06 mart 2026 13:15
151

Azərbaycan qadını: milli dəyərlərin qoruyucusu və dövlətimizin tərəqqisinin aparıcı qüvvəsi

Qadın cəmiyyətin mənəvi dayağı, ailə institutunun əsas sütunu və dövlətin sosial inkişafında mühüm rol oynayan aparıcı qüvvələrdən biridir. Tarixin bütün dövrlərində qadınlar yalnız ailənin qoruyucusu kimi deyil, həm də ictimai tərəqqinin, mədəni inkişafın və milli dəyərlərin yaşadılmasının əsas daşıyıcıları olmuşlar. Onların zəhməti, müdrikliyi və fədakarlığı cəmiyyətin davamlı inkişafına, gələcək nəsillərin sağlam mənəvi ruhda formalaşmasına mühüm töhfə verir. Müasir dövrdə qadınların hüquq və azadlıqlarının qorunması, onların ictimai-siyasi, iqtisadi və mədəni həyatda fəal iştirakının təmin olunması hər bir demokratik dövlətin prioritet istiqamətlərindən biridir. Bu baxımdan qadınların cəmiyyətdəki rolunun dəyərləndirilməsi və onların hüquqlarının müdafiəsi beynəlxalq miqyasda da xüsusi əhəmiyyət kəsb edir.

8 Mart - Beynəlxalq Qadınlar Günü dünyada qadınların hüquq və azadlıqlarının müdafiəsi, onların cəmiyyətin inkişafındakı rolunun dəyərləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Bu gün təkcə qadınlara ehtiram və minnətdarlıq ifadə olunan bayram deyil, həm də qadınların sosial, iqtisadi və siyasi həyatda bərabər iştirakının təmin edilməsinin vacibliyini bir daha xatırladan əlamətdar tarixdir. Azərbaycan cəmiyyətində qadınlara hörmət və ehtiram əsrlər boyu formalaşmış milli-mənəvi dəyərlərin ayrılmaz hissəsi olmuşdur.

Azərbaycan tarixinin müxtəlif mərhələlərində qadınlar yalnız ailə institutunun qoruyucusu kimi deyil, həm də ictimai-siyasi, mədəni və elmi həyatın fəal iştirakçıları kimi çıxış etmişlər. Onların dövlətçilik ənənələrinin qorunmasında, milli kimliyin yaşadılmasında və gələcək nəsillərin formalaşmasında mühüm xidmətləri olmuşdur. Azərbaycan qadını tarix boyu müdrikliyi, mərdliyi, sədaqəti və vətənpərvərliyi ilə seçilmiş, xalqın mənəvi dayaqlarından birinə çevrilmişdir.

Azərbaycan qadınlarının hüquqlarının təmin olunması sahəsində ölkəmiz Şərq dünyasında öncül mövqedə olmuşdur. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə qadınlara seçmək və seçilmək hüququ verilməsi bu sahədə mühüm tarixi hadisə idi. Bununla da Azərbaycan qadınları Şərqdə ilk dəfə olaraq siyasi hüquqlar əldə etmiş, demokratik dəyərlərin inkişafına töhfə vermişlər. Bu qərar qadınların cəmiyyət həyatında daha fəal iştirak etməsinə, onların ictimai nüfuzunun artmasına mühüm zəmin yaratmışdır.

Sürətlə maariflənən Azərbaycan qadınları yüz illər boyu formalaşmış milli dəyərlərə sadiq qalmaqla ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı olmuşlar. Onlar ailədə milli-mənəvi dəyərlərin qorunmasına, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına, milli kimliyin gələcək nəsillərə ötürülməsinə böyük töhfə vermişlər.

Müstəqillik dövründə Azərbaycanda qadın siyasətinin formalaşması və inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun rəhbərliyi ilə qadın hüquqlarının qorunması, gender bərabərliyinin təmin edilməsi və qadınların ictimai-siyasi həyatda fəallığının artırılması dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilmişdir. Ümummilli Lider tərəfindən həyata keçirilən ardıcıl siyasət nəticəsində qadın hüquqlarının hüquqi əsasları daha da möhkəmləndirilmiş, qadınların dövlət idarəçiliyində və cəmiyyət həyatında rolu artmışdır.

1998-ci ildə Azərbaycan qadınlarının ilk qurultayının keçirilməsi qadın hərəkatının inkişafı baxımından mühüm mərhələ olmuşdur. Bu qurultay qadınların hüquqlarının müdafiəsi, onların ictimai həyatda rolunun artırılması və gender bərabərliyinin təmin olunması istiqamətində yeni mərhələnin başlanğıcını qoymuşdur.

Azərbaycanda 8 Mart - Beynəlxalq Qadınlar Günü rəsmi bayram kimi qeyd olunur və dövlət səviyyəsində qadınların əməyinə və xidmətlərinə yüksək qiymət verilir. Bu gün qadınların cəmiyyətin bütün sahələrində qazandıqları uğurların qeyd edildiyi, onların fədakarlığının və zəhmətinin yüksək qiymətləndirildiyi əlamətdar gündür.

Bu gün Azərbaycanda dövlət qadın siyasəti Prezident İlham Əliyev tərəfindən yeni meyarlarla zənginləşdirilərək yüksək səviyyədə davam etdirilir. Ölkəmizdə gender bərabərliyinin təmin olunması, qadın hüquqlarının müdafiəsi və qadınların sosial-iqtisadi həyatda rolunun artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Qadın hüquqlarının qorunması dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilmişdir.

Bu siyasətin həyata keçirilməsində ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Onun təşəbbüsü ilə həyata keçirilən humanitar və sosial layihələr, mədəniyyətin və milli dəyərlərin təbliği istiqamətində görülən işlər Azərbaycan qadınının humanizm, mərhəmət və xeyirxahlıq ənənələrini dünyaya nümayiş etdirir. Mehriban xanım Əliyeva həm də Azərbaycanın beynəlxalq imicinin möhkəmlənməsində və ölkəmizin “yumşaq güc” siyasətinin formalaşmasında mühüm rol oynayır.

Bu gün Azərbaycan qadınları fəal vətəndaşlıq mövqeyi nümayiş etdirərək dövlət quruculuğu prosesində, ictimai-siyasi həyatda, elm, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə böyük uğurlar qazanırlar. Onların fəaliyyəti artıq cəmiyyət həyatının bütün sahələrini əhatə edir və ölkənin inkişafına mühüm töhfə verir.

Azərbaycan qadınının ölkənin tərəqqisində danılmaz payı vardır. Qadınlarımız həm ailə dəyərlərinin qoruyucusu, həm də cəmiyyətin inkişafına töhfə verən güclü və fəal fərdlər kimi ölkəmizin gələcəyinin qurulmasında mühüm rol oynayırlar. Onların zəhməti, fədakarlığı və vətənə bağlılığı Azərbaycanın davamlı inkişafının və güclü dövlət quruculuğunun əsas dayaqlarından biridir.

8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə bütün Azərbaycan qadınlarını səmimi-qəlbdən təbrik edir, onlara möhkəm cansağlığı, xoşbəxtlik və fəaliyyətlərində yeni uğurlar arzulayıram. Qoy Azərbaycan qadınının mərhəməti, müdrikliyi və gücü ölkəmizin inkişafına bundan sonra da öz töhfəsini versin.

Siyavuş Novruzov,
Milli Məclisin Regional məsələlər komitəsinin sədri