06 mart 2026 13:41
1110

"Şəhərsalma və Memarlıq ili" çərçivəsində 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə dəyirmi masa keçirilib

YAP Kürdəmir rayon təşkilatında  "Şəhərsalma və Memarlıq ili" çərçivəsində 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə  dəyirmi masa keçirilib. Tədbirdə  rayon təşkilatının sədri Ayaz Cəbrayılov və rayon təşkilatının  qadın fəalları  iştirak ediblər.

      “İki sahil” xəbər verir ki,     tədbirə başlamazdan öncə  müasir müstəqil Azərbaycan dövlətinin banisi, Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi   bir dəqiqəlik sükutla yad edilib.

          Tədbirdə çıxış edən YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov  əlamətdar gün münasibəti ilə qadınları təbrik edərək, onlara şəxsi həyatlarında xoşbəxtlik və işlərində müvəffəqiyyətlər arzulayıb. Ayaz Cəbrayılov 8 martın yaranma tarixindən məlumat vermişdir. O bildirib ki ,  Azərbaycan qadını hər zaman cəmiyyətimizin əsas aparıcı qüvvəsi olaraq bir xalq kimi formalaşmağımızda, tariximizin zənginləşməsində müstəsna rol oynayıb. Qadın cəmiyyətdə böyük rolu olan müstəsna varlıqdır. Onlar nə qədər vətənpərvər, iradəli, fədakar və aktivdilərsə gələcəyimiz də bir o qədər inkişaf etmiş olar. Hər bir dövlətin, xalqın inkişafı üçün həmişə hərəkətverici qüvvəyə ehtiyac olub və qadınlar belə bir məsuliyyətindən öhdəsindən ləyaqətlə gəliblər.     

       Ölkəmizdə dövlət səviyyəsində qadın siyasətinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndər Heydər Əliyev  qadın şəxsiyyətinə daim böyük hörmətlə yanaşmış, onların ictimai-siyasi sahədə rolunun artırılması istiqamətində mühüm addımlar atmış, əsasən idarəçilik sisteməndə qadınların irəli çəkilməsini, onların fəaliyyətinin yüksək səviyyədə qiymətləndirilməsini həmişə diqqətdə saxlamışdır. Ulu Öndər Heydər Əliyev istər sovet hakimiyyəti, istərsə də müstəqillik dövründə milli qadın hərəkatının formalaşması, genişlənərək institutlaşması üçün böyük işlər görüb. 1998-ci ilin 14-15 sentyabrında Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi, Qadın Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə müstəqil Azərbaycan qadınlarının I Qurultayı keçirildi. Qurultayda respublikanın bütün şəhər və rayonlarından 2 mindən artıq nümayəndə iştirak edirdi.    Ulu Öndərin 6 mart 2000-ci il tarixdə imzaladığı “Azərbaycan Respublikasında Dövlət Qadın Siyasətinin həyata keçirilməsi haqqında”  Fərman respublika qadınlarına 8 Mart bayramı qabağı önəmli hədiyyə oldu. Fərmanda Azərbaycan Respublikasının bütün dövlət qurumlarında fəaliyyət növü nəzərə alınmaqla qadınların rəhbərlik səviyyəsində kişilərlə bərabər təmsil olunması, Nazirlər Kabinetinə ölkədə gedən iqtisadi islahatlar çərçivəsində həyata keçirilən işlərdə gender siyasəti tələblərini rəhbər tutaraq qadınlar üçün kişilərlə bərabər imkanlar yaradılması və bu kimi mühüm tapşırıqlar öz əksini tapmışdır. Bütün bunlar  ölkədə qadın siyasətinin daha da güclənməsinə gətirib çıxartmışdı.

       Ulu Öndər Heydər Əliyev ideyalarının Prezident İlham Əliyev tərəfindən uğur və qətiyyətlə davam etdirilməsi sayəsində Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artdı. Qadın hüquqlarının müdafiəsi, onlar üçün yaradılan bütün imkanların daha da genişləndirilməsi Prezident İlham Əliyevin dövlət siyasətində müəyyən etdiyi prioritet istiqamətlərdən biridir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva öz zəngin fəaliyyəti ilə Azərbaycan qadınının müsbət imicini formalaşdırıb. O, ölkəmizlə yanaşı, dünya səviyyəsində də gördüyü nəcib və humanist əməllərlə Azərbaycanı bütün dünyada ləyaqətlə təmsil edir, xeyirxah işləri ilə Azərbaycan qadını adını yüksəklərə qaldırır.

     Tədbirdə çıxış edən qadınlar ölkədə həyata keçirilən siyasətə və uğurlu inkişafa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

      Daha sonra rayon təşkilatının ictimai-siyasi həyatında  yaxından iştirak edən bir qrup fəal qadınlara Fəxri Fərmanlar, gül buketləri və hədiyyələr təqdim olunub.