qadınlarımız yüz illərdən bəri formalaşmış milli dəyərlərə sadiq qalmaqla ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı olmuşlar. Onlar müasir dövrün çağırışlarına açıq olmaqla yanaşı, öz köklərinə — ailə müqəddəsliyinə, adət-ənənələrimizə olan bağlılıqlarını hər zaman qoruyub saxlayırlar. Bu vəhdət, Azərbaycan qadınını həm zərif bir ana, həm də cəmiyyətin intellektual simasına çevirən əsas amildir.

Ulu Öndər hər zaman qadın şəxsiyyətinə böyük hörmətlə yanaşmış, onların potensialının dövlət quruculuğuna cəlb edilməsini strateji vəzifə hesab etmişdir. Məhz onun uzaqgörənliyi sayəsində qadınlarımızın ictimai-siyasi fəallığı üçün geniş hüquqi baza yaradılmış, onların dövlət idarəçiliyində təmsilçiliyi stimullaşdırılmışdır. Ümummilli Liderin 1998-ci ildə imzaladığı “Azərbaycanda qadınların rolunun artırılması haqqında” Sərəncam və qadın siyasəti üzrə dövlət komitəsinin yaradılması bu istiqamətdə atılan inqilabi addımlar idi. Bu gün həmin uzaqgörən xətt Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Cənab Prezidentin qətiyyətli iradəsi nəticəsində qadınların cəmiyyətdəki rolu intellektual potensialın reallaşdırılması və idarəetmədə iştirakın genişləndirilməsi ilə yeni mərhələyə qədəm qoymuşdur. Bu siyasətin mərkəzində qadın hüquqlarının təmin olunması ilə yanaşı, həm də onların iqtisadi müstəqilliyinin artırılması, gender bərabərliyinin qorunması və ailə institutunun möhkəmləndirilməsi dayanır. Azərbaycan qadını artıq sadəcə ailə ocağının qoruyucusu deyil, həm də qərar qəbul edən orqanlarda, parlamentdə, diplomatik korpuslarda və beynəlxalq arenalarda söz sahibi olan nüfuzlu bir simadır.

Azərbaycan qadınının böyüklüyü təkcə onun idarəçilik qabiliyyəti ilə deyil, həm də vətənpərvər nəsil yetişdirmək missiyası ilə ölçülür. 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfər, həm də Azərbaycan anasının mənəvi qələbəsidir. Ulu Öndərin “Qadın xalqın rəmzidir, mənəviyyatıdır” kəlamı müasir dövrümüzdə şəhid analarının metanətində, qazi xanımlarının fədakarlığında öz real təcəssümünü tapmışdır. Övladını Vətən naminə canından keçməyə hazırlayan, “Vətən sağ olsun!” deyərək dik duran Azərbaycan qadını milli kimliyimizin ən möhkəm qalasıdır. Bu gün işğaldan azad edilmiş torpaqlarımıza — Qarabağa və Şərqi Zəngəzura həyatın yenidən qayıtmasında, mədəni irsimizin bərpasında qadınlarımızın rolu əvəzsizdir.

Müasir Azərbaycan qadını artıq rəqəmsal dünyanın və innovativ iqtisadiyyatın da aparıcı qüvvəsidir. Dövlətin yaratdığı geniş imkanlar sayəsində qadın sahibkarlığı keyfiyyətcə yeni mərhələyə yüksəlmişdir. Bu gün paytaxt Bakıdan tutmuş ucqar kəndlərə qədər qadınlar iqtisadiyyatın müxtəlif sahələrində uğur qazanır, yeni iş yerləri yaradır və ölkənin qeyri-neft sektorunun inkişafına birbaşa töhfə verirlər. Elm və təhsil sahəsindəki nailiyyətlər isə göstərir ki, intellektual Azərbaycan qadını gələcəyin texnoloji çağırışlarına tam hazırdır. Onlar süni intellektdən tutmuş kosmik sənayeyə qədər ən mürəkkəb sahələrdə öz sözlərini deyirlər.

Bu gün Azərbaycan qadınının beynəlxalq aləmdəki ən yüksək və nüfuzlu siması, şübhəsiz ki, ölkənin Birinci vitse-prezidenti və “yumşaq güc”ün rəmzi olan hörmətli Mehriban xanım Əliyevadır. Onun rəhbərliyi ilə həyata keçirilən humanitar, mədəni və sosial layihələr Azərbaycan qadınının mərhəmətini, intellektini və təşkilatçılıq qabiliyyətini dünyaya nümayiş etdirir. Mehriban xanımın fəaliyyəti Azərbaycan qadınının həm milli dəyərlərə sadiqliyinin, həm də müasir dünyanın çağırışlarına hazır olmasının əyani sübutudur. Mehriban xanımın timsalında Azərbaycan qadını üçün müasirlik milli köklərdən qopmaq deyil, əksinə, həmin köklər üzərində yüksəlməkdir. Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu və Prezident İlham Əliyevin zirvəyə daşıdığı dövlət qadın siyasəti, bu gün qadınlarımızı cəmiyyətin bütün sferalarında “Dəmir Yumruq” qədər möhkəm, ipək qədər zərif bir gücə çevirmişdir. Bu gün fəxrlə deyə bilərik ki, Azərbaycan qadını həm ailə dəyərlərinin mühafizəçisi, həm də dövlətçiliyimizin sarsılmaz dayağıdır. Onun zəkası, mərhəməti və əzmi Azərbaycanın gələcək uğurlarının ən böyük zəmanətidir.

Anar MƏMMƏDOV

Milli Məclisin deputatı